Mühasibatlıq təhsilinə sahib şəxslərin işlə təminat problemləri

posted in: Xəbər | 0

Mühasibatlıq sahəsində yeni vakansiyalar olmasına baxmayaraq, bu sahədə təhsil alan şəxslərin bir qismi iş tapmaqda çətinlik çəkir. Hətta beynəlxalq səviyyədə tanınan sertifikatlara malik olduqları halda belə, iş tapmaqda problem yaşayanları az deyil. Bəs bunun səbəbi nədir?

Accounting.Az konsaltinq şirkətinin direktoru Ramin Ramazanov son illərdə mühasibatlıq sahəsində təhsil alan tələbələrin iş tapmaqda qarşılaşdığı çətinliklərlə bağlı danışıb:

“Nəzəri biliklərin kifayət qədər olmaması, riyazi və analitik bacarıqların ya zəif olması, ya da ümumiyyətlə olmaması, həmçinin dərs deyən müəllimlərin biliklərinin yalnız nəzəriyyə ilə məhdudlaşması kimi amillər bir çox sahədə inkişafı çətinləşdirir. Bu vəziyyət tələbələrin praktiki bacarıqlarını inkişaf etdirməsinə, problemlərin həllinə yaradıcı yanaşmasına və müasir əmək bazarının tələblərinə cavab verməsinə mane ola bilər”.

R.Ramazanovun sözlərinə görə, təcrübə tələb edən fənlərin tədris planlarına əlavə edilməsi, tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına şərait yaradar:

“Məsələn, bəyannamə və hesabatların hazırlanması, mühasibat kargüzarlığı və digər praktik biliklər. Bu istiqamətdə, universitetlərdə dərs demək üçün baş mühasiblər və sahə üzrə təcrübəli mütəxəssislərin müəllim kimi cəlb edilməsi, həm nəzəri biliklərin, həm də real iş təcrübəsinin tələbələrə ötürülməsi baxımından vacib addımdır. Belə bir yanaşma, həm tələbələrin inkişafına töhfə verər, həm də iş dünyası ilə akademik təhsil arasında güclü körpü yaradılmasına səbəb olar”.

Mənbə: valyuta.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

İşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı?

posted in: Xəbər | 0

İşlədiyim müəssisədə yemək xərcinin əvəzi (5 manat) birbaşa işçilərə ödənilir. Ödənilmiş məbləğlər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Normaları və Qaydası”nın 2.1.3-cü bəndinə əsasən gəlirdən çıxılan xərclərə aid edilir. Bəs işçilərə ödənilən 5 manat yemək xərcinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda – ödənilən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub.

Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin, yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Nəzərinizə çatdırırıq ki, norma daxilində ödənilən yemək xərcləri işçinin gəliri hesab edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 119-cu maddələri, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı

Mənbə: vergiler.az

Malların alış aktları ilə bağlı nələr dəyişdi?

Video: “Debitor və kreditor borcların izlənməsi və idarə edilməsi – Ümidsiz borclar”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Debitor və kreditor borcların izlənməsi və idarə edilməsi – Ümidsiz borclar” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Şahin Qurbanov 2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “SAPPORT MMC”də maliyyə meneceri, Azərbaycan İnvestisiya Holdinqi publik hüquqi şəxs mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri olaraq çalışır.

Daha öncə “Caspian Rail MMC”, “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəffəqiyyətlə vermişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Əlaqə:

Bəzi kateqoriyalardan olan şəxslər üçün məzuniyyətə görə kompensasiyanın hesablanması

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri ilə müəyyən edilmiş şəxslərin əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması aktual olaraq qalır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüb.

Əmək Məcəlləsinin 118-ci maddəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən olunub. Həmin maddəyə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.

Əmək Məcəlləsinin 119-cu maddəsində fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri müəyyən edilib. Həmin maddəyə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Həmçinin, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

Əmək Məcəlləsinin 120-ci maddəsində Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti müəyyən edilib. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Əmək Məcəlləsinin 121-ci maddəsinə əsasən, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.

Göründüyü kimi, yuxarıda sadalanan bütün maddələrdə əsas məzuniyyət deyil, əmək məzuniyyəti qeyd edilib. Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapıb.

Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib.

Sual doğuran əsas məqam ondan ibarətdir ki, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilir, yoxsa yox?

Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin ikinci və üçüncü hissələrinə nəzər yetirək:

“2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:”

Deməli, qeyd edilən maddəyə əsasən, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müvafiq olaraq, Məcəllənin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik.

Həmçinin, 3 mart 2006-cı il tarixli 77-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilmiş “Məzuniyyətin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar” adlanan Əmək Məcəlləsinin 135-ci maddəsində də əsas məzuniyyətin 21 və ya 30 təqvim günü olması öz təsdiqini tapıb. Maddədə bu şəkildə qeyd edilib:

Bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır.

Qeyd edim ki, həmin maddəyə dəyişiklik edilməsinin əsas məqsədi məzuniyyətlərin kompensasiya olunmasının əlavə edilməsi idi.

Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət günləri həmin şəxslərin əsas məzuniyyətinin deyil, əmək məzuniyyətinin müddətidir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan, müəllimlərin əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki Əmək Məcəlləsinin müvafiq maddələri ilə (118, 119, 120 və 121) müəyyən edilmiş məzuniyyət onların əsas məzuniyyəti yox, əmək məzuniyyəti hesab edilir. Əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətə görə kompensasiyanın verilməsi nəzərdə tutulduğundan, onlara müvafiq maddələrdə müəyyən edilmiş formada əmək məzuniyyətinə görə deyil, 30 təqvim gününə (əsas məzuniyyətə) görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

1 235 236 237 238 239 240 241 2. 396