Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı sentyabr ayına nisbətən 301 min ədəd artaraq 19,46 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7 faiz, kredit kartları üzrə 3,2 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64 faizini təşkil edib.

Mənbə: vergiler.az

Bəyannamələrin verilməsi könüllü vergi ödəməni təşviq edir

Malların alış aktları ilə bağlı nələr dəyişdi?

posted in: Xəbər | 0

Vergi orqanında uçota durmayan (VÖEN-i mövcud olmayan) fiziki şəxslərdən mallar alınan zaman elekton alış aktının tərtib edilməsi Vergi Məcəlləsinin 71-2-ci maddəsi ilə tənzimlənir. Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə alış aktlarının tərtib olunması qaydalarında dəyişiklik edilib. 

Qanunvericiliyin yeni tələblərini iqtisadçı-ekspert Emin Səttarov şərh edir:  

Elektron alış aktının tətbiqi, uçotu və istifadə qaydaları Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarı ilə tənzimlənir. Həmin sənədə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən, yəni vətəndaşlardan hər hansı mal alınan zaman kağız daşıyıcıda alış aktı tərtib olunmalı, hər iki tərəf imzalamalı və malların alış tarixindən sonra 5 gün ərzində mühasibatlığa təqdim edilməklə həmin kağız daşıyıcı əsasında elektron alış aktı tərtib olunmalıdır. Əgər ödəyicinin elektron alış aktını yerində tərtibetmə imkanı varsa, kağız daşıyıcıda alış aktının tərtib edilməsinə ehtiyac qalmır. Həmin elektron alış aktı çap olunub satıcı tərəfindən imzalandığı halda, əməliyyatın aparılmasını təsdiq edən sənəd hesab olunur. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır.

Lakin araşdırmalar zamanı bir çox hallarda malı təqdim edən şəxsin təqdimetmədən xəbəri olmadığını və ya imzanın ona aid olmamasını əsas gətirirdilər. Bu cür nüansların qarşısını almaq məqsədilə Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarına 20 noyabr 2024-cü il tarixində ayrıca dəyişiklik edilib. Dəyişikliyə əsasən, elektron alış aktının ilkin tərtibi və ya elektron alış aktının ləğvi zamanı vergi orqanında uçotla olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır. Bu cür tənzimlənmə malların həqiqətən fiziki şəxs tərəfindən təqdim olunmasını sübut edir. Eyni zamanda, gələcəkdə vergi yoxlamaları zamanı vergi orqanı ilə mübahisəli halları minimuma endirmiş olacaq.

Elektron alış aktı tərtib olunan zaman diqqət edilməli məqamlar aşağıdakılardan ibarətdir:

1. Ümumiləşdirilmiş adlardan (kənd təsərrüfat məhsulları, tikinti materialları) istifadə edilməməlidir. Bu qeydlərə yol verildiyi halda, təqdim olunmuş elektron alış aktı etibarsız hesab edilə, gəlirdən çıxılan xərc kimi nəzərə alınmaya bilər.

2. Elektron alış aktına düzəliş edilməsi və ya geri qaytarılması prosesləri ödəyici tərəfindən həyata keçirilir. Geri qaytarılma zamanı yeni seriya və nömrəsi olan elektron alış aktı tərtib edilib gücləndirilmiş elektron imza vasitəsilə təsdiq olunmalıdır. Düzəliş edilən elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

3. Elektron alış aktının ləğv edilməsi vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır.

Mənbə: vergiler.az

Bəyannamələrin verilməsi könüllü vergi ödəməni təşviq edir

Minimum aylıq əməkhaqqı artırıldı

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alınıb ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mənbə: vergiler.az

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2025”

Bəyannamələrin verilməsi könüllü vergi ödəməni təşviq edir

posted in: Xəbər | 0

Son illər ölkəmizdə vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Xidmətlərin və tərtib olunan sənədlərin elektronlaşması həm məlumatlara əlçatanlığı artırıb, həm də sahibkarların vergi əməletməsinə sərf etdiyi vaxtın azalmasına imkan verib. 70-dən çox elektron xidmətin təklif edildiyi vergi sistemində bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. Mütəxəssislər vergi bəyannamələrinin təqdim edilməsinin könüllü vergi ödəməni təşviq etdiyini vurğulayırlar.

Bəyannamələrin əhəmiyyəti barədə fikirlərini bölüşən vergi eksperti Azər Qənbərov onların həm vergi inzibatçılığı, həm də sahibkarlıq subyektinin işinin asanlaşması baxımından faydalı olduğunu vurğulayıb: “Bəyannamə vergi ödəyicisinin gəlir və xərclərini, onun fəaliyyətini şəffaf əks etdirir. Bu, vergi ödəyicisinin özünə də lazımdır. Biznes sahibi bir qədər gəlir bəyan edib vergi ödəyə bilər. Amma verginin ödənilməsi hələ onun gəlirlərini tam bəyan etməsi demək deyil. Sahibkar bəyannamə ilə vergilərini doğru bəyan edir, eyni zamanda vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinə, məcburi tələblərə əməl edilməsinə nəzarət tədbiri kimi həyata keçirilməsinə imkan yaradır. Onun fəaliyyətinə, gəlir və xərclərinin uçotuna nəzarət edilir. Bu cəhətdən bəyannamələrin təqdim edilməsi vacibdir”.

A.Qənbərov vergidən azad edilən sahələrdə də bəyannamələrin tərtib edilməsinin əhəmiyyətli olduğunu, əks halda sahibkarların maliyyə sanksiyaları ilə üzləşə biləcəklərini qeyd edib: “Əgər sahibkarın mənfəət vergisindən azad olan gəlirləri varsa, bunlar bəyan edilməlidir. Sənaye və texnologiyalar parkında fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət vergisindən azad edilib. Yaxud sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlər bəzi fəaliyyətlər üzrə mənfəət vergisindən azad edilir. Bu halda sahibkarlar bəyannamənin 217, yaxud 119-cu sətirlərində və Əlavə 5-də bunu qeyd etməlidirlər. Göstərməsələr, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən, 6 faiz həcmində maliyyə sanksiyasına məruz qala bilərlər”.

Bundan başqa, A.Qənbərov bildirib ki, iştirak payı 100 faiz dövlətə məxsus olan müəssisələrdə, Azərbaycan Prezidentinin 13 dekabr 2012-ci il tarixli 760 saylı Fərmanına əsasən, əsas vəsaitlərin müəssisə daxilində əvəzsiz olaraq təqdim edilməsi həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, bir müəssisədən digər müəssisəyə əsas vəsaitin təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 164.1.14-cü maddəsinə görə ƏDV üzrə azadolma, 106.1.10-cu maddəyə əsasən isə mənfəət vergisindən azadolma yaranır. Belə olan hallarda ƏDV-də xüsusi çəkiyə görə əvəzləşən məbləğ azala bilər. Bu zaman, əgər onun uçotu ayrıca aparılmazsa, yoxlamalar zamanı əlavə vergilərin hesablanması və maliyyə sanksiyası tətbiq edilə bilər.

Bəyannamələrin təqdim edilməməsinə görə maliyyə sanksiyalarını istisna etməyən iqtisadçı Ruslan Atakişiyev hesab edir ki, vergi ödəyiciləri bundan yayınmaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli olan məlumatları bəyannamədə əks etdirməlidirlər. Onun sözlərinə görə, bəyannamələrin verilməsi sahibkarlıq subyektlərinin şəffaflığının artırılmasına xidmət edir: “Sahibkarlıq subyektləri öz öhdəliklərini dərk edərək müvafiq bəyannamələri vaxtında verirlərsə, öz fəaliyyətlərinə uyğun olaraq vergi öhdəliklərini hesablayıb ödəyirlərsə, artıq onlar könüllü vergi ödəyicisi sayılırlar. Bu gün Azərbaycanda əksər sahibkarlıq subyektləri könüllü vergi ödəyicisi kimi tanınır. Bəyannamələrin vaxtında verilməsi sahibkarlıq subyektlərində şəffaflığın təmin olunması, uçotun düzgün aparılması, eləcə də vergi orqanları tərəfindən inzibatçılığın həyata keçirilməsi, dövlət orqanları qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi, müəssisənin, fiziki şəxslərin dövlətə münasibətdə risklərinin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”.

R.Atakişiyev vergi bəyannamələrinin vaxtının qanunvericiliklə tənzimləndiyini bildirib. Onların aylıq, rüblük və illik əsasda tərtib edildiyini deyib: “Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. ƏDV ödəyiciləri isə hər ayın sonunda növbəti ayın 20-dən gec olmayaraq hesabat verməlidirlər. Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verməlidirlər. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir (mənfəət), ƏDV, sadələşdirilmiş vergi və əmlak vergisi ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllənin 58.15-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

1 236 237 238 239 240 241 242 2. 396