Minimum aylıq əməkhaqqı artırıldı

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alınıb ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mənbə: vergiler.az

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2025”

Bəyannamələrin verilməsi könüllü vergi ödəməni təşviq edir

posted in: Xəbər | 0

Son illər ölkəmizdə vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Xidmətlərin və tərtib olunan sənədlərin elektronlaşması həm məlumatlara əlçatanlığı artırıb, həm də sahibkarların vergi əməletməsinə sərf etdiyi vaxtın azalmasına imkan verib. 70-dən çox elektron xidmətin təklif edildiyi vergi sistemində bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. Mütəxəssislər vergi bəyannamələrinin təqdim edilməsinin könüllü vergi ödəməni təşviq etdiyini vurğulayırlar.

Bəyannamələrin əhəmiyyəti barədə fikirlərini bölüşən vergi eksperti Azər Qənbərov onların həm vergi inzibatçılığı, həm də sahibkarlıq subyektinin işinin asanlaşması baxımından faydalı olduğunu vurğulayıb: “Bəyannamə vergi ödəyicisinin gəlir və xərclərini, onun fəaliyyətini şəffaf əks etdirir. Bu, vergi ödəyicisinin özünə də lazımdır. Biznes sahibi bir qədər gəlir bəyan edib vergi ödəyə bilər. Amma verginin ödənilməsi hələ onun gəlirlərini tam bəyan etməsi demək deyil. Sahibkar bəyannamə ilə vergilərini doğru bəyan edir, eyni zamanda vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinə, məcburi tələblərə əməl edilməsinə nəzarət tədbiri kimi həyata keçirilməsinə imkan yaradır. Onun fəaliyyətinə, gəlir və xərclərinin uçotuna nəzarət edilir. Bu cəhətdən bəyannamələrin təqdim edilməsi vacibdir”.

A.Qənbərov vergidən azad edilən sahələrdə də bəyannamələrin tərtib edilməsinin əhəmiyyətli olduğunu, əks halda sahibkarların maliyyə sanksiyaları ilə üzləşə biləcəklərini qeyd edib: “Əgər sahibkarın mənfəət vergisindən azad olan gəlirləri varsa, bunlar bəyan edilməlidir. Sənaye və texnologiyalar parkında fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət vergisindən azad edilib. Yaxud sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlər bəzi fəaliyyətlər üzrə mənfəət vergisindən azad edilir. Bu halda sahibkarlar bəyannamənin 217, yaxud 119-cu sətirlərində və Əlavə 5-də bunu qeyd etməlidirlər. Göstərməsələr, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən, 6 faiz həcmində maliyyə sanksiyasına məruz qala bilərlər”.

Bundan başqa, A.Qənbərov bildirib ki, iştirak payı 100 faiz dövlətə məxsus olan müəssisələrdə, Azərbaycan Prezidentinin 13 dekabr 2012-ci il tarixli 760 saylı Fərmanına əsasən, əsas vəsaitlərin müəssisə daxilində əvəzsiz olaraq təqdim edilməsi həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, bir müəssisədən digər müəssisəyə əsas vəsaitin təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 164.1.14-cü maddəsinə görə ƏDV üzrə azadolma, 106.1.10-cu maddəyə əsasən isə mənfəət vergisindən azadolma yaranır. Belə olan hallarda ƏDV-də xüsusi çəkiyə görə əvəzləşən məbləğ azala bilər. Bu zaman, əgər onun uçotu ayrıca aparılmazsa, yoxlamalar zamanı əlavə vergilərin hesablanması və maliyyə sanksiyası tətbiq edilə bilər.

Bəyannamələrin təqdim edilməməsinə görə maliyyə sanksiyalarını istisna etməyən iqtisadçı Ruslan Atakişiyev hesab edir ki, vergi ödəyiciləri bundan yayınmaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli olan məlumatları bəyannamədə əks etdirməlidirlər. Onun sözlərinə görə, bəyannamələrin verilməsi sahibkarlıq subyektlərinin şəffaflığının artırılmasına xidmət edir: “Sahibkarlıq subyektləri öz öhdəliklərini dərk edərək müvafiq bəyannamələri vaxtında verirlərsə, öz fəaliyyətlərinə uyğun olaraq vergi öhdəliklərini hesablayıb ödəyirlərsə, artıq onlar könüllü vergi ödəyicisi sayılırlar. Bu gün Azərbaycanda əksər sahibkarlıq subyektləri könüllü vergi ödəyicisi kimi tanınır. Bəyannamələrin vaxtında verilməsi sahibkarlıq subyektlərində şəffaflığın təmin olunması, uçotun düzgün aparılması, eləcə də vergi orqanları tərəfindən inzibatçılığın həyata keçirilməsi, dövlət orqanları qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi, müəssisənin, fiziki şəxslərin dövlətə münasibətdə risklərinin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”.

R.Atakişiyev vergi bəyannamələrinin vaxtının qanunvericiliklə tənzimləndiyini bildirib. Onların aylıq, rüblük və illik əsasda tərtib edildiyini deyib: “Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. ƏDV ödəyiciləri isə hər ayın sonunda növbəti ayın 20-dən gec olmayaraq hesabat verməlidirlər. Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verməlidirlər. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir (mənfəət), ƏDV, sadələşdirilmiş vergi və əmlak vergisi ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllənin 58.15-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

posted in: Xəbər | 0

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilib. Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdən biri də bəzi ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi ilə bağlıdır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən onlardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının, eləcə də avtomobil satışı istisna olmaqla rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan çox ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bununla bağlı qanun pozuntusuna görə Vergi Məcəlləsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.

Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırki dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.

Beləliklə, bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində 1-ci dəfə ümumi məbləğin 10, ikinci dəfə 20, 3-cü və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Dəyişiklik vergi nəzarəti mexanizmlərinin effektiv qurulmasını, bu sahədə şəffaflaşmanın artırılmasını, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsini hədəfləyir.

Mənbə: vergiler.az

Bazar iştirakçılarına dair meyarlar təsdiqlənib

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. 

Azərbaycanda sahibkarlıq inkişaf etdikcə, bütün ölkələrdə olduğu kimi, müxtəlif reklam, markerinq kampaniyaları reallaşdırılır. Belə güzəşt kampaniyalarının istehlakçılara təqdim edilməsi müsbət təcrübədir və sahibkarlıq subyektlərinin rəqabətə davamlı fəaliyyəti üçün önəmlidir.

Əgər hansısa sahibkar mallarını, məhsullarını ilkin təyin etdiyi satış qiymətindən və maya dəyərindən aşağı satırsa, burada konkret səbəblər vardır. Səbəblərə satış dövriyyəsinin aşağı düşməsi, müəyyən malların, məhsulların satışının azalması və ya satıla bilməməsi, malların uzun müddət anbarda (stokda) qalması, zədələnməsi və digər hallar aiddir. Ona görə də pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış harmoniyasının artırılması, satışın yüksəldilməsi, həmçinin anbarda qalan malların satılması məqsədilə müxtəlif kampaniyalar həyata keçirir. Yəni, bütün bunlar marketinq siyasətidir. Hətta iri şirkətlər illik və ya illər üzrə əvvəlcədən bazar siyasətini formalaşdırır, marketinq kampaniyalarını, strategiyalarını əvvəlcədən hazırlayırlar.

Məsələn, marketlərdə “3-nü al, biri hədiyyə olsun (3+1 kampaniyası)” və ya “2-sini al, biri 70% güzətlə”, yaxud “50 manatlıq bazarlıq et, bir məhsul 80% güzəştlə” kimi kampaniyalar keçirilir. Bu zaman malların, məhsulların təqdim edilməsini bir əməliyyat kimi qiymətləndirmək lazımdır. Yəni, fiziki şəxs malları bir-bir alsa, kampaniyalardan yararlana bilməyəcək. Belə tək satış isə hərəsi bir əməliyyat kimi qiymətləndirilir. Ancaq kampaniya üzrə mallar əldə edildikdə həmin satış vahid bir əməliyyat sayılır, həmin kampaniya da bir satış əməliyyatı kimi qiymətləndirilir.

Məsələn, bir market 30% marja ilə çalışan ticarət obyektidir. Orada həyata keçirilən bir kampaniya üzrə müqayisələrə baxaq. Anbarda maya dəyəri 10 manat olan bir məhsulun satış qiymətini hesablayaq. Həmçinin, nümunə kimi, satışın stimullaşdırılması üçün tədbiq olunan bir marketinq kampaniyasını nəzərdən keçirək. Tutaq ki, qeyd etdiyimiz məhsul üzrə “3-nü al 1-i hədiyyə olsun (3+1)” kampaniyası keçirilir.

Açıqlamalar:

1 ədədin maya dəyəri – 10 manat
Marja 30% – 4,29 manat
Satış qiyməti – 14,29 manat
4 ədədin satış qiyməti – 57,14 manat
3 ədədin satış qiyməti – 42,86 manat
Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun pərakəndə ticarət marjası (30%) – 17,14 manat
4 ədədin satış qiyməti 30%-dən aşağı satıldıqda – 40 manat
3+1 kompaniyasında satış ilə 4 satışda 30% aşağı fərqi – 2,86 manat

Buradan görünür ki, “3+1” kampaniyası zamanı məhsulun satış qiyməti 42,86 manat təşkil edir. Adi qaydada isə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən pərakəndə ticarət üçün maksimum tətbiq ediləcək 30% aşağı məbləğ ilə hesablasaq, 4 ədədin satış qiyməti 40 manat olacaq.

Göründüyü kimi, “3+1” kompaniyası üzrə (42,86-40) = 2,86 manat daha çox gəlir əldə edilmiş olur. Yəni, sahibkar bu kampaniyanı tətbiq etməsə mal sata bilməz və nəticə olaraq, daha çox vergilərin hesablanmasına və heç bir vergidən yayınma halına yol verilmədiyi görünür.

İndi isə Vergi Məcəlləsinin 159.4-cü maddəsini bir daha nəzərdən keçirək. Həmin maddəyə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Yuxarıdakı misalımızda da pərakəndə ticarət müəssisəsi heç vaxt məhsullarını əvəzsiz təqdim etməyib. Əgər əvəzsiz təqdimetmə olarsa, onda bu, fiziki şəxslərə hədiyyə verilmiş kimi qiymətləndirilir. Amma pərakəndə ticarət müəssisəsi qiymət siyasətinə uyğun olaraq müxtəlif güzəştlər verilməklə, satışı artırmaqla, bazarda dayanıqlığını saxlamaqla satışı stimullaşdırmağa çalışıb. Bu güzəştlər, kampaniyalar heç vaxt əvəzsiz olmayıb. Yəni, hər hansı bir güzəşt əldə etmək üçün müəyyən məbləğdə mal alınmalıdır ki, bundan sonra kompaniyaya düşsün və güzəşt əldə olunsun. Bütün bu əməliyyatlar əvəzli əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində göstərilib ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

– mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

– marketinq siyasətinin aparılması ilə əlaqədar analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

Yuxarıdakı maddələrdən də aydın olur ki, bazar qiymətini müəyyənləşdirəndə ən vacib tələblərdən biri Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələblərinin nəzərə alınmasıdır. Yəni topdansatış, pərakəndə, istehsal, xidmət və digər sahələrdə satışlarda faizləri müəyyənləşdirməzdən əvvəl qanunvericilikdə olan tələblər əsasında baza qiymətləri təyin edilməlidir. Xüsusilə bazar qiymətini təyin edəndə bu Məcəllənin 14.6.1.3-cü və 14.6.1.7-ci maddələrinin tələbləri vacibdir.

Beləliklə, aydın olur ki, normal fəaliyyət göstərən vergi ödəyiciləri marketinq siyasətini müxtəlif kampaniyalar formasında reallaşdıranda malları satış qiymətlərindən, eləcə də maya dəyərindən aşağı qiymətə təqdim edə bilər və bu, əlavə vergilərin hesablanmasına gətirib çıxarmayacaq. Əsas məqsəd həmin kampaniyaların düzgün, şəffaf formada və vergidən yayınmaq istəyi olmadan tətbiq edilməsidir.

Mənbə: vergiler.az

Strateji əhəmiyyətli malların monitorinqi qaydası təsdiq edilib

1 228 229 230 231 232 233 234 2. 387