Məcburi dövlət sosial sığorta haqqından azadolmalar

posted in: Xəbər | 0

Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, aşağıdakı gəlir növləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərdir:

  • iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
  • faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;
  • müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
  • təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
  • aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
  • məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
  • Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
  • sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
  • muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);
  • yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
  • dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
  • sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
  • dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində, konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomat xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar va aylıq xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı;
  • fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu;
  • əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödənişlər;
  • ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
  • əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);
  • sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait.

Mənbə: vergiler.az

Azyaşlı uşaqlara görə gəlir vergisi üzrə güzəşt kimlərə verilir?

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? Qaydalar, məbləğlər

posted in: Xəbər | 0

Yazının I hissəsi ilə buradan tanış olmaq olar.

Obyektlərin vergisi

Yuxarıda göstərilən qaydalar və hesablamalar yaşayış sahələrinə aiddir. Bəs qeyri-yaşayış sahələrinə görə əmlak vergisi necə hesablanır? A.Cəfərov bu suala da aydınlıq gətirib: “Bu məsələ də Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 198.1.1-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahələrinə görə 30 kvadratmetr sahə vergidən azaddır. Ancaq bu, qeyri-yaşayış sahələrinə aid deyil. Ona görə də obyektlərin tam ölçüsü əmlak vergisinə cəlb edilir. Tutaq ki, vətəndaşın Bakı şəhərində 3-cü zonada 150 kvadratmetr qeyri-yaşayış sahəsi (icarəyə verdiyi obyekti) vardır. Onun əmlak vergisi bələdiyyə tərəfindən aşağıdakı qaydada hesablanacaq:

150 x 0,4 = 60 manat;

60 x 1,3 = 78 manat.

Deməli, qeyd olunan şərtlər daxilində həmin obyektin illik əmlak vergisi 78 manatdır”.

Bələdiyyələr əmlak vergisini necə toplayırlar?

Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası belə müəyyən edilib:

  • Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
  • Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.
  • Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
  • Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Mütəxəssis bildirib ki, bələdiyyələr sadalanan müddəalara əsaslanaraq, 2025-ci il üçün Vergi Məcəlləsinin 198-ci maddəsində olan prinsiplər əsasında əmlak vergisini hesablamalı və tədiyə (ödəniş) bildirişini vətəndaşa avqustun 1-nə kimi təqdim etməlidirlər. Yəni,bələdiyyələr yanvar ayının ilk iş günündən başlayaraq son tarixə – avqustin 1-nə kimi tədiyə bildirişləri verməlidirlər. Vətəndaşlar da əmlak vergisini bərabər hissələrlə, yəni yarıbayarı – 15 avqusta və 15 noyabra qədər bələdiyyəyə nağdsız qaydada ödəməlidirlər”.

Vergi borcuna görə faizlər

Bir çox hallarda bələdiyyələrin vətəndaşlara təqdim etdiyi tədiyə bildirişlərində faizlərin hesablandığının şahidi oluruq. Bəs ödəmələrin gecikdirilməsinə görə bələdiyyələrin faiz hesablamaq səlahiyyətləri varmı?

Vergi Məcəlləsinin 59.1-ci maddəsində göstərilib ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu müddəa bələdiyyələrə də aiddirmi?

Suala aydınlıq gətirən A.Cəfərov bildirib ki, vergilər vaxtında ödənilmədikdə hər gün üçün 0,1% faiz hesablanır: “Vergi Məcəlləsinin 4-cü maddəsində Azərbaycan Respublikasında tətbiq olunan 3 vergi müəyyən edilib. Onlardan biri yerli, yəni bələdiyyə vergiləridir. Ona görə də bələdiyyələr də Məcəllənin 4-cü və 59-cu maddələrinə əsaslanaraq, ödənişi gecikdirilən əmlak və torpaq vergisinə görə hər gün üçün 0,1% faiz hesablaya bilərlər. Bu hesablama üçün maksimal müddət 365 gündür”.

Neçə ilin vergisini ödəməliyik?

Vətəndaşları və bələdiyyələri maraqlandıran məsələlərdən biri də fiziki şəxslər tərəfindən ödənilməyən vergilərin son tələbetmə müddətidir. Bu məsələ ilə bağlı bir çox mütəxəssislər tələbetmə müddətinin 3 il və ya 5 il olduğunu bildirir və əsas kimi Vergi Məcəlləsinin 85-ci maddəsini göstərirlər. Həmin maddədə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və onların dəyişdirilməsi ilə bağlı məqamlar yer alıb. A.Cəfərovun fikrincə, həmin qaydalar bələdiyyələrə aid edilmir: “Sadə formada desək, Vergi Məcəlləsinin 85.4-cü maddəsində vergilərin 3 il ərzində yenidən hesablanması və 5 il ərzində tutulması, yəni alınması hüququ verilib. Ancaq bu qaydaların bələdiyyələrə aidiyyəti yoxdur. Belə ki, həmin maddənin başlanğıcında “vergi orqanları …” ifadəsi yer alıb. Ona görə də həmin tələblərdən ancaq vergi orqanları istifadə edə bilərlər. Bələdiyyələr isə vergi orqanları deyil, yerli özünüidarəetmə orqanıdır. Bələdiyyələrin tərkibində vergi şöbələri, vergi departamentləri yaradıla bilər, ancaq onlar vergi orqanları sayılmır. Vergi orqanları dedikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun qurumları nəzərdə tutulur”.

A.Cəfərov əlavə edib ki, normativ hüquqi aktlarda əmlak vergisi borclarının tələbolunma müddəti ilə bağlı konkret tələblərə rast gəlinmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində iddia müddətləri ilə bağlı tələblər yer alıb. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsində isə göstərilib ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət – iddia müddəti sayılır. Məcəllənin 373-cü maddəsində isə iddia müddətləri belə müəyyən olunub:

  • ümumi iddia müddəti on il təşkil edir;
  • müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
  • vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;
  • tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

“Məcəllənin 373.3.-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti 3 il nəzərdə tutulub. Vətəndaşlar tərəfindən bələdiyyə vergilərinin ödənilməsi də vaxtaşırı icra edilməli öhdəlik kimi qəbul olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də istənilən hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Odur ki, bələdiyyələr tərəfindən fiziki şəxslərdən ödənilməyən vergilərin ödənilməsini tələb etmək hüququ kimi iddia müddətini 3 il olaraq müəyyənləşdirmək mümkündür”, – A.Cəfərov vurğulayıb.

Mənbə: vergiler.az

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? Qaydalar, məbləğlər

Sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar: biznesin qeydiyyatı təkmilləşdirilir

posted in: Xəbər | 0

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12.382,5 manat olub. ÜDM artımını təmin edən əsas amillərdən biri isə əlverişli biznes mühitinin yaradılmasıdır. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanların yaradıldığı şəraitdə iqtisadi aktivlik artır ki, bu da iqtisadi artımda özünü büruzə verir.

Müasir biznes mühitinin dəyişən tələbləri

Müasir biznes mühiti sürətli texnoloji dəyişikliklər, qlobal iqtisadi və siyasi qeyri-sabitlik, ekoloji problemlər, müştəri gözləntiləri və digər mühüm çağırışlarla üzləşib. Bu çağırışlara cavab vermək üçün bizneslər çevik, innovativ, texnologiyaya əsaslanan və müştəri mərkəzli yanaşmalar tətbiq etməli, həmçinin davamlılıq və sosial məsuliyyət prinsiplərinə riayət etməlidirlər. Bu dəyişikliklər biznes fəaliyyətini və strategiyalarını daim yeniləməyi tələb etdiyindən biznes mühitinə təsir edən yanaşmaları da təkmilləşdirməyi şərtləndirir. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sahibkarlıq fəaliyyəti üzrə tənzimləmələrin optimallaşdırılması, resurslara bərabər çıxış imkanlarının yaradılması, özəl sektorun fəaliyyətinin aktiv stimullaşdırılması kimi tədbirləri genişləndirmək nəzərdə tutulub.

Ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici
drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir.

Vergi təşviqləri və stimullaşdırıcı islahatlar

Sahibkarlıq fəaliyyətinin çevik tənzimlənməsi mexanizminin güclənməsinə təsir edən əsas faktorlardan biri də vergi siyasətidir. Son illər ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir. Bu istiqamətdə vergi qanunvericiliyinə ardıcıl olaraq mühüm dəyişikliklər edilir. 2025-ci ildən qüvvəyə minmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizmi və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir. Təşviqlərə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınması və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmaları, mədəniyyət sahəsi üzrə vergi güzəştlərinin verilməsi kimi tədbirlər daxildir.

Biznes mühitinin cəlbediciliyini artırmaq üçün də bir sıra addımlar atılıb və
biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib.

Bundan başqa, biznes mühitinin cəlbediciliyini artırmaq üçün də bir sıra addımlar atılıb və biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının effektivliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində biznes subyektlərinin ehtiyaclarına uyğun olaraq müvafiq tənzimləmələr həyata keçirilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı təkmilləşdirilib. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib.

2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılması oldu. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxta qənaət etməsinə şərait yaradır. Buna qədər isə yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilirdi.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək

Bütün bunlar öz müsbət nəticələrini qeydiyyata alınan şirkətlərin sayındakı artımda da büruzə verir. 2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 2024-cü ilin əvvəli ilə müqayisədə 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb. 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək. Bu isə ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsi üçün yeni stimullar formalaşdıracaq.

Mənbə: vergiler.az

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? Qaydalar, məbləğlər

1 225 226 227 228 229 230 231 2. 395