Daha çox8
Daha çox8

Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura nə vaxt verilməlidir?

posted in: Xəbər | 0

2024-ci ilin dekabr ayında qarşı tərəfə 180.000 manat avans qaiməsi təqdim etmişəm. 2025-ci ilin yanvar ayından artıq həmin təşkilata hissə-hissə mal vermişəm. Bilmək istəyirəm ki, avans qaiməsindən sonra malın təqdim olunması üçün qaimə necə tərtib edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Vergi Məcəlləsinin 71-1.1.5-ci maddəsinə uyğun olaraq, alınmış avans ödənişləri barədə avansın alındığı gün elektron qaimə-fakturanı təqdim etməlidir.

Xidmətdən əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən, malların, işlərin və xidmətlərin təqdim olunması barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura bölməsində alınmış avans ödənişləri barədə qaimə-faktura hissəsini seçməli və alınmış avans ödənişləri barədə qaimə-fakturanın seriya və nömrəsini qeyd etməlisiniz. Təqdim olunan mallar ilə bağlı bütün məlumatları daxil edərək elektron qaimə-fakturanı təqdim edə bilərsiniz.

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Əsas: Vergi Məcəlləsinin 71-ci maddəsi

Mənbə: vergiler.az

Ailə üzvünə görə müavinət hansı hallarda ödənilmir?

2025-ci il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0

Muzdlu işçiyə 2025-ci ildə əməkhaqqının hesablanması necə aparılacaq?

Əgər işçinin əmək müqaviləsində onun əməkhaqqısı 1000 manat göstərilibsə, işçi hansı məbləği alacaq?

Qəribə də olsa, ilk baxışda sadə görünən bu sualları təkcə işçilərin deyil, işəgötürənlərin də dilindən eşitmək mümkündür. Bu məsələnin aktuallığı yalnız əmək müqaviləsinin tərəflərinin hüquqi biliklərinin çatışmazlığı ilə bağlı deyil. Əsasən, əməkhaqqının hesablanması, vergi dərəcələri və sosial sığorta tutulmaları ilə bağlı qanunvericilikdə tez-tez baş verən dəyişikliklər bu mövzunu daha da önəmli edir.

2025-ci ildə əməkhaqqının hesablanması qaydası dəyişibmi?
Əməkhaqqı cədvəlləri formasını yeniləməyə ehtiyac varmı?
Əməkhaqqından tutulmalar nə qədər olacaq və hara köçürüləcək?

Əslində, muzdlu işlə əlaqədar işçiyə ödənilən məbləğ və ondan edilən tutulmalar çox tez-tez dəyişmir. Əsas dəyişikliklər, əsasən, əməkhaqqıdan tutulmalara tətbiq olunan faiz dərəcələri ilə bağlıdır. Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2019-cu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, müəyyən vergi ödəyiciləri üçün 7 il müddətinə vergidən azadolma və güzəştlər tətbiq edilmişdi. Bu güzəştlər 2025-ci ildə əməkhaqqının hesablanmasında da nəzərə alınır.

Güzəşt tətbiq edilən vergi ödəyicilərinin müəyyən olunması meyarları AR Nazirlər Kabinetin uyğun qaydası ilə aparılır (“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarlarının təsdiq edilməsi haqqında AR NK-nın Qərarı”).

Əslində bu mühasiblər üçün yeni deyil, 2025-ci ildə əməkhaqqının hesablanması alqoritmi əvvəlki illərdə olduğu kimidir, eyni formalı əməkhaqqı cədvəllərindən istifadə edilir.

Qeyd edilən dəyişikliyə görə vergi ödəyiciləri iki kateqoriyaya bölünüb:

  1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri;
  2. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri;

Eyni bölgü meyarları, azadolma və güzəştlər MDSS haqlarının hesablanması zamanı da nəzərə alınır.

“2025-ci ildə əməkhaqqından hansı tutulmalar olacaq?” sualına cavabı eyni adlı məqalədən tapmaq olar.

Aşağıdakı keçidlərdən Exceldə hazırlanmış əməkhaqqı cədvəllərini yükləmək olar:

“2025-ci il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli”

“2025-ci il üçün neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli”

 

Ailə üzvünə görə müavinət hansı hallarda ödənilmir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə bəzi hallarda bir iş ilində ödənişsiz məzuniyyət verilir. Həmin maddənin “h” bəndində göstərilib ki, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə verilən həmin məzuniyyətin müddəti tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ola bilər. Bəzi hallarda isə xəstə olan ailə üzvünə qulluq edən şəxslərə ödənişlər də nəzərdə tutulub. 

Mövzuya İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir: 

Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə qərarına əsasən, ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqəsi həmin xəstəni müalicə edən həkim tərəfindən elektron sənəd formasında tərtib edilir.

14 yaşı tamam olmuş və ailənin yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi qulluq edilməmə səbəbindən xəstənin həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda tərtib edilir.

Misal 1

İşçinin anası yıxılaraq zədə alıb və xəstəxanaya yerləşdirilib. Bu halda işçiyə anası xəstəxanaya yerləşdirildiyi üçün müavinət hesablanmayacaq.

Ailənin belə xəstə üzvünə qulluq etmək üçün tərtib edilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və məişət şəraitindən asılı olaraq müalicə həkimi və baş həkim tərəfindən 10 təqvim günündən çox olmayaraq uzadıla bilər.

14 yaşına çatmamış xəstə uşağa qulluq etmək üçün xəstəlik vərəqəsi uşağın anası (atası), digər qanuni nümayəndələri və ya uşağa qulluq edən digər ailə üzvləri üçün tərtib edilir. Xəstəlik vərəqəsi bu cür xəstə uşağın istər ambulator, istərsə də stasionar müalicəsində, onun xidmətə ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Misal 2

İşçinin 10 yaşlı qızı xəstəlik keçirib və evdə müalicə alır. Bu zaman işəgötürən işçiyə hər hansı müddət gözləmədən xəstəlik vərəqəsində qeyd olunan tarix üçün müavinət ödənilməsini təmin edəcək.

Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 22-ci bəndində göstərilib ki, immun çatışmazlığı virusuna yoluxmuş və ya SPİD xəstəliyinə tutulmuş 16 yaşına çatmamış xəstə uşağın müalicəsində valideynlərindən birinə, yaxud digər qulluq edən şəxsə xəstəlik vərəqəsi uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Qeyd etmək lazımdır ki, müavinət ödənilməsi üçün xəstəlik vərəqəsinin işəgötürənə təqdim olunması mütləq tələbdir. Ailə üzvünə qulluqla bağlı müavinətin hesablanması zamanı xəstəlik vərəqəsinə xəstəyə qulluq edilməsi ilə bağlı qeyd aparılmalıdır. Onu da deyək ki, işçi məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətini itirərsə, ona müavinət hesablanır, amma ailə üzvlərinin xəstələnməsinə görə müavinət ödənilmir.

Mənbə: vergiler.az

75% vergi güzəşti hansı sahibkarlara şamil edilir?

İşçilərin əmək fəaliyyəti ilə bağlı məlumatlarda hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Bəs bu, konkret olaraq  hansı məlumatlara aiddir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir: 

Yeni dəyişiklikdən sonra ƏMAS altsistemi işəgötürənlər üçün həm köhnə, həm də yeni əmək müqavilələrinin uçotunun aparılmasını təmin edir. Belə ki, “Onlayn əmək müqavilələri reyestri” bölməsindəki “İşçinin köhnə əmək müqavilələri” altbölməsində işçinin xitam verilən əmək müqavilələri haqqında məlumatı əldə etmək mümkün olur. Həmin bölmədə əmək kitabçasında qeyd edilən əksər məlumatlar öz əksini tapır. Bəzi hallarda əmək kitabçasında qeyd olunmayan əlavə iş yerləri ilə bağlı məlumatı da bu bölmədən əldə etmək mümkündür. Əmək kitabçasında təqdim edilən məlumatlardan fərqli olaraq, ƏMAS altsistemində işçinin yalnız əmək müqaviləsi üzrə xitam verilən vəzifələri qeyd olunur. İşçinin bir vəzifədən digər vəzifəyə keçirilməsi əmək kitabçasında qeyd olunsa da ƏMAS-dakı bölmədə bu məlumata rast gəlinmir.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi kağız formada bağlanılan əmək müqavilələrini tənzimləyir. Həmin hissəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” başa düşülür. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Dəyişikliklərdən öncə olduğu kimi, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsində də əmək kitabçaları ilə bağlı Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması vǝ onun tərtibi Qaydaları”na istinad edilib.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsi isə xarici ölkədə işləmiş vətəndaşımızın həmin ölkədəki əmək fəaliyyətinin nəzərə alınması məsələlərini tənzimləyir. Maddənin 4-cü hissəsində qeyd edilir ki, xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Misal 1: Vətəndaş Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 8 iyul 2014-cü il tarixli 206 nömrəli Prezident fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı”nda nəzərdə tutulan vəzifədə çalışacaq. Həmin vəzifədə çalışanlar üçün əmək kitabçası tətbiq edildiyi üçün işçi xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Misal 2: Vətəndaş Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycanın özəl banklarının birində işə düzəlib. Banklarda işə qəbul zamanı əmək kitabçası tələb olunmadığından, işçi xarici ölkədə çalışması barədə məlumatların elektron informasiya sistemində qeyd edilməsi üçün Əmək Məcəlləsinin 87-ci maddəsinin dördüncü hissəsində qeyd olunan müvafiq sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Mənbə: vergiler.az

1 231 232 233 234 235 236 237 2. 396
error: Content is protected !!