Əmək şəraitinin təmin edilməsinə nə daxildir?

posted in: Xəbər | 0

Əmək şəraitinin təmin edilməsi

Sual: İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən qanunvericilikdə nəzərdə tutulan əmək şəraitini təmin etməlidir. Bu əmək şəraitinə peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyənləşdirilməsi, həmçinin əməyə görə haqqın miqdarının müəyyən edilərək ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunması daxildir.

Əmək şəraitinin təmin olunması həmçinin:

  • sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması,
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi,
  • əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi,
  • istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması,
  • işçilərin məcburi dövlət sosial sığorta edilməsi,
  • əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması,
  • insanın immun çatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması,
  • əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan digər şərtləri nəzərdə tutur.

Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Məcəllənin 55-ci maddəsinə əsasən isə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl işçini xəbərdar etməyə borcludur. Belə ki, Əmək Məcəlləsinin 56-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada xitam verilə bilər. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

Mənbə: mlspp.gov.azmlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sınaq müddəti hansı hallarda tətbiq edilir?

posted in: Xəbər | 0

Sual: Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir və bu müddət işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Məcəllənin 52-ci maddəsinə əsasən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə sınaq müddəti bağlanılmır. Həmçinin təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanmış şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Mənbə: mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibləri harada daha çox qiymətləndirirlər?

posted in: muhasibat, Məqalə | 0

 

Başqa ölkələrdə mühasiblər necə yaşayır? Ən başlıcası, uçot işi ilə məşğul olan mütəxəssislərin məvacibləri nə qədərdir?

Mühasiblərin ən yüksək aylıq əməkhaqqı aldığı ölkələrin siyahısı:

  • ABŞ – 4687 dollar
  • İsveçrə – 4256 dollar
  • Norveç – 2911 dollar
  • İngiltərə – 2371 dollar
  • Almaniya – 2274 dollar
  • Kanada – 2170 dollar
  • Sinqapur – 2170 dollar
  • Yaponiya – 2083 dollar
  • Avstraliya – 2080 dollar
  • Yeni Zelandiya – 1770 dollar.

Yeri gəlmişkən, yuxarıda siyahıda göstərilən ölkələrdəki əmakhaqları bütün vergi və digər tutulmalardan sonra işçinin bilavasitə özünə çatan puldur. Digər bir məsələni də diqqətdən qaçırmaq olmaz. Belə ki, işinin peşəkarı olan mühasiblərin məvacibi burada göstərilən əməkhaqqından xeyli çoxdur. Məsələn, ABŞ-da elə peşəkar mühasiblər var ki, onların illik qazancı 250 min dollar təşkil edir ki, bunu da aya böləndə 20833 dollar edir. Yəni, hər peşədə olduğu kimi, mühasiblikdə də gərək öz işinin mahir ustası olasan.

Bəs mühasiblərə ən az əməkhaqqı verən ölkə hansıdır? Bu sırada Hindistan birinci yerdə durur. Bu ölkədə mühasiblərin əməkhaqqı cəmi 260 ABŞ dolları təşkil edir.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqlarının hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

posted in: Xəbər | 0

Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığortasıkönüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

İşəgötürən işçilərə hesablanmış əməyin ödənişi fondunun öz hesabına 22 faizi miqdarında, əmək müqaviləsi ilə işləyən işçilərin aylıq əmək haqqından isə 3 faizi miqdarında məcburi sosial sığorta ayırmalarını hesablayaraq tutmalıdır.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyən və vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə hesablanmış məbləğdən isə ödəmə mənbəyində gəlirlərin 25 faizi miqdarında məcburi sosial sığorta ayırması tutulmalıdır.

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Bununla belə, “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən işəgötürən hər ay hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında öz hesabına, 0,5 faizi miqdarında isə işçinin əmək haqqından məcburi işsizlikdən sığorta haqqı hesablayaraq tutmalı, əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir.

İşəgötürənlər (sığortaedənlər) hər rüb və hər il “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”, o cümlədən “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı təqdim edirlər. Rüblük hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda (ilin əvvəlindən artan yekunla deyil) təqdim edilməlidir. İllik hesabat isə hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir.

İşəgötürənlər (sığortaedənlər) məcburi dövlət sosial sığortası məqsədləri üçün fəaliyyət növünün hər kodu üzrə (məcburi dövlət sosial sığorta haqqının hər fərqli dərəcəsinə görə) ayrı-ayrılıqda hesabat təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az