Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

posted in: Xəbər | 0

Mən geyimlərin topdan satışı ilə məşğulam və geyim satışı bazarında mağaza işlədirəm. Vergi uçotum var, lakin elektron qaimə-faktura təqdim etməklə satış apardığımdan, obyekti uçota alıb nəzarət-kassa aparatı quraşdırmamışam. 2025-ci ilin oktyabr ayında bazarın sahibi icarəyə götürdüyüm obyekti vergi orqanında uçota qoymağımı tələb edir. Bunu tələb etməyə onun hüququ varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır və təsərrüfat subyektinin (obyektinin) vergi orqanına uçota alınmamasına görə mikro sahibkarlıq subyektlərinə münasibətdə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə – idarəedicilərinin) vəzifəsi kimi müəyyən edilib.

Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bazarların mülkiyyətçiləri (idarəediciləri) tərəfindən vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

Həmçinin, əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) əks etdirilməlidir.

Qeyd olunanlara əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının tələb edilməsi qanunun tələbidir və tərəfinizdən geyim satışı bazarından icarəyə götürdüyünüz təsərrüfat subyektinin vergi orqanında uçota alınması və onun girişində həmin təsərrüfat subyektinin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) təmin edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-15-ci, 16.1.11-16-cı, 16.1.11-17-ci, 33.2-ci, 57.3-cü, 58.2-1-ci və 58.15-2-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanununun 2.1-ci və 3.1-ci maddələri

Mənbə: vergiler.az

Kassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?

Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı

posted in: Xəbər | 0

Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb. 55 investorun iştirak etdiyi yerləşdirmədə sifarişlərin həcmi 42 317 900 AZN təşkil edib. Ümumilikdə, 50 fiziki şəxs tərəfindən 28 317 900 AZN, 5 hüquqi şəxs tərəfindən 14 000 000 AZN həcmində sifariş verilib. İstiqrazların yerləşdirilməsi 23 may tarixində uğurla yekunlaşıb.

Qeyd edək ki, istiqrazların nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 11%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 1 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

Əhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Təsis etdiyimiz “Golden” MMC qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışı sahəsində fəaliyyət göstərir. Ay ərzində aldığımız qızılın bir hissəsini qəbul məntəqələrimizdə vətəndaşlardan alış aktı əsasında əldə etdiyimiz qızıl məmulatları təşkil edir. Lakin vətəndaşlardan qızıl məmulatlarının qəbulu üzrə çəkilən xərclərin gəlirdən tam çıxılmasına qanunla məhdudiyyət qoyulur. Əhalidən qızıl qəbulunu necə rəsmiləşdirək ki, bu alış üzrə çəkdiyimiz xərcləri gəlirdən çıxa bilək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 109.8-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, gəlirdən çıxılan xərclərin yuxarı həddinin vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılmasında qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar istisna edilib.

Belə ki, Vergi Məcəlləsinin 109.8-cu maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Buna əsasən, qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanması və satışını həyata keçirən vergi ödəyicisi tərəfindən 2025-ci il yanvarın 1-dən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, tam şəkildə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.8-ci maddələri

Mənbə: vergiler.az

İşçilərə verilən yemək xərcləri elektron qaimə-faktura ilə alındıqda ödənilən ƏDV-nin əvəzləşdirilməsi

Nazirlər Kabineti sığorta hesabat qaydalarında dəyişiklik etdi

posted in: Xəbər | 0

Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.

Əgər indiyə qədər təkcə Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Prezidentin Təhlükəsizlik Xidməti üzrə hesabatlar altsistemə daxil edilmirdisə, artıq siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq da əlavə edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 oktyabr tarixli 223 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 324 (Cild I); 2024, № 2, maddə 242) ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nın 2.2-ci bəndində “(“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə), Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri “, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları” sözləri ilə əvəz edilsin.

Mənbə: report.az

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

1 174 175 176 177 178 179 180 2. 396