Azərbaycanda kibersığorta bank kartlarını dələduzlardan qoruyacaqmı?

posted in: Xəbər | 0

Son zamanlar vətəndaşların bank kartlarından külli miqdarda vəsaitin fırıldaq üsullarla oğurlanması xəbərinə, demək olar ki, hər gün rast gəlirik. Vətəndaşlar öz bank kartlarını və digər şəxsi məlumatlarını qarşı tərəflə paylaşırlar ki, bu da nəticədə pulların kartdan silinməsinə, üstəlik, şəxsi məlumatların da başqalarının əlinə keçməsinə səbəb olur. Daxili İşlər Nazirliyi (DİN) dəfələrlə əhaliyə müraciət edərək kart məlumatlarını heç kimlə bölüşməməklə bağlı çağırışlar etsə də bu kimi xoşagəlməz hadisələr davam edir. Yeri gəlmişkən, DİN-in məlumatlarına əsasən, maarifləndirmə tədbirləri nəticəsində, əvvəlki statistik göstəricilərlə müqayisə etdikdə, son aylar dələduzluq yolu ilə ələ keçirilən vəsaitlərin həcmində müəyyən qədər azalma gözə dəyir. 

Sözsüz ki, vətəndaşın aldadılaraq yanlış məlumatlandırılmaqla və şirnikləşdirilərək vəsaitini ələ keçirmək kiberdələduzluğun bir növüdür. Dünyanın bir çox ölkəsində kiberrisklər sığortalanır və bu yenilik artıq ölkəmizdə də əlçatandır. Bəs görəsən bu sığorta növü bank kartlarından vəsaitin fırıldaq yolu ilə çəkilməsi zamanı vətəndaşa dəyən ziyanı qarşılayırmı? Geniş müzakirəyə səbəb olan bu mövzu ətrafında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırovla həmsöhbət olub. 

– Emil müəllim, gəlin əvvəlcə kibersığortanın nə olduğunu aydınlaşdıraq. Bu sığorta növü kimlər üçün nəzərdə tutulub?

– Bu sığorta xidməti, adından da göründüyü kimi, kiberhücumlar nəticəsində dəymiş zərəri qarşılayır. Sığorta xidmətinin təminatları sırasına texniki xətalar nəticəsində məlumatların pozulması, habelə veb-saytların, e-maillərin sındırılması və kiberoğurluq halları da daxildir. Xüsusilə qeyd etmək istərdim ki, hələ ki, bu sığorta növü hüquqi şəxslər üçün nəzərə tutulub. Sığorta bazarımızda yeni olduğu üçün, hesab edirik ki, mövcud xidmətin daha da genişləndirilməsi və bundan fiziki şəxslərin də yararlanması qarşıdakı dövrdə nəzərdən keçirilə bilər.

– Qeyd olunan sığorta xidmətinə hüquqi şəxslər necə müraciət edə bilərlər?

– Hüquqi şəxs və ya sahibkar sığorta şirkətinə birbaşa müraciət etməklə bu xidmətdən faydalana bilər. Bu növ sığorta könüllü olduğundan, hüquqi şəxslər sığorta şirkətinə yaxınlaşmaqla təminat şərtlərini və təminat əhatəliliyini razılaşdıraraq xidməti əldə edib müqavilə imzalaya bilərlər.

– Bəs sığorta hansı hallarda dəymiş zərəri ödəyir?

– Bu sualınıza bir misal üzərindən aydınlıq gətirmək istərdim. Deyək ki, onlayn ticarətlə məşğul olan bir sahibkarın veb-saytı sındırılıb və o, ciddi maliyyə itkisi ilə üzləşib. Əgər sahibkar daha öncə kibersığorta etdiribsə və “veb-saytların sındırılması halı”nı təminat altına alıbsa, sığorta sahibkarın veb-saytı sındırıldıqdan sonrakı işləmədiyi müddət ərzində qazana biləcəyi ehtimal olunan gəlirlərini belə ödəyəcək. Bundan savayı, məhkəmə xərcləri, sındırılmış veb-saytın bərpası üçün ehtiyac olan texniki xərclər və marketinq itkiləri sığorta ilə təminat altına alınmış olacaq.

– Bəs haker hücumları zamanı dəymiş zərər hansı kriteriyalarla ödəniləcək?

– Bu, ölkəmizdə yeni bir sığorta məhsulu olduğu üçün şərtlər əsasən dünya təcrübəsinə əsaslanır. O ki qaldı haker hücumu zamanı dəymiş zərərin ödənilməsinə, burada təkrarsığortanın ekspertləri dəymiş zərəri müəyyənləşdirəcəklər və bu şəkildə sığorta zərəri qarşılanmış olacaq.

– Bu sığorta xidməti bank kartlarından dələduzluq yolu ilə oğurlanan pulları da sığortalayırmı?

– Bir daha qeyd etmək istərdim ki, kibersığorta növü yerli bazarda hələ yeni məhsul olduğu üçün bu mərhələdə bank kartlarından vəsaitlərin çəkilməsi, yəni oğurlanması halı təminatlara daxil deyil. Ancaq burada üçüncü şəxslərə dəymiş zərərə təminat verilir, yəni bu sığorta xidmətinin bir məsuliyyət hissəsi də var. Məsələn, deyək ki, hüquqi şəxs hər hansı bir bankla partnyorluq edir, həmin bankın da təbii olaraq digər, yəni üçüncü şəxslər qarşısında öhdəlikləri var. Bu zaman bank kartlarından vəsaitin çəkilməsi yox, digər hallar baş verərsə, sığorta təminatı ödənilir.

Başqa bir misal çəkim. Tutaq ki, bir internet provayderi şirkəti bu xidmət vasitəsilə sığortalanıb və həmin provayderin internet verilişində problem yarandığı zaman hansısa sahibkar, təbii olaraq, onlayn satışını və ya reklamını həyata keçirə bilməyəcək. Belə olan halda, sahibkar üçün itkilər qaçılmazdır. Bu zaman müştəri həmin provayder şirkətə müraciət edir və provayder də bu sığorta növü ilə sığortalandığı üçün ona sığorta ödənişi edilir, o isə öz müştərisinin itkilərini rahatlıqla qarşılayır. Ümumiləşdirsək, bu sığorta xidməti həm birinci tərəflər üzrə, həm də üçüncü tərəflər qarşısında məsuliyyət risklərinə təminat verir.

– Son olaraq dünya təcrübəsini oxucularımızla bölüşə bilərsinizmi? Bu kimi sığorta məhsulları xarici ölkələrdə hansı formada tətbiq edilir?

– Yerli sığorta bazarımıza yenicə ayaq açan kibersığorta xidməti dünya təcrübəsinə əsaslanır. Burada proseslər, – istər tarifləndirmə, istərsə də hadisələrin tənzimlənməsi, – təkrarsığorta ilə razılaşdırılır. Təbii ki, kiberrisklər bütün dünya ölkələri üçün aktual olduğuna görə, qlobal sığorta sənayesi də bu istiqamətdə yeni və fərqli təcrübələr formalaşdırır. Amma onu da unutmayaq ki, belə təcrübələr hər bir ölkənin lokal bazar şərtlərinə uyğunlaşdırılmaqla həyata keçirilir.

Mənbə: vergiler.az

İşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı?

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 28 manatdır.

İddiaçılar təkliflərini mayın 29-na qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 54 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Mənbə: report.az

İşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı?

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

posted in: Xəbər | 0

Xarici ölkə vətəndaşı Azərbaycanda xəstəxanaya müraciət edib. Tibbi xidmətin dəyəri ödənilərkən o, ƏDV-nin qaytarılması hüququndan istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği Azərbaycan Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya uyğun olaraq, geri qaytarılır.

Buna əsasən, xarici ölkə vətəndaşı olan əcnəbi şəxsin Azərbaycan Respublikasının ərazisində tibb müəssisələrindən alınmış tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği həmin şəxs ölkə ərazisini tərk edərkən adıçəkilən Qaydanın tələblərinə müvafiq surətdə “taxfree” rejimində geri qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

Mənbə: vergiler.az

İdxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi qaydası

POS-terminaldan istifadədən imtina halları ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericliyin pozulması faktları aşkarlanıb. Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Nəsirov Fariz Ağasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonu Hüseyn Cavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Mənbə: vergiler.az

İşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı?

1 173 174 175 176 177 178 179 2. 387