Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 99.3.11-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri xidmətə görə alınan ödənişlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər qrupuna aiddir. Məcəllənin 101.2-ci maddəsində isə göstərilib ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcəsi ilə vergi tutulur.

Bu qaydaları “BSC Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Vüsal Bayramlı şərh edir.

Vergi Məcəlləsinin normalarından göründüyü kimi, vəkillik fəaliyyətindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğu üçün vəkillər gəlir vergisi ödəyiciləridir. Fərdi qaydada fəaliyyət göstərən vəkillər, Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcəsi ilə vergi ödəyirlər.

Azərbaycan qanunvericiliyinə görə, vəkillərin fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vergi Məcəlləsi əsasında tənzimlənir. Həmin şəxslərin vergi və sosial öhdəlikləri fəaliyyət formasından – fərdi qaydada və ya vəkil bürosu tərkibində işləməsindən asılı olaraq dəyişir.

1. Fərdi qaydada fəaliyyət göstərən vəkilin əsas gəliri

Vəkil fərdi sahibkar (fiziki şəxs) kimi qeydiyyatdan keçmir, çünki vəkillik fəaliyyəti sahibkarlıq sayılmır. Onun əsas gəlir mənbəyi göstərdiyi hüquqi yardımdan əldə etdiyi qonorardır.

Vergi Məcəlləsinə əsasən, vəkil gəlirlərindən gəlir vergisi ödəməlidir: 2.500 manatadək aylıq gəlirdən 14%, 2.500 manatdan yuxarı hissədən isə 25% vergi tutulur.

Misal 1: Fərdi qaydada fəaliyyət göstərən vəkilin aylıq gəliri 3.000 manat olarsa, onun vergi öhdəliyi aşağıdakı kimi hesablanır:

2.500 x 14% = 350 manat;
3.000 – 2.500 = 500 manat;
500 x 25 % = 125 manat;
Cəmi vergi öhdəliyi: 350 + 125 = 475 manat.

“Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinə əsasən, Vergi Məcəlləsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10.1.3-cü maddəsində isə göstərilib ki, bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə aylıq sığorta haqqı minimum aylıq əməkhaqqının 4 faizi məblğində müəyyən edilib.

Vəkillər, eyni zamanda, məcburi dövlət sosial sığorta haqqı da ödəməlidirlər. “Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri 2026-cı il yanvarın 1-dək gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında sosial siğorta ödəməlidirlər.

Misal 2: Fərz edək vəkillik xidməti göstərən fiziki şəxs iyul ayı ərzində müştərilərdən 5.000 manat gəlir əldə edib. Ay ərzində müxtəlif xərcləri isə (ofis icarəsi, kargüzarlıq, nəqliyyat və s.) 1.500 manat təşkil edib. Bu halda, onun sosial ödəmələrini hesablayaq:

Xalis gəlir: 5.000 – 1.500 = 3.500 manat;
Məcburi dövlət sosial sığorta haqqı (10%): 3.500 x 10% = 350 manat;
İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat.

2. Vəkil bürosunun öhdəlikləri

Vəkil bürosu hüquqi şəxs statusuna malik deyil, lakin ümumi uçot aparır. Hər bir vəkil öz payına düşən gəlirə görə ayrıca vergi ödəyir. Büro qonorarları kassaya qəbul edir və bölüşdürür. Bu zaman şəffaf uçot tələbləri çox sərtdir.

Misal 3: Vəkil bürosuna ay ərzində 20.000 manat vəsait daxil olub. Tutaq ki, burada 4 vəkil fəaliyyət göstərir. Bərabər bölgü zamanı hər vəkilin gəliri 5.000 manat olacaq:

20.000 : 4 = 5.000 manat.

Bu zaman hər bir vəkil yuxarıdakı gəlir vergisi və sosial ödənişləri öz adına ödəyir:

5.000 – 2.500 = 2.500 manat;
2.500 x 14% = 350 manat;
2.500 x 25% = 625 manat.
Cəmi vergi öhdəliyi: 350 + 625 = 975 manat;
MDSS öhdəliyi: 5.000 x 10% = 500 manat;
İTS öhdəliyi: 400 x 4% = 16 manat.

Vəkil bürosunda işləyən texniki əməkdaşlar və s. isə müvafiq əmək müqaviləsi ilə işə olunur. Onların əməkhaqqından 14% gəlir vergisi, 3% işsizlik sığortası, 25% MDSS ayırmaları (əməkhaqqı fondundan) tutulur və ödənilir.

Mənbə: vergiler.az

Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı nə qədərdir?

posted in: Xəbər | 0

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı (PMS) əldə edənlərin sayı 5 749 nəfərə çatıb.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu ilin iyul ayında peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə), avqust ayında isə II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan vermək üçün I mərhələ üzrə 1 416, II mərhələ üzrə isə 984 nəfər müraciət etmişdi.

Mənbə: report.az

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

ARDNF və SOCAR-ın birgə müəssisəsi 3 illik auditor seçir

posted in: Xəbər | 0

“Azerbaijan Rigs” MMC 2025-2027-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 29-u, saat 23:00-a qədər şirkətin yeləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 152 (“Çinar Plaza”) ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 29-u, saat 23:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, “Azerbaijan Rigs” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Mənbə: report.az

İstənilən bankdan əməkhaqqı almaq: işçi və işəgötürənləri nə gözləyir?

Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

  • əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
  • əməliyyatın xarakteri dəyişdikdə;
  • qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
  • vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq qaydada aparıldıqda.

Qanunvericiliyin bu tələbini vergi eksperti İsmayıl Bağırov misallar əsasında şərh edir.

Öncə əməliyyatın tam və ya qismən ləğv edilməsi, o cümlədən malın tam və qismən geri qaytarılması halına baxaq.

Misal 1: Vergi ödəyicisi mart ayında alıcıya 23.600 manat dəyərində (o cümlədən 3.600 manat ƏDV) mal təqdim edib. Malın dəyəri həmin ay vergi ödəyicisinin bank hesabına daxil olub. Lakin aprel ayında alıcı 5.900 manat (o cümlədən 900 manat ƏDV) məbləğində malı satıcıya geri qaytarıb. Bu halda alıcı və satıcı aprel ayındakı dövriyyələrinin məbləğini dəqiqləşdirməlidirlər. Satıcı mal təqdim edərkən ümumi məbləğə ƏDV hesabladığından, həmin malların qaytarılan hissəsinə düşən ƏDV məbləğini 900 manat bəyannamədə azaltmalı, alıcı isə qaytardığı mallara düşən büdcədən əvəzləşdirdiyi 900 manat ƏDV məbləğini büdcəyə bərpa etməlidir.

Əməliyyatın xarakteri dəyişdikdə…

Misal 2: Vergi ödəyicisi mart ayında 23.600 manatlıq ƏDV ilə birlikdə aldığı və ƏDV-ni əvəzləşdirdiyi malı avqust ayında müəssisənin nizamnamə fonduna pay şəklində qoyub. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə görə, müəssisənin nizamnamə fonduna əmlakın pay şəklində qoyuluşu ƏDV-dən azad edilən əməliyyat hesab edilir. Deməli, vergi tutulan əməliyyatın xarakteri dəyişib və bu səbəbdən də vergi tutulan dövriyyə dəqiqləşdirilməlidir. Çünki vergidən azad olunan əməliyyatlara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Bu halda, avqust ayı üçün vergi tutulan dövriyyə dəqiqləşdirilməli və büdcəyə hesablanmalı olan ƏDV-nin məbləgi aşağıdakı qədər artırılmalıdır:

20.000 x 18% = 3.600 manat.

Qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə…

Misal 3: 2020-ci ilin may ayının 20-də A müəssisəsi alıcıya 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib, həmin tarixə vəsaiti alıb və müvafiq elektron vergi hesab-fakturası təqdim edib. Göstərilən əməliyyat üzrə A müəssisəsi may ayının bəyannaməsində büdcəyə 180 manat ƏDV hesablayıb. İyun ayında malın qiyməti aşağı salınaraq 944 manat (o cümlədən 144 manat ƏDV) razılaşdırılıb və həmin ayda da alıcı tərəfindən ödənilib.

Bu halda, A müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanan ƏDV məbləğini 36 manat azaldır (iyun ayının ƏDV bəyannaməsinin 319-cu sətrində).

180 – 144 = 36 manat.

Misal 4: Tutaq ki, A firması B firmasına 28 iyun 2020-ci il tarixdə 11.800 manat (10.000 manat + 1.800 manat ƏDV) məbləğində mal satıb və həmin tarixdə vəsaiti alıb. 30 günə yaxın müddət keçəndən sonra B firması A firmasına iddia bildirib ki, satdığı malların qiymətləri yüksəkdir, qiymətlər aşağı salınmasa, mallar geri qaytarılacaq. A firması bunu qəbul edir və razılaşır ki, satdığı malların dəyəri 9.440 manat (8.000 manat + 1.440 manat ƏDV) məbləğində qəbul olunsun. Bununla bağlı tərəflər 31.07.2020-ci il tarixində müvafiq sənədləşmələr aparırlar.

Bu halda, A firması iyun ayının ƏDV bəyannaməsində dövriyyə kimi 11.800 manat (10.000 manat + 1.800 manat ƏDV) göstərəcək və B firmasına elektron qaimə-faktura təqdim edəcək. 31.07.2020-ci il tarixdə isə əməliyyat üçün müəyyənləşdirilən kompensasiya dəyişdiyindən, iyun ayında təqdim olunan elektron qaimə-faktura dəqiqləşdirilmiş kimi yenidən 9.440 manat (8.000 manat + 1.440 manat ƏDV) məbləğində veriləcək. İyul 2020-ci il tarixli ƏDV hesabatında 163-cü maddə əsas göstərilərək dəqiqləşdirilmiş dövriyyə olmaqla, 2.360 manat (2.000 manat + 360 manat ƏDV) azaldılan dövriyyə yazılacaq.

Vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq qaydada aparıldıqda…

Misal 5: A müəssisəsi 2020-ci ilin may ayında B müəssisəsinə 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib, lakin alıcıya təqdim olunan elektron qaimə-fakturada malın dəyərini səhvən 1.298 manat (o cümlədən 198 manat ƏDV) göstərib. Malın dəyəri B müəssisəsi tərəfindən may ayında ödənilib. Müvafiq olaraq, göstərilən əməliyyat üzrə may ayının bəyannaməsində A müəssisəsi büdcəyə 198 manat ƏDV hesablayıb. B müəssisəsi isə 198 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirib. İyun ayında bəlli olub ki, may ayında təqdim olunmuş elektron qaimə-fakturada malın dəyəri səhv göstərilib. Bu halda:

– A müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanmış ƏDV məbləğini 18 manat azaldır (iyun ayının ƏDV bəyannaməsinin 319-cu sətrində):

198 – 180 = 18 manat
– B müəssisəsi may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və əvəzləşdirilmiş 18 manat ƏDV məbləğini büdcəyə hesablayır (iyun ayının ƏDV bəyannaməsinin 318-ci sətrində).

Vergi Məcəlləsinin 163.2-ci maddəsinə əsasən, vergi ödəyicisi Vergi Məcəlləsinin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:

– ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə; yaxud

– ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Misal 6: A MMC B MMC-yə 2020-ci ilin may ayında 1.180 manat (o cümlədən 180 manat ƏDV) dəyərində mal göndərib. Lakin alıcıya təqdim olunan elektron qaimə-fakturada malın dəyərini səhvən 1.400 manat (o cümlədən 213,6 manat ƏDV) göstərib. Malın dəyəri B MMC tərəfindən may ayında ödənilib. Göstərilən əməliyyat üzrə may ayının bəyannaməsində A MMC büdcəyə 213,6 manat ƏDV hesablayıb. B MMC isə 213,6 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirib. İyun ayında müəyyən olunub ki, may ayında təqdim edilmiş elektron qaimə-fakturada malın dəyəri səhv göstərilib. Belə olan halda:

– A MMC may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və büdcəyə hesablanmış ƏDV məbləğini 33,6 manat azaldır:

213,6 – 180 = 33,6 manat.

– B MMC may ayının vergi tutulan dövriyyəsini iyun ayı üçün təqdim edilən bəyannamədə dəqiqləşdirir və əvəzləşdirilmiş 33,6 manat ƏDV məbləğini büdcəyə hesablayır.

Göründüyü kimi, təqdim olunan elektron qaimə-fakturalar satıcıda ƏDV tutulan dövriyyəni, alıcıda isə əvəzləşdirilən dövriyyəni müəyyən edir və bir-birinə bərabərdir. Əgər təqdim olunan elektron qaimə-fakturalarda dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar aşkar olunursa, bu halda həm satıcının, həm də alıcının dövriyyəsində müvafiq dəqiqləşdirmələr aparmaq zəruriliyi yaranır. Dövriyyənin dəqiqləşdirilməsi zamanı büdcəyə hesablanmalı və ya əvəzləşdirilməli olan ƏDV məbləği hər iki tərəfdə arta və ya azala bilər.

Mənbə: vergiler.az

Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?

1 142 143 144 145 146 147 148 2. 396