Mart ayında 13 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

2026-cı ilin mart ayının qeyri-iş günləri açıqlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasn növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Mənbə: banker.az

Vergiqoyma və vergitutmanın mahiyyəti və əsas prinsipləri nədir?

Vergiqoyma və vergitutmanın mahiyyəti və əsas prinsipləri nədir?

posted in: Xəbər | 0

Mövzunu Kapital Bankın Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin meneceri Fariz Yadigarov şərh edir.

Vergilər müasir dövlətin mövcudluğunu və davamlı fəaliyyətini təmin edən əsas maliyyə alətlərindən biridir. Dövlətin iqtisadi, sosial və institusional funksiyalarının həyata keçirilməsi, büdcə xərclərinin maliyyələşdirilməsi, sosial rifahın təmin olunması və iqtisadi inkişafın stimullaşdırılması bilavasitə vergi sistemi ilə bağlıdır. Lakin vergi sisteminin effektivliyi təkcə yığılan vergi məbləği ilə ölçülmür. Bir demokratik dövlətin əsas iqtisadi-analitik indikatorlarından biri də həmin dövlətdə vergilərin hansı prinsiplər əsasında müəyyən edilməsi və necə tutulmasıdır.

Elmi ədəbiyyatda və praktikada çox zaman vergiqoymanın prinsipləri ilə vergitutmanın prinsipləri eyniləşdirilir və ya bir-biri ilə qarışdırılır. Halbuki bu anlayışlar mahiyyət etibarilə fərqlidir. Vergiqoyma prinsipləri daha çox normativ-konseptual xarakter daşıyır və dövlətin vergi siyasətini formalaşdırarkən rəhbər tutmalı olduğu əsasları ifadə edir. Vergitutma prinsipləri isə texniki-inzibati xarakterə malik olub konkret vergilərin hesablanması, yığılması və nəzarət mexanizmlərini tənzimləyir. Bu anlayışlar arasındakı fərqin nəzərə alınmaması bir çox hallarda qanunvericiliyin şərhi zamanı metodoloji səhvlərə, vergi normalarının yanlış tətbiqinə və nəticə etibarilə vergi mübahisələrinin artmasına səbəb olur.

Xüsusilə qeyd edilməlidir ki, vergiqoyma və vergitutma sahəsində mövcud olan əsas prinsiplər (qanunilik, ədalətlilik, hüquqi müəyyənlik, subyekt əsaslılıq, hüquqi faktların təkrarlanmasının yolverilməzliyi və s.) çox zaman normativ aktların tətbiqi zamanı lazımi şəkildə nəzərə alınmır.

Bu yazının məqsədi vergiqoyma və vergitutma prinsiplərini sistemli şəkildə izah etmək, onların hər birini ətraflı təhlil etmək, bu prinsiplər arasındakı fərqləri aydın şəkildə ortaya qoymaqdır.

Vergiqoymanın mahiyyəti

Vergiqoyma dövlətin maliyyə fəaliyyətinin əsas və ayrılmaz tərkib hissəsidir. O, dövlətin öz funksiyalarını həyata keçirmək məqsədilə fiziki və hüquqi şəxslər üçün qanunvericilik yolu ilə məcburi vergi öhdəlikləri müəyyən etməsi prosesi kimi xarakterizə olunur. Vergiqoyma nəticəsində dövlət hansı gəlirlərin, əmlakın və ya iqtisadi əməliyyatların vergiyə cəlb olunacağını, vergi ödəyicilərinin dairəsini, vergi dərəcələrini və güzəştləri müəyyən edir. Elmi baxımdan vergiqoyma yalnız fiskal gəlir toplamaq mexanizmi deyil, eyni zamanda iqtisadi və sosial siyasətin mühüm alətidir. Vergiqoyma dövlətin əsas funksiyalarından olan fiskal, iqtisadi və sosial tənzimləmə funksiyalarının həyata keçirilməsində həlledici rol oynayır.

Vergiqoymanın fiskal mahiyyəti. Vergiqoymanın əsas və ilkin məqsədi dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasıdır. Vergilər dövlət üçün davamlı və etibarlı maliyyə mənbəyi yaradır. Müdafiə, təhsil, səhiyyə, infrastruktur və sosial təminat xərcləri məhz vergi gəlirləri hesabına maliyyələşdirilir. Bu baxımdan, vergiqoyma dövlətin maliyyə müstəqilliyini təmin edən əsas mexanizmdir.

Vergiqoymanın iqtisadi mahiyyəti. Vergiqoyma iqtisadi proseslərə birbaşa təsir göstərən tənzimləyici vasitədir. Dövlət vergi dərəcələri, vergi bazası və imtiyazlar vasitəsilə istehsal, investisiya, istehlak və məşğulluq səviyyəsinə təsir edə bilər. Məsələn, investisiya yönümlü vergi imtiyazları kapital qoyuluşlarını stimullaşdırır, yüksək aksiz dərəcələri isə müəyyən malların istehlakını məhdudlaşdırır və s.

Bu mənada, vergiqoyma iqtisadi azadlıqları məhdudlaşdıran deyil, düzgün qurulduqda (!) iqtisadi inkişafı təşviq edən alət kimi çıxış edir.

Vergiqoymanın sosial mahiyyəti. Vergiqoymanın mühüm cəhətlərindən biri də onun sosial ədalətin təmin olunmasındakı roludur. Proqressiv vergi dərəcələri və sosial yönümlü vergi siyasəti vasitəsilə cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsi həyata keçirilir. Yüksək gəlirli təbəqələrin daha çox vergi ödəməsi sosial bərabərsizliyin yumşaldılmasına xidmət edir. Bu sosial funksiya məhz vergiqoyma mərhələsində formalaşır, çünki dövlət vergi yükünün hansı təbəqələrin üzərinə düşəcəyini bu mərhələdə müəyyən edir.

Vergiqoymanın hüquqi mahiyyəti. Vergiqoyma hüquqi baxımdan dövlətin suveren səlahiyyətlərinin təzahürüdür. Vergilər yalnız qanun əsasında müəyyən edilə bilər və heç bir ödəniş qanuni əsas olmadan vergi kimi tətbiq edilə bilməz. Bu, Azərbaycan Respublikasının vergi qanunvericiliyində də açıq təsbit edilib.

Vergiqoyma normativ xarakter daşıyır və ümumi qaydalar müəyyən edir. Vergiqoymanın mahiyyətini düzgün anlamaq üçün onu vergitutmadan fərqləndirmək vacibdir. Vergiqoyma strateji və normativ mərhələdir – yəni “hansı vergilər və hansı prinsiplərlə tətbiq olunmalıdır?” sualına cavab verir. Vergitutma isə texniki və icraedici mərhələdir – “bu vergilər necə hesablanmalı və yığılmalıdır?” sualını əhatə edir. Məsələn, gəlir vergisinin proqressiv olması vergiqoyma məsələsidir, həmin verginin hansı dövr üzrə hesablanması, bəyanetmə forması və nəzarət mexanizmləri isə vergitutmaya aiddir.

Vergiqoymanın əsas prinsipləri

Vergiqoyma prinsipləri ilk dəfə sistemli şəkildə Adam Smit tərəfindən XVIII əsrdə formalaşdırılıb. Onun irəli sürdüyü prinsiplər bu gün də vergiləndirmə nəzəriyyəsinin fundamental bazasını təşkil edir.

Vergiqoyma prinsipləri aşağıdakı əsas suallara cavab verir:

  • Dövlət hansı vergi növlərini tətbiq etməlidir?
  • Vergi yükü cəmiyyət üzvləri arasında necə bölüşdürülməlidir?
  • Vergilər iqtisadi davranışlara necə təsir edəcək?

Müasir vergiləndirmə nəzəriyyəsi vergiqoyma prosesində aşağıdakı əsas prinsiplərin nəzərə alınmasına əsaslanır:

Ədalətlilik prinsipi. Ədalətlilik prinsipi vergiqoymanın mərkəzi və ən mübahisəli prinsiplərindən biridir. Bu prinsipə görə, vergi yükü vergi ödəyicilərinin ödəmə qabiliyyətinə uyğun şəkildə bölüşdürülməlidir. Yəni, dövlət vətəndaşları “öz imkanlarına uyğun olaraq” vergiyə cəlb etməlidir.

Ədalətlilik prinsipi iki əsas aspektdə təzahür edir:

Üfüqi ədalətlilik – eyni iqtisadi vəziyyətdə olan şəxslərin eyni həcmdə vergi ödəməsini nəzərdə tutur. Məsələn, eyni gəlir əldə edən iki fərdin fərqli vergi yükü daşıması ədalətlilik prinsipinin pozulması hesab olunur.

Şaquli ədalətlilik – fərqli gəlir və sərvət səviyyəsinə malik şəxslərin fərqli vergi yükü daşımasını tələb edir. Bu yanaşma proqressiv vergi dərəcələrinin tətbiqinin nəzəri əsasını təşkil edir.

Ədalətlilik prinsipi məhz vergiqoymaya aiddir, çünki dövlətin hansı dərəcələri və hansı vergi bazalarını seçməsi strateji qərardır. Vergitutma mərhələsində isə bu prinsipin artıq müəyyən edilmiş çərçivədə icrası təmin olunur.

Müəyyənlik (qətiyyətlilik) prinsipi. Müəyyənlik prinsipinə əsasən, hər bir verginin elementləri (vergitutma obyekti, vergitutma bazası, dərəcəsi, dövrü və s.) əvvəlcədən dəqiq müəyyən edilməlidir. Vergi ödəyicisi hansı şərtlərlə vergi ödədiyini tam bilməlidir. A.Smit bu prinsipi vergi inzibatçılığında sui-istifadələrin qarşısını alan əsas amil kimi qiymətləndirib.

Müəyyənlik prinsipi vergiqoyma mərhələsində formalaşır, çünki bu mərhələdə qanunvericilik verginin bütün hüquqi elementlərini müəyyən edir. Əgər vergi qanunvericiliyi qeyri-müəyyəndirsə, bu, vergitutma zamanı subyektiv yanaşmalara və korrupsiya risklərinə səbəb olur.

Ümumi məcburilik prinsipi. Bu prinsipə görə, qanunla müəyyən edilmiş vergilərdən yayınma yolverilməzdir və bütün vergi ödəyiciləri üçün bərabər məcburilik mövcuddur. Vergilərin könüllü deyil, məcburi xarakter daşıması dövlətin fiskal suverenliyinin ifadəsidir. Ümumi məcburilik prinsipi vergiqoyma ilə bağlıdır, çünki dövlət hansı subyektlərin vergi ödəyicisi olacağını və hansı hallarda imtiyazların tətbiq ediləcəyini bu mərhələdə müəyyən edir.

Səmərəlilik prinsipi vergiqoymanın iqtisadi təsirlərini nəzərə alır. Bu prinsipə əsasən, vergilər iqtisadi fəaliyyətə minimum mənfi təsir göstərməli, bazar mexanizmlərini mümkün qədər az təhrif etməlidir. Eyni zamanda, vergilər dövlət üçün sabit və kifayət qədər gəlir mənbəyi yaratmalıdır. Burada fiskal səmərəliliklə iqtisadi səmərəlilik arasında balansın qorunması vacibdir.

Elastiklik və sabitlik prinsipi. Müasir vergi sistemlərində vergilər iqtisadi dövrlərə, konyuktura uyğunlaşa bilməli (elastiklik), eyni zamanda dövlət büdcəsi üçün davamlı gəlir təmin etməlidir (sabitlik). Məsələn, gəlir vergisi iqtisadi artım dövründə avtomatik olaraq daha çox gəlir formalaşdırır ki, bu da elastikliyin təzahürüdür. Bu prinsip də vergiqoyma xarakterlidir, çünki vergi növlərinin seçimi və strukturu uzunmüddətli strateji qərardır.

Mənbə: vergiler.az

Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?

Kredit müddəti bu hallarda uzadıla bilər

posted in: Xəbər | 0

Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddəti uzatmaq istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə uzadıldıqda aylıq ödəniş azalır.

Bəs bu, nə qədər əlçatandır və hər kəsə şamil oluna bilərmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur. Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini sübut etsə və bank buna razılıq versə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.

Ekspertlərin bildirdiyinə görə, banklar bu cür güzəşt və şərtlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə aid edilməyə bilər.

Mənbə: banker.az

Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?

Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ yekunlaşıb. Belə ki, Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.

“K Group” MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində baş tutan layihə uğurla sona çatıb. Beləliklə bu gündən etibarən Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən hər kəs gediş haqqını bütün banklara məxsus təməssız ödənişi dəstəkləyən (NFC) yerli bank kartları ilə ödəyə bilər. Bununla da paytaxtın ictimai nəqliyyat sistemində tam rəqəmsal ödəniş mühiti formalaşdırılıb.

Yenilik təkcə Kapital Bank/Birbank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

1 64 65 66 67 68 69 70 2. 382