Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,5 % artaraq 859,3 min təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artaraq 58,4 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 %artıb və 232,8 min təşkil edib.

Mənbə: report.az

Əmək müqavilələrinin sayı artır

Əmək müqavilələrinin sayı artır

posted in: Xəbər | 0

Bu il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 895 378 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 493 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 491 744 vahid artıb və 1 031 666 olub.

Mənbə: report.az

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Barter və borcların qarşılıqlı silinməsində ƏDV nə vaxt ödənilir?

posted in: Xəbər | 0

Qarşılıqlı ticarət əməliyyatları zamanı bir çox hallarda vergi ödəyicilərinin debitor və kreditor borcları formalaşır. Bu zaman onları maraqlandıran əsas məsələlərdən biri əməliyyatların barter əməliyyatları kimi qiymətləndirilib-qiymətləndirilməməsi və ƏDV-nin müəyyən olunması vaxtıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov nümunələr əsasında şərh edir. 

Misal 1

“AA” MMC 2025-ci ilin noyabr ayının əvvəlində “SS” MMC-yə cəmi 11.800 manatlıq (10.000 manat + 18% ƏDV 1.800 manat) mallar satıb və “SS” MMC tərəfindən malların dəyəri ödənilməyıb. Eyni zamanda, noyabrın ortalarında “SS” MMC “AA” MMC-yə cəmi 11.800,00 manatlıq (10.000 manat + 18% ƏDV 1.800 manat) mallar satıb və “AA” MMC tərəfindən malların dəyəri ödənilməyib.

Misal 2

“AA” MMC 2025-ci ilin noyabr ayının əvvəlində “SS” MMC-yə cəmi 11.800 manatlıq (10.000 manat + 18% ƏDV 1.800 manat) mallar satıb və “SS” MMC tərəfindən malların dəyəri ödənilməyib. Eyni zamanda, dekabr ayında “SS” MMC “AA” MMC-yə cəmi dəyəri 11.800 manat olan (10.000 manat + 18% ƏDV 1.800 manat) mallar satıb. “AA” MMC isə malların dəyərini ödəməyib. Hər iki halda tərəflər arasında aparılan əməliyyatlar barter əməliyyatları sayılırmı? Bu zaman ƏDV məqsədləri üçün vergitutma vaxtı necə tənzimlənir?

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662-ci maddəsində göstərilib ki, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.4-cü maddəsində qeyd edilib ki, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Həmçinin, birbaşa ƏDV-nin tutulması vaxtının müəyyənləşdirməsi də Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Məcəllənin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

– natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt.

Həm Mülki Məcəllənin, həm də Vergi Məcəlləsinin tələblərinə nəzər yetirdikdə belə qənaətə gəlmək olar ki, dəyişmə (barter) əməliyyatlarını tərəflər əvvəlcədən müqavilə çərçivəsində razılaşdırmalıdırlar. Barter müqaviləsi adətən bir müqavilə ilə tənzimlənir. Yəni, bir müqavilə çərçivəsində tərəflər bir-birinə təqdim edəcəyi malları, işləri və xidmətləri razılaşdırırlar. Barter müqaviləsi üzrə vergitutma məqsədləri üçün vaxt barterin baş verdiyi tarix sayılır.

Nümunələrdə göstərilən əməliyyatların davamı kimi iki halı nəzərə alaq:

Birinci hal kimi tərəflər bir müqavilə çərçivəsində bir-birinə ümumi dəyəri 11.800 manatlıq malları təqdim etmək və bu əməliyyatın dəyişmə (barter) əməliyyatı kimi nəzərə alınmasını razılaşdırıb. Belə olan halda, birinci misalda “AA” MMC özünün noyabr ayının ƏDV bəyannaməsində 10.000 manatı (əsas məbləğ) Əlavə 3-də 301.1.1.6.-cı sətrində (barter əməliyyatları) təqdim edilən, həm də daxil olunan hissədə yazacaq.

İkinci misalda isə “AA” MMC özünün noyabr ayının ƏDV bəyannaməsində 10.000 manatı (əsas məbləğ) Əlavə 3-də 301.1.1.6.-cı sətrində (barter əməliyyatları) təqdim edilən hissədə yazacaq. Digər tərəf “SS” MMC-dən barter əməliyyatları çərçivəsində mallar daxil olduğuna görə, barterin baş tutması sayıldığından, dekabr ayının ƏDV bəyannaməsində 10.000 manat (əsas məbləğ) Əlavə 3-də 301.1.1.6-cı sətrində (barter əməliyyatları) daxil olan hissədə yazacaq.

Bəs bu hallarda ƏDV-lərin aqibəti necə olacaq?

MMC-lər ƏDV məbləğlərini bir-birinin ƏDV depozit hesabına ödəməlidir ki, hər iki tərəfdə həm hesablama, həm də əvəzləşmə kimi yazılsın. Nəticə olaraq, ƏDV hesabatında büdcəyə əlavə hesablamalar və ödənişlər həyata keçirilməməlidir.

İkinci hal kimi nəzərə alaq ki, tərəflər heç bir barter əməliyyatlarının aparılması haqqında müqavilə bağlamayıblar. Sadəcə, bir tərəf digər tərəfə müqavilə ilə mallar satıb və digər tərəf də sonradan birinci tərəfə mallar təqdim edib. Yəni, barterin aparılması haqqında əvvəldən razılaşma olmayıb.

Burada artıq Mülki Məcəllə və Vergi Məcəlləsinin barter əməliyyatları ilə bağlı müddəaları tətbiq edilmir. Belə ki, “AA” MMC öz mühasibat və vergi uçotunda noyabr ayında təqdim etdiyi 10.000 manat + 18% ƏDV 1.800 manat, cəmi 11.800 manatlıq malları debitor borcları kimi qeyd edəcək. ƏDV bəyannaməsində də 10.000 manat (əsas məbləğ) Əlavə 3-də təqdim edilən mallar hissəsində yazacaq. “SS” MMC-dən aldığı mallara görə 11.800 manatlıq borcu mühasibat və vergi uçotunda noyabr ayında təqdim etdiyi 10.000 manat + 18% ƏDV 1.800 manat, cəmi 11.800 manatlıq kreditor borcları olaraq yazacaq.

Nəticə olaraq, tərəflər bir-birinə borcları ödəməsə, mühasibat uçotunda və vergi uçotunda hər iki tərəfdən borclar qalacaq. ƏDV bəyannamələrində daxilolma və ya əvəzləşdirmə kimi yazılmayacaq.

Tutaq ki, “SS” MMC ümumi dəyəri 11.800 manat olan malları təqdim edəndə tərəflər bir-birinə olan borcları qarşılıqlı əvəzləşdirmək barədə razılığa gəlirlər. Artıq burada Vergi Məcəlləsinin 166.1.2.-ci maddəsinə istinad edilməlidir. Bu maddədə göstərilib ki, ödəmə qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxtda aparılmış sayılır. Maddədən aydın olur ki, tərəflər bir-birinə olan borclarını qarşılıqlı əvəzləşdirirsə, onda ƏDV məqsədləri üçün vergi tutulan vaxtı sayılır.

Odur ki, birinci misalda noyabr ayında, ikinci misalda isə dekabr ayında əməliyyatların barter olmamasına baxmayaraq, tərəflər borclarını qarşılıqlı əvəzləşdirilməsinə razılaşarsa, ƏDV-nin tutulması qarşılıqlı əvəzləşdirmənin rəsmiləşdirildiyi ay olacaq. ƏDV məbləğlərini isə tərəflər bir-birinin ƏDV depozit hesabına ödəməlidirlər ki, hər iki tərəfdə həm hesablama, həm də əvəzləşmə kimi yazılsın. Nəticədə ƏDV hesabatında büdcəyə əlavə hesablamalar və ödənişlər həyata keçirilməsinin qarşısını alacaqlar.

Beləliklə, aydın olur ki, vergitutma məqsədləri üçün barter əməliyyatlarında barterin baş verdiyi tarix vergitutmanın vaxtıdır. Malların, işlərin və xidmətlərin təqdim edilməsindən sonra (barter yox) isə vergitutmanın vaxtı qarşılqlı olaraq öhdəliklərin (borcların) ləğv edildiyi tarixdir.

Mənbə: vergiler.az

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?

posted in: Xəbər | 0

Vergi uçotunda olmayan şəxs dövlət qurumuna mülki müqavilə çərçivəsində xidmət göstərib və 980 manat xidmət haqqı əldə edib. Şəxs atasının Böyük Vətən müharibəsində həlak olduğunu əsas gətirərək və hərbi komissarlığın sənədini təqdim etməklə aparılan ödənişlərdən vergilərin tutulmamasını xahiş edir. Ödənilən xidmət haqqından vergi və sığorta haqları tutulmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mülki-hüquqi müqavilələr çərçivəsində fəaliyyət göstərən fiziki şəxslərə münasibətdə vergi və sığorta qanunvericiliyində güzəşt və azadolma müəyyən edilməyib.

Müraciətdə göstərilən halda, vergi uçotunda olmayan fiziki şəxs tərəfindən müvafiq qurumla bağlanılmış mülki-hüquqi müqavilə əsasında göstərilən xidmətlərə (işlərə) görə aparılan ödənişlərdən ödənişi aparan dövlət qurumu tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi, gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı, gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi həcmində icbari tibbi sığorta haqqı tutulur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 101-ci, 102-ci və 150-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarla tənzimlənir.

Mənbə: vergiler.az

Vergi Məcəlləsi islahatları ictimai iaşə sahəsini necə yaxşılaşdıracaq?

1 62 63 64 65 66 67 68 2. 382