Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Qanunvericiliyin bu tələbini təlimçi ekspert Aqil Ağayev şərh edir.

Təcrübədə gecə vaxtı və çoxnövbəli iş rejiminə bəzən düzgün yanaşılmır. Öncə bilməliyik ki, gecə vaxtı yerinə yetirilən işin müddəti Məcəllədə göstərildiyi kimi, saat 22:00-06:00 aralığındadır. Bəs çoxnövbəli iş rejimi və gecə vaxtının fərqi nədir?

Çoxnövbəli iş rejimi dedikdə, mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

1. Çoxnövbəli iş rejimində (gecə və axşam növbəsi):

  • Gecə növbəsində əməkhaqqının 40 faizi həddində əlavə haqq müəyyən edilir;
  • Axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq müəyyən edilir.

İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00 -dək ) düşən iş növbəsi isə gecə növbəsi hesab edilir.

Gecə növbəsinin hesablanmasının praktiki izahı:

Misal 1

Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 20:00-dan 04:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı məbləği 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:

(1000 : 160) x 160 =1000 manat (aylıq əməkhaqqına görə hesablama);

1000 x 40% = 400 manat (gecə növbəsinə görə hesablama);

1000 + 400 = 1400 manat (cəmi hesablanmış əməkhaqqı).

Göründüyü kimi, iş saatları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun olaraq 22:00-06:00 aralığında deyil, 20:00-04:00 aralığındadır. Diqqət edilməli məqam isə odur ki, əməkdaşın ilk iki saatı gecə vaxtına düşmür, lakin hesablamaya daxil edilib. Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarına əsasən, “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə İZAHAT” təsdiq edilib. Həmin sənədə görə, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00-a qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir.

İş növbəsinin başlanma və bitmə saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. Çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanır.

Axşam növbəsinin hesablanmasının misal üzərindən izahı:

Misal 2

Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 12:00-dan 20:00-dək (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:

(1000 : 160) x 160 = 1000 manat (aylıq əməkhaqqıya görə hesablama);

1000 x 20% = 200 manat (axşam növbəsinə görə hesablama);

1000 + 200 = 1200 manat (cəmi hesablanmış əməkhaqqı).

Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq müəyyən edilir.

Gecə vaxtının praktiki izahı:

Misal 3

Müəssisənin əməkdaşının işə başlama və işi bitirmə saatları 15:00-dan 23:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən edilib. 5 günlük iş rejimində aylıq iş norması 160 saat olub. Aylıq əməkhaqqı isə 1000 manatdır. Onun 1 iş günü üçün ödəniləcək əməkhaqqının məbləğini hesablayaq:

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.

1000 : 160 = 6.25 manat (1 saat üçün əməkhaqqı);

6.25 x 8 = 50 manat (bir iş günü üçün əməkhaqqı)

6.25 x 1 x 20% = 1.25 manat (gecə vaxtına düşən əməkhaqqı)

50 + 1.25 = 51.25 manat (hesablanmış bir iş günü üçün əməkhaqqı).

Diqqət edilməli məqam odur ki, “Gecə vaxtı”, “Gecə növbəsi” və “Axşam növbəsi”nin hesablama qaydası fərqlidir.

Mənbə: vergiler.az

Tibb müəssisələrinə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən vergi güzəştləri

DSMF auditor seçib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparatının və struktur bölmələrinin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “KPMG Audit Azərbaycan” MMC-dir.

Qalib şirkətə 600 min manat ödəniləcək.

Mənbə: report.az

Azərbaycanda vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi təkmilləşdirilib

Tibb müəssisələrinə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən vergi güzəştləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də tibb müəssisələri ilə bağlıdır. Məcəlləyə əlavə edilən 164.1.51-1-ci maddəyə əsasən, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilir. “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə bu yenilikləri şərh edir. 

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə bir sıra vergi güzəşti tətbiq ediləcək. Bunlardan biri də əlavə dəyər vergisi ilə bağlıdır. Bununla bağlı Vergi Məcəlləsinə 164.1.51-1-ci maddə əlavə edilib.

Digər yenilik isə gəlir vergisinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinə əlavə olunan 174.5-ci maddəyə əsasən, tibbi müəssisələrin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Misal: “BB” MMC tibb müəssisəsinin aylıq cəmi vergiyə cəlb edilən dövriyyəsi 480.000 manat olub. Dövriyyənin 120.000 manatı POS-terminal vasitəsilə əldə edilib. Müəssisənin aylıq əvəzləşdirə biləcəyi ƏDV isə 25.200 manatdır.

ƏDV-yə cəlb edilməli əməliyyat:

120.000 x 50% = 60.000 manat;

480.000 – 60.000 = 420.000 manat;

420.000 x 18% =75.600 manat.

Əvəzləşdirilən ƏDV məbləği – 25.200 manat.

Büdcəyə ödəniləcək ƏDV məbləği: 75.600 – 25.200 = 50.400 manat.

Misaldan da görə bilirik ki, POS-terminal vasitəsilə əldə edilən 120.000 manatın 50% -lik hissəsi ƏDV-yə cəlb edilmədi. Yəni şəxs 60.000 x 18% = 10.800 manat ƏDV ödəməyəcək.

Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də mənfəət (gəlir) vergisinə cəlb edilməyəcək.

Mənbə: vergiler.az

Azərbaycanda vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi təkmilləşdirilib

Azərbaycanda vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi təkmilləşdirilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə bu ildən edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi təkmilləşdirilib.

Məlumata görə, Məcəllədə vergi borcuna görə möhlət verilməsi mexanizmi sahibkarlıq subyektlərinin kateqoriyası üzrə borc məbləğindən asılı olaraq müəyyən edilmişdi. Məcəlləyə əsasən mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan az olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmırdı. Bu səbəbdən vergi borcu qeyd edilən məbləğlərdən az olan vergi ödəyiciləri möhlət hüququndan istifadə edə bilmirdilər.

İnzibatçılığın yüngülləşdirilməsi məqsədilə edilən dəyişikliyə əsasən bu məbləğlərin ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 500 manat müəyyən edilməsi təsbit olunub. Bununla da kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2 00020 000 və 100 000 manatdan 500 manata endirilib ki, bu da bu alətdən faydalanmaq istəyən vergi ödəyiciləri üçün əlverişli imkan yaradır.

Digər tərəfdən, Məcəllənin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100 000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300 000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300 000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir.

Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 %-ni ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq.

Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq ediləcək və bu alətdən istifadə edilməsi vergi ödəyiciləri tərəfindən borcların daha rahat şəkildə ödənilməsi imkanlarını yaratmış olacaq.

Əlavə olaraq bu istiqamətdə bır sıra dəyişikliklər edilib:

  • Dövlət satınalmalarından irəli gələrək və ya mövsümi işlərlə əlaqədar vergi borcuna möhlət verilməsi ilə bağlı müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olması tələb edilən müddət 3 ildən 2 ilə endirilir;
  • Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;
  • Möhlət müddəti ərzində möhlət verilmiş borca münasibətdə borcun alınması ilə bağlı tədbirlər dayandırılır.

Mənbə: report.az

Elektron alış aktı ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

1 353 354 355 356 357 358 359 2. 397