Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Son vaxtlar ezamiyyə normalarına edilmiş dəyişikliklərdən biri də xarici ezamiyyələr zamanı “taksidən istifadə istisna olmaqla” ifadəsinin ləğv edilməsidir.

Bu məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı ilə tənzimlənilir. 4 aprel 2024-cü il tarixli 200 nömrəli qərarla isə həmin qərara dəyişiklik edilib.

“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda əvvəlki versiyada belə yazılıb:

“Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir”. 4 aprel 2024-cü il tarixli dəyişiklikdən sora isə həmin maddə aşağıdakı kimi verilib: “Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir”.

Bu halda ezamiyyələr zamanı taksiyə görə xərclər üçün əlavə ödənişlər edilməlidirmi?

Məsələyə tam aydınlıq gətirmək üçün şəhərdaxili nəqliyyat anlayışını açıqlamalıyıq. Belə ki, nəqliyyat ifadəsi “Nəqliyyat haqqında” 11 iyun 1999-cu il tarixli Qanun ilə tənzimlənilir. Qanunun 1-ci maddəsində göstərilib ki, “nəqliyyat” – Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri hesab edilir. Maddədən aydın olur ki, avtobuslar, tramvaylar, qatarlar, taksilər və digərləri nəqliyyat vasitəsi sayılır.

Bundan əlavə, ictimai nəqliyyat ifadəsi əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı vasitəsi mövcuddur. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. Onlara misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.

Göründüyü kimi, ictimai nəqliyyat hamının istifadə edəcəyi nəqliyyat vasitələridir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, avtobuslar, tramvaylar, qatarlar, trolleybuslar ictimai nəqliyyat sayılır. Ancaq taksi hamının istifadə etməsi üçün nəzərdə tutulmuş ictimai nəqliyyat deyil. Eyni zamanda, taksi xidməti şəhərdaxili nəqliyyat sayılır. Ona görə də 4 aprel 2024-cü ilə kimi qaydalarda taksi şəhərdaxili nəqliyyat sayıldığından və normalarda taksiyə görə ödənilən haqlar da ezamiyyə normalarında daxil olmadığına görə, bu xərc üçün təsdiqedici sənədlərlə əlavə vəsait ödənilirdi.

Məsələn, 04.04.2024-cü il tarixinə kimi işçi xarici ölkəyə ezamiyyətə gedibsə və həmin ölkədə taksidən istifadə edibsə, onda taksi xidmətinə görə ödənilən vəsaitlərin təsdiqedici sənədlərini təqdim etməklə həmin vəsaiti ala bilərdi.

Amma 04.04.2024-cü il tarixindən “taksidən istifadə istisna olmaqla” ifadəsi ləğv edildiyindən, artıq taksi xidmətinə görə ödənilən vəsait də xarici ezamiyyələr zamanı ödənilən normalara daxildir.
Bəs şəhərlər arasında ödənilən taksi və ya digər ictimai nəqliyyat xərcləri bu normalara daxildirmi? Qaydalardan da göründüyü kimi, normalara ancaq şəhərdaxili nəqliyyat xərcləri daxildir. Əgər ezamiyyə müddətində işçi müxtəlif şəhərlərə gedərsə, şəhərlər arasında ödənilmiş ictimai nəqliyyat və taksi xidmətlərinə görə məbləğlər təsdiqedici sənədlər əsasında əlavə olaraq ödənilməlidir.

Mənbə: vergiler.az

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında tələbələr üçün “Birbank” təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə təşkil edilən seçim prosesini uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Təqaüd proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı tələbələrə “Data”, “Agile” və “Karyeraya doğru addımlar” mövzularında 3 bankdaxili sessiya, həmçinin “Karyera və peşəkar inkişaf”, “Kommunikasiya və təqdimatların aparılması bacarıqları” mövzularında 2 təlim keçirilib. Bu məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar qazandırmaq məqsədi ilə həyata keçirilib.

Növbəti mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar.

Tezliklə “Birbank” təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar. Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin keçirilməsi nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

posted in: Xəbər | 0

Müəssisəmiz xaricdən kartof idxal edərək ölkədə topdansatışını həyata keçirir. Bildiyimizə görə, kənd təsərrüfatı mallarının topdan və pərakəndə satışının ticarət əlavəsi tətbiq edilməklə həyata keçirilməsi və ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi mövcud qanunun tələbləridir. Belə olan halda, idxal etdiyimiz həmin məhsullara görə ödənilmiş ƏDV məbləğini necə əvəzləşdirə bilərik?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Vergi Məcəlləsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş 175.13-cü maddəyə əsasən, bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq, idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri həmin məhsullara görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumat formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd olunan müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Qeyd olunanlara əsasən, müəssisə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəyi tarixədək müvafiq məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməklə idxal olunan kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirə və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 175.12-ci və 175.13-cü maddələri

Mənbə: vergiler.az

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu auditor seçir

posted in: Xəbər | 0

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini iyunun 21-nə qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 21-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

 

1 301 302 303 304 305 306 307 2. 387