Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

posted in: Uncategorized | 0

Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə, məzuniyyətlərin verilmə növbəsi ilə nəzərdə tutulmuş məzuniyyətin vaxtının cari ilin başqa vaxtına keçirilməsi və eləcə də məzuniyyətin 21 təqvim günündən artıq hissəsinin başqa iş ilinə keçirilməsi başa düşülməlidir.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:

    • əmək qabiliyyəti müvəqqəti itirildikdə;
    • əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
    • dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;
    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını almalıdır.

Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.

Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləşdirilə bilər.

Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

posted in: Uncategorized | 0

İşçilərə əmək məzuniyyətləri istehsalın və işin normal gedişinə xələl gətirilməməsi, məzuniyyətlərin uçotunun düzgün aparılması üçün müəyyənləşdirilmiş növbə ilə verilməlidir.

Məzuniyyətlərin verilmə növbəsi hər il yanvar ayının sonunadək həmkarlar ittifaqı ilk təşkilatının rəyi öyrənilməklə işverən tərəfindən təsdiq edilir.

Məzuniyyətlər təsdiq edilmiş növbə ilə müəyyənləşdirilmiş vaxtda verilməlidir.

Yalnız bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan hallarda məzuniyyətin verilməsi başqa vaxta keçirilə bilər. Bu zaman məzuniyyətlərin verilmə növbəsində əsaslandırılmaq şərti ilə müvafiq dəyişikliklər edilməlidir.

Aşağıdakı işçilərə məzuniyyət özlərinin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməlidir:

    • 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;
    • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
    • hərbi qulluqçu arvadına (ərinə);
    • əlillərə;
    • döyüşən ordunun tərkibində olmuş bütün müharibə iştirakçılarına;
    • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalmış və ya şüa xəstəliyinə tutulmuş şəxslərə;
    • on səkkiz yaşına çatmamış işçilərə;
    • istehsalatdan ayrılmadan təhsil alan işçilərə;
    • bu Qanunun 10-cu maddəsində göstərilmiş şəxslərə.

Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

posted in: Uncategorized | 0

Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir:

    • iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
    • qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü;
    • sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
    • qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məhrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənar laşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri, habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Əmək məzuniyyətlərinin verilməsi qaydası

posted in: Xəbər | 0

İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.

İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.

Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:

    • qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl,yaxud sonra;
    • on səkkiz yaşına çatmamış işçilərin;
    • müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;
    • əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
    • hərbi qulluqçu arvadının (ərinin);
    • təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
    • qanunvericilikdə nəzərdə tutulan hallarda müəssisədən sərbəstləşdirilmiş işçilərin;
    • əlillərin;
    • bir müəssisədən başqa müəssisəyə keçirilmiş işçilərin.

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq məzuniyyətlər yay tətili dövründə verilir.