» » » Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

posted in: Uncategorized | 0
birbank biznes

Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə, məzuniyyətlərin verilmə növbəsi ilə nəzərdə tutulmuş məzuniyyətin vaxtının cari ilin başqa vaxtına keçirilməsi və eləcə də məzuniyyətin 21 təqvim günündən artıq hissəsinin başqa iş ilinə keçirilməsi başa düşülməlidir.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:

    • əmək qabiliyyəti müvəqqəti itirildikdə;
    • əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
    • dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;
    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını almalıdır.

Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.

Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləşdirilə bilər.