Çalışmanın yaş həddi nə qədərdir və kimlərə tətbiq olunur?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova qanunvericiliyin bu tələbini şərh edir.

Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində göstərilib ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Qanunvericiliyin tələbinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılan işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışmanın yaş həddinə çatdıqda işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilib. Həmin sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

  • Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
  • Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
  • İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
  • Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
  • Dövlət mükafatı laureatı olması;
  • 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə.

Onu da qeyd edək ki, çalışmanın yaş həddinə görə əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə tətbiq edilir.

Mənbə: vergiler.az

Vergi orqanı tərəfindən sənədlərin vergi ödəyicisinə göndərilməsi qaydası

“Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

posted in: Xəbər | 0

Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda Ümumrespublika olimpiadasının keçirilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq Qaydalar təsdiq edilib.

Olimpiada seçim və yekun turlarından ibarət olmaqla iki mərhələdə keçiriləcək. Olimpiadanın seçim turu may ayında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun tərtib edilmiş test sualları əsasında aparılacaq. Bu mərhələdə 25 universitetin hər birindən 50 qiymətləndirmə balından yuxarı ən yüksək nəticə göstərən 5 nəfər yarışın final mərhələsinə vəsiqə qazanacaq.

Seçim turunda uğur qazanan namizədlər iyun ayında olimpiadanın yekun turunda iştirak hüququ qazanacaq. Yekun turunun DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil edilməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az

Azərbaycan Dövlət Aqrar Universiteti auditor seçib

Vergi orqanı tərəfindən sənədlərin vergi ödəyicisinə göndərilməsi qaydası

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Fuad Heydərli şərh edir.

Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi vergi orqanları tərəfindən vergi ödəyicilərinə sənədlərin və onların surətlərinin göndərilməsi qaydasını müəyyən edir. Bu maddə vergi ödəyicisinin hüquqlarının qorunması, məlumatların düzgün və vaxtında verilməsi məqsədini güdür. Həmçinin, bu qaydalar vergi ödəyiciləri ilə vergi orqanları arasında daha şəffaf və effektiv əlaqə qurulmasını təmin edir.

Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildiyi halda (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:

1. Vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;

2. Poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;

3. Elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

Vergi orqanı tərəfindən vergi ödəyicisinə göndəriləcək sənədin poçtla göndərilməsi halında, həmin sənəd poçt orqanı tərəfindən müəyyən olunmuş müddət ərzində vergi ödəyicisinə çatdırılmalıdır. Poçt xidməti göstərən orqan sənədin çatdırılmasını təsdiq edən sənəd (poçt markası) təqdim edir ki, bu da vergi ödəyicisinə sənədin vaxtında əldə olunmasına zəmanət verir.

Misal 1

Vergi orqanı vergi ödəyicisinə vergi borcu ilə bağlı xəbərdarlıq bildirişi göndərir. Poçt xidmətinə sənədin vergi ödəyicisinə çatdırılmasından sonra sənədin qəbul edilməsi haqqında təsdiq verilir. Bu zaman vergi ödəyicisi həmin bildirişin surətini alır.

Vergi orqanı sənədləri vergi ödəyicisinə elektron şəkildə göndərirsə, sənəd dərhal vergi ödəyicisinin elektron poçtuna və ya müvafiq elektron portalda yerləşdirilərək ona təqdim olunur. Vergi ödəyicisi bu sənədi qəbul etdiyini elektron şəkildə təsdiq edir. Elektron sənədlərin göndərilməsi vergi ödəyicisinin məlumatlara daha sürətli və asan çıxışını təmin edir.

Misal 2

Vergi orqanı vergi ödəyicisinə vergi bəyannaməsinin vaxtında təqdim edilməməsi haqqında xəbərdarlıq məktubu göndərir. Bu xəbərdarlıq məktubu vergi ödəyicisinin qeydiyyatda olduğu elektron xidmət portalına göndərilir. Vergi ödəyicisi həmin məktubu orada görür və məktubun qəbul olunduğunu təsdiq edir.

Vergi orqanı tərəfindən əgər hansısa bir sənədin orijinalını göndərmək çətin və ya mümkün deyilsə, ona həmin sənədin surəti göndərilə bilər. Bu zaman vergi ödəyicisinə sənədin surəti təqdim edilir və bu surət orijinal sənədin hüquqi gücünü daşıyır.

Misal 3

Vergi orqanı vergi ödəyicisinə müvafiq vergi borcu ilə bağlı sənədin surətini göndərir. Əsl sənəd vergi ödəyicisinə fiziki şəkildə təqdim olunmur, ancaq sənədin surəti vergi ödəyicisinin məlumatlandırılması məqsədini daşıyır.

Vergi orqanı tərəfindən göndərilən sənədlər vergi ödəyicisinin məlumatlarının qorunmasını təmin etmək üçün müəyyən təhlükəsizlik tədbirləri ilə qorunur. Elektron sənədlər şifrələmə metodları ilə qorunur ki, yalnız müvafiq şəxs həmin sənədi görə və istifadə edə bilsin. Poçt vasitəsilə göndərilən sənədlər də etibarlı şəkildə çatdırılır. Həmçinin, vergi ödəyicisi, sənədin göndərildiyi barədə məlumatı mühafizə olunan qeydiyyatlı poçt vasitəsilə alır ki, bu da sənədin düzgün çatdırıldığını təsdiqləyir.

Yekunda onu qeyd etmək istərdik ki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi vergi ödəyicilərinə göndərilən sənədlərin düzgün və vaxtında verilməsi üçün ciddi qaydaları müəyyən edir. Bu maddə vergi ödəyicilərinin hüquqlarının qorunmasını təmin edir və vergi orqanı ilə əlaqə proseslərini şəffaflaşdırır. Bu qaydalar, həmçinin, vergi ödəyicilərinin verilən sənədlərə vaxtında və düzgün cavab vermələrini asanlaşdırır.

Mənbə: vergiler.az

Mühasibat uçotu haqqında qanunda dəyişiklik edilib

Azərbaycan Dövlət Aqrar Universiteti auditor seçib

posted in: Xəbər | 0

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Hesabat” MMC-dir.

Qalib şirkətə 2 171 manat ödəniləcək.

ADAU 1991-ci ildən mövcud olmuş Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının bazasında 2009-cu ildə yaradılıb, özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsidir.

Mənbə: report.az

Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

1 180 181 182 183 184 185 186 2. 387