Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinin öncəki redaksiyasında qeyd edilirdi ki, əmək münasibətləri əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə məlumat göndərilməsindən sonra yaranır. “Əmək müqaviləsi bildirişi” anlayışı bu Məcəllədən çıxarıldığı üçün 7-ci maddənin 2-ci bəndində dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, əmək münasibətləri əmək müqaviləsi bildirişi qeydiyyata alındıqda yox, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranacaq.

Beləliklə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

Əvvəlki redaksiyada Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olunurdusa, yeni redaksiyadan göründüyü kimi, maddənin 2-2-ci hissəsinə də istisna tətbiq edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinin istinad mənbəyi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı”dır. Digər bənd isə hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.

Bu maddə ilə bağlı xüsusi məqam odur ki, əvvəllər yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması mümkün idisə, 21 may 2024-cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişiklik nəticəsində xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) mümkündür.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərin hüquqları da genişləndirilib. Əvvəllər işçi ƏMAS altsisteminə daxil olmaqla öz iş yerindən arayışı elektron formada yükləmək hüququna malik idi. Bu zaman ƏMAS altsistemi işçiyə imkan yaradırdı ki, həm əməkhaqqı qeyd edilməklə, həm də əməkhaqqı məbləği qeyd olunmadan iş yerindən arayış əldə etsin. Ancaq əmək müqaviləsi kağız formada imzalandığı üçün işçi həmin əmək müqaviləsi, o cümlədən elektron xitam əmri haqqında məlumatı ƏMAS altsistemindən əldə etmək hüquna malik deyildi. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş “o” bəndinə əsasən, elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüquqlarına aid edilib. Əmək müqaviləsinin elektron sənəd formasında hazırlanmasına keçid prosesindən sonra işçi ƏMAS altsistemindəki şəxsi kabinetindən aşağıdakı məlumatları əldə edə bilər:

  • Elektron sənəd formasında bağlanmış əmək müqavilələri;
  • Xitam əmrləri;
  • Əmək müqaviləsi bildirişləri;
  • İş yerinə dair arayış.

Mənbə: vergiler.az

İşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi?

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

posted in: Xəbər | 0

Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanına bəyan etməli və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidirlər. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur. Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan 2 faiz həcmində ödəmə mənbəyində vergi həmin Agentlik tərəfindən tutularaq bəyan ediləcək. Beləliklə, əlilliyi olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliyə görə, həmin şəxslərin DOST Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.

Mənbə: vergiler.az

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

İşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi?

posted in: Xəbər | 0

Sualım işçilərin yeməyi üçün çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlıdır. Əgər bu xidmət əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olan hüquqi şəxsdən elektron qaimə-faktura ilə alınırsa, tam məbləği əvəzləşdirə bilərəmmi? Bu hansı maddə ilə tənzimlənir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, biznes subyektləri tərəfindən çəkilmiş nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı ilə müəyyən edilmiş normada və qaydada gəlirdən çıxılmasına icazə verilir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin 2024-cü il yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, vergi ödəyiciləri tərəfindən həmin tarixdən bu qərarla müəyyən olunmuş qaydada çəkilmiş nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər təsbit olunmuş norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin, yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, bu Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Sorğuya cavab olaraq bildirilib ki, normadan artıq olan məbləğin ƏDV-sinin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 119-cu, 175-ci maddələri, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı

Mənbə: vergiler.az

Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib

Kapital Bank 6 nominasiyada mükafatlandırıldı

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada mükafat qazanıb.

Kapital Bank 2024-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət, təhsilə dəstək, rəqəmsallaşdırma, rəqmsal ödənişlərin təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi və dayanıqlı inkişaf layihələri Kapital Bank-ın çoxillik strategiyasının tərkib hissəsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib

1 183 184 185 186 187 188 189 2. 387