Minimum aylıq əmək haqqının artırılmasının müəllimlərin maaşına təsiri

posted in: Xəbər | 0

Minimum aylıq əmək haqqının artırılmasının müəllimlərin maaşına təsiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də “Minimum aylıq əmək haqqının artırılması haqqında” imzaladığı sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artıb:
  • Pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi) – 77 manat artdı;
  • Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi) – 83 manat artdı;
  • Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi) – 87 manat artdı;
  • Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi) – 93 manat artdı;
  • Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi) – 99 manat artdı.

Eyni zamanda, elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülənlər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllimlər üçün metodiki vəsaitlərin müəlliflərinin maaşına 45 manat əlavə olunacaq.

Fəlsəfə doktorlarının əmək haqqına 60, elmlər doktorlarının əmək haqqına isə 100 manat əlavə olunur. “Əməkdar” fəxri adında 100 manat, “xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi və DSMF hesabatları birləşdirilir

posted in: Vergi, Xəbər | 0

Vergi və DSMF hesabatları birləşdirilir – NAZİRLİKDƏN AÇIQLAMA

Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada birləşdiriləcək. Bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq muzdlu işlə bağlı gəlir vergisi bəyannaməsi, məcburi dövlət sosial sığortası bəyannaməsi, işsizlikdən sığorta üzrə hesabatlar vahid formada birləşdirilərək sahibkarların istifadəsinə veriləcək.

“Düşünürük ki, bu xüsusi standart “Excel” forması olacaq. Həmin sənədi doldurarkən sistemə import edildikdə hər 4 bəyannamənin tələbləri vahid sənəddə müvafiq bölmələrdə doldurulacaq”, – deyə o bildirib.

N.Şirinov əlavə edib ki, bu yenilik həm ölkəmizin “Doing Business” hesabatlarında irəli getməsinə, həm də sahibkarların işini rahatlaşdırmaqda xeyli kömək göstərəcək.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi müvəkkilləri üçün tələblər müəyyən edilib

posted in: Vergi, Xəbər | 0

Vergi müvəkkilləri üçün tələblər müəyyən edilib

Vergilər naziri Mikayıl Cabbarov “Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi”nin nümunəvi formasını təsdiq edib

Sənəddə vergi müvəkkilinə tələblər, onun göstərdiyi xidmətlər, tərəflərin hüquq və vəzifələri, vergi müvəkkilinin xidmət göstərəcəyi vergi ödəyicisi ilə bağlayacağı müqaviləyə dair tələblər, eləcə də sazişin müddəti və xitam verilməsi qaydaları əksini tapıb.

Əməkdaşlıq sazişi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması səbəbindən baş verəcək maliyyə itkiləri üzrə risklərin, vergi nəzarəti tədbirləri üzrə izahatlar və əlavə yazışmalara sərf ediləcək inzibati xərclərin azaldılması, vergi müvəkkilinin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı müraciətlərinə daha operativ, konkret, dəqiq, əsaslandırılmış cavabların alınmasına xidmət edir. Sənəd, eyni zamanda, vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicilərinə münasibətdə həm vergi ödəyicilərinə xidmət, həm də vergi ödəyicilərinə nəzarət baxımından vergi orqanlarının resurslarına qənaət edilməsi məqsədilə vergi orqanı ilə vergi müvəkkilləri arasındakı münasibətləri tənzimləyir.

Sazişə əsasən, vergi müvəkkili vergi ödəyicisi ilə bağladığı müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilər:

  • vergi orqanlarında təmsilçilik xidməti;
  • vergi orqanları ilə münasibətdə sənədlərin hazırlanması xidməti;
  • gəlir və xərclərin uçotunun aparılması xidməti;
  • vergilərin hesablanması xidməti;
  • bəyannamələrin hazırlanması xidməti;
  • bəyannamələrin göndərilməsi xidməti;
  • qanunvericiliyin tələblərinin vergi ödəyicilərinə çatdırılması xidməti;
  • vergi ödəyicisinə onun fəaliyyətinin təşkili sahəsində göstərilən məsləhət xidməti.

Sənəddə vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinə aşağıdakı tələblər yer alıb:

  1. İqtisadiyyat və (və ya) hüquq sahəsində ali təhsil;
  2. Maliyyə, mühasibat, hüquq və ya vergi sahəsində ən azı 3 illik iş təcrübəsi;
  3. Vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməmək;
  4. Vergilər Nazirliyinin müəyyən etdiyi proqram əsasında hər il nazirliyin Tədris Mərkəzində təlim keçmək və təlimin nəticəsində təşkil olunmuş imtahanda müvəffəqiyyət qazanmaq.

Vergi müvəkkili olmaq istəyən hüquqi şəxslərə də bəzi tələblər müəyyən edilib. Onlar yuxarıda sadalanan tələblərə cavab verəcək ən azı 2 işçi ilə əmək müqaviləsi və mülki məsuliyyətin sığortası ilə bağlı müqavilə bağlamalıdırlar.

Əvvəllər vergi müvəkkili olan və Vergilər Nazirliyi ilə bağlanmış sazişin tələblərinə əməl etməməsi səbəbindən həmin sazişə xitam verilən hüquqi şəxslərlə yenidən saziş bağlanmayacaq.

Əməkdaşlıq sazişində vergi müvəkkilinin Vergilər Nazirliyində yaradılan xüsusi işçi qrup ilə üzbəüz görüşməklə 10 iş günündən gec olmayaraq vergi qanunvericiliyinin tətbiqi ilə bağlı tam, konkret, əsaslandırılmış cavab almaq hüququ əksini tapıb. Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi 3 illik müddətə bağlanılır. Vergi müvəkkili vəzifələrini yerinə yetirmədikdə, fəaliyyətinə xitam verildikdə və ya işçilərinin sayı 2 nəfərdən az olduqda sazişə xitam verilə bilər.

Onu da deyək ki, Vergilər Nazirliyi tərəfindən “Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları” təsdiq edilib. Sənədlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.taxes.gov.az/

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Malların alğı-satqısı zamanı sənədləşmə prosesi necə getməlidir?

posted in: Xəbər | 0

Malların alğı-satqısı zamanı sənədləşmə prosesi necə getməlidir?

bədbəxt hadisələr sənədləşməSuallarımızı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev cavablandırır.
– Əvəz müəllim, malların alğı-satqısı zamanı sənədləşmə prosesi necə getməlidir?

– Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-cı il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir. Belə malların anbara təhvil verilməsi isə “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların alğı-satqısı zamanı malı satan şəxs alan şəxsə elektron qaimə-faktura verməlidir ki, burada malın adı, ölçü vahidi, qiyməti, yekun qiyməti və əgər ƏDV-yə cəlb olunan maldırsa, ona tətbiq edilən ƏDV kimi müvafiq sətirlər nəzərdə tutulub.

Satıcı tərəfindən təqdim edilən mala görə elektron qaimə-faktura Vergilər Nazirliyinin Elektron informasiya sistemində qeydiyyata alınmaqla alıcı tərəfin elektron qutusuna göndərilir. Bu zaman elektron qaimə-fakturanın da təqdim edilməsinə baxmayaraq, mallar fiziki olaraq satıcı tərəfindən alıcıya təhvil verilərkən tərəflər arasında təhvil-təslim prosesi baş verir. Yəni faktiki olaraq alıcı aldığı malların fiziki göstəricilərinə, keyfiyyətinə nəzarət edilməsi, həmin partiyada mal həcminin alınması və s. məsələləri yoxlayır və qarşılıqlı surətdə tərəflər arasında malların təhvil-qəbul aktı bağlanılır.

Tərəflər arasında e-qaimədən başqa, digər ilkin uçot sənədlərinin də tərtib olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmur. E-qaimə-fakturanı verməklə yanaşı, malların təhvil-qəbul aktı da bağlanılır. Bununla eyni zamanda digər hər hansı ilkin uçot sənədi də tərtib edilə bilər.

– Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda nə edilməlidir?

– Bu zaman “Malların alış aktı” tərtib edilir ki, burada satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Vergi ödəyicisi malları təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) ilə almalıdır. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

– Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi necə aparılır?

– Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminalla həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Təhtəlhesab şəxsin aldığı malları və idxal mallarını anbara təhvil verməsi, habelə pərakəndə ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), maddi məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar maddi məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi, xarab və ya zay olması barədə akt” tərtib olunur.

– Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin gəlirləri və xərcləri necə müəyyən edilir?

– Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin malları “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.

– Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları necə müəyyənləşdirilib?

– Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

– Səyyar satış zamanı sənədləşmə necə aparılır?

– Səyyar qaydada satışda da, məsələn, avtonəqliyyat vasitəsindən pərakəndə satış zamanı nəzarət-kassa aparatı quraşdırmaq mümkün olmadığı üçün fiziki şəxslərə satılan mallara görə nağd pul vəsaiti qəbul olunarkən qəbz – ciddi hesabat blankı tərtib edilir. Bu, Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğundur və mətbəələrdə sifariş olunur. Həmin fiziki şəxslərə malların da təhvil verildiyini özündə əks etdirən mədaxil qəbzləri tərtib oluna bilər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.