Vergi müvəkkillərinin imtahan qaydaları açıqlanıb

posted in: Uncategorized | 0

Vergi müvəkkillərinin imtahan qaydaları açıqlanıb

Vergi müvəkkili olmaq qaydalar imtahan qaydalarıVergilər Nazirliyinin təsdiq etdiyi “Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi qaydaları” imtahanın təşkili, keçirilməsi və qiymətləndirmənin aparılması prosesini tənzimləyir. Məqsəd həmin işçilərin zəruri bilik və bacarıqlarını yoxlamaqla, onların müvafiq xidməti göstərməyə yararlılığının müəyyən edilməsidir. İmtahan obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçiriləcək. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahanını Vergilər Nazirliyinin imtahan komissiyası həyata keçirəcək.

Qaydalara əsasən, müraciət edildikdə imtahanlar ildə 2 dəfədən az olmayaraq təşkil ediləcək. İmtahanın keçirilmə yeri və vaxtını isə imtahan komissiyası müəyyən edir. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin rəhbəri birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi üçün Vergilər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Müraciət ərizəsində vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək ən azı iki işçisi qeyd olunmalıdır.

Vergi müvəkkili olan hüquqi şəxslər əlavə işçilərinin də imtahandan keçirilməsi üçün nazirliyə müraciət edə bilərlər. İmtahanda iqtisadiyyat və ya hüquq sahəsində ali təhsili olan, maliyyə, mühasibatlıq, hüquq və ya vergi sahəsində ən azı 3 illik iş təcrübəsi olan və vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməyən şəxslər iştirak edə bilərlər. Bunun üçün həmin şəxslər şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil barədə diplomun surəti (notarial qaydada təsdiq olunmuş), əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə) və vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sənədi təqdim etməlidir.

Qaydalarda qeyd olunur ki, imtahan yazılı və müsahibə mərhələlərindən ibarətdir. Yazılı imtahan mərhələsində iştirakçıların vergi qanunvericiliyi və vergi inzibatçılığı üzrə bilikləri, habelə maliyyə, mühasibat üzrə praktiki bilikləri yoxlanılacaq. Bunun üçün sual bazası imtahan komissiyası tərəfindən hazırlanacaq. Sual bazasının hazırlanması zamanı məlumatların məxfiliyinə tam riayət edilməlidir. Yazılı imtahan zamanı iştirakçılar 60 dəqiqə ərzində imtahan vərəqəsində olan 10 sualı cavablandırmalıdırlar. Sualların hər birinə verilən cavab 10 ballıq sistemlə qiymətləndirilir, balların cəmi 10-a bölünərək orta bal müəyyən edilir. 7 bal keçid balı hesab olunur.

Yazılı imtahanda uğur qazanan iştirakçılar müsahibə mərhələsinə buraxılır və müsahibənin keçirilməsi vaxtı və yeri barədə azı 5 iş günü qalmış hüquqi şəxsə elektron qaydada məlumat göndərilir. Müsahibə hər bir iştirakçı ilə fərdi qaydada azı 30 dəqiqə ərzində aparılır. Müsahibə imtahan komissiyası tərəfindən iştirakçıya suallar verilməsi və iştirakçı tərəfindən həmin sualların cavablandırılması yolu ilə həyata keçirilir. İştirakçı verilmiş suallara mövzu ətrafında dolğun və mümkün qədər qısa vaxt ərzində cavab verməlidir.

İmtahan komissiyasının hər bir üzvü vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisini bilik səviyyəsi, təcrübəsi və digər zəruri keyfiyyətlərinə əsasən qiymətləndirəcək. Bu mərhələdə də iştirakçının verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək. Verilən qiymətlər toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılacaq. Müsahibənin nəticəsi üzrə işçinin orta balı ən azı 7 olduqda həmin iştirakçı müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir. Müsahibənin nəticələri barədə 5 iş günü ərzində hüquqi şəxsə elektron qaydada məlumat göndərilməlidir.

Qaydalara görə, vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs imtahanın nəticələri ilə razı olmadıqda, nəticələr barədə hüquqi şəxsin elektron ünvanına məlumat gəldiyi gündən 3 iş günü müddətində imtahan komissiyasına şikayət ərizəsi verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul ediləcək. Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs bu qərardan məhkəməyə şikayət verə bilər.

Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisi imtahanda iştirak edərkən, imtahanın keçirilməsi ilə bağlı tələblərə və qadağalara əməl etməlidir. Həmin tələb və qadağalara əməl olunmaması halları imtahan komissiyası tərəfindən aşkar edildikdə, şəxsin imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən dövriyyələr artıb

posted in: Vergi, Xəbər | 0

Elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb

Ötən ilin ilk 5 ayında elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən dövriyyələrin xüsusi çəkisi 59 faiz olub, bu ilin müvafiq dövründə isə daha 10 faiz artım qeydə alınıb. Bu, ölkə üzrə dəyər zəncirinin qurulmasına və dövriyyələrin şəffaflaşmasına imkan verib.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə “ağarmasına” şərait yaradıb:

“Elektron qaimə-fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir. İaşə, pərakəndə ticarət – haradakı kassa aparatlarının tətbiqi məcburidir, o sahələrdə istehlakçılara mallar, işlər, xidmətlər təqdim olunarkən orada qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Yəni elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir”.

Elektron qaimə-fakturaların 2017-ci ilin aprelindən ƏDV ödəyiciləri, 2018-ci ilin yanvarından isə digər vergi ödəyiciləri üçün tətbiq olunduğunu xatırladan N.Şirinov deyib ki, artıq Azərbaycanda kağız qaimələr tam şəkildə aradan qaldırılıb.

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Natiq Şirinov deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb:

“Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi ki, bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması ilə bağlı qərarda dəyişiklik edilib

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1396-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 902 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 aprel tarixli 171 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

1.1. 2.3.1-ci yarımbəndə “eləcə də” sözlərindən sonra “siyasi partiyaların, həmkarlar ittifaqlarının,” sözləri əlavə edilsin;

1.2. 2.3.3-1-ci yarımbənddən “, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə” sözləri çıxarılsın;

1.3. 3.2.3-cü yarımbəndə “fəaliyyət ərazisi” sözlərindən sonra “, fəaliyyətinin dayandırılması və bərpa edilməsi” sözləri əlavə edilsin;

1.4. 3.2.3-2-ci yarımbənddən “, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə” sözləri çıxarılsın;

1.5. 4.10-cu bəndin FD yarımbəndində “qeyri-hökumət təşkilatlarında” sözləri “qeyri-kommersiya təşkilatlarında” sözləri ilə əvəz edilsin;

1.6. 6.8-ci bəndin birinci və ikinci cümlələrində “qeyri-hökumət təşkilatları” sözləri “qeyri-kommersiya təşkilatları” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın I hissəsinin FD bəndində “qeyrihökumət” sözləri “qeyri-kommersiya” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının

Baş Naziri                            Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi işçilərinin maaşları artırılıb

posted in: Vergi, Xəbər | 0

Vergi işçilərinin maaşları artırılıb


“Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının vergi orqanları
işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 3, maddə 633) ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nın “Aylıq vəzifə maaşı (manatla)” sütununda “171” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin.
2. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının

Baş Naziri                                       Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.