İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Bu dəfə idman müəllimlərinin və onların xidmət göstərdiyi zalların gəlirlərinin vergiyə cəlb olunması qaydasını təqdim edirik. Mövzunu “Business Service Centre” şirkətinin mikro və kiçik sahibkarlıq subyektləri üzrə xidmət şöbəsinin rəhbəri Nahid İbrahim şərh edir.

İdman məşqçilərinin və idman zallarının gəlirlərinin vergiyə cəlb olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir və müxtəlif formalarda vergiyə cəlb olunur. Bu, onların fəaliyyət formasından – yəni, fərdi sahibkar və ya hüquqi şəxs (MMC, klub və s.) kimi qeydiyyatdan keçmələrindən asılıdır. İllik dövriyyəsi 200.000 manatdan az olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Bunların sırasında fərdi sahibkar kimi fəaliyyət ən çox yayılmış formadır.

Misal 1

Tutaq ki, bir fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir və məşqçi kimi ayda 3.000 manat gəlir əldə edir:

İllik dövriyyə: 3.000 × 12 = 36.000 manat;

Sadələşdirilmiş vergi (2%): 36.000 × 2% = 720 manat (illik vergi məbləği).

Misal 2

Tutaq ki, idman zalı təsis edilib və MMC kimi fəaliyyət göstərir və illik dövriyyəsi 150.000 manat olub. Onun vergi öhdəliyi mənfəət vergisi ödəyicisidir. Bu halda MMC-nin ödəyəcəyi illik vergi məbləği belə hesablanacaq:

İllik dövriyyə: 150.000 manat;

İllik xərclər: 100.000 manat (işçi maaşları, kommunal, icarə);

Mənfəət: 50.000 manat.

Verginin hesablanması: 50.000 × 20% = 10.000 manat (illik vergi məbləği).

Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkar qeyd etdiyimiz sahə üzrə aktiv fəaliyyət göstərirsə, aşağıda qeyd olunan əlavə ödənişləri, Vergi Məcəlləsinə uyğun olaraq, dövlət büdcəsinə təyin olunan vaxt üzrə ödəməlidir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, fərdi sahibkarlar öz fəaliyyət sahələri üzrə 2026-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə hesablayıb ödəməlidirlər:

Minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında.

Misal 3

Tutaq ki, fərdi sahibkar Sumqayıt şəhərində idman təlimçisi kimi məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 90 manat olacaq:

(400 x 25%) x 90% = 90 manat.

Həmin fərdi sahibkarın fəaliyyəti üzrə ödəməli olduğu aylıq icbari tibbi sığorta haqqı isə 16 manat təşkil edəcək:

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Analitik Ekspertiza Mərkəzi auditor seçib

posted in: Xəbər | 0

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 3 469 manat ödəniləcək.

Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azfinance And Consulting” MMC olub, şirkətə 4 000 manat ödənilib.

Mənbə: report.az

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?

posted in: Xəbər | 0

Vergi orqanlarında qeydiyyata alınmaqla memar-dizayner sahəsində fərdi qaydada fəaliyyət göstərirəm. Məlum olduğu kimi, Vergi Məcəlləsinə yeni əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, gəlirim 45.000 manatı keçmədiyi təqdirdə, 75 faiz güzəşt hüququndan istifadə edə bilərəm. Bilmək istəyirəm ki, həmin güzəşt 2024-cü ilin gəlirlərinə də tətbiq oluna bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, layihə-dizayn və dekorasiya xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin 2025-ci il yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, həmin maddədə qeyd olunan güzəşt hüququ 2024-cü il üzrə göstərilmiş fəaliyyətdən əldə olunan gəlirlərə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Blogerlərin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Mövzunu Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edib.

Blogerlər hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamlardan əldə etdikləri gəlirdən mütləq vergi ödəməlidirlər. Məhsulun reklam və ya tövsiyə xarakterli olması blogerin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər. Əgər bloger eyni və ya eynicinsli məhsulları və ya xidmətləri mütəmadi olaraq tövsiyə edirsə, bu iş artıq reklam xarakterli qəbul olunur və vergiyə cəlb edilir. Həmçinin, vergi orqanları tərəfindən əlaqəli (analoji) məlumatlar əsasında blogerin fəaliyyətinin reklam xarakterli olduğu aşkar edilə bilər. Bəs bu halda bloger fəaliyyəti göstərən şəxslər nə etməlidirlər?

İlk növbədə, onlar vergi uçotuna alınmalı, yəni VÖEN əldə etməlidirlər. Daha sonra göstərdikləri xidməti rəsmiləşdirməli (müqavilə bağlamaq, elektron qaimə göndərmək) və gəlirlərinin, xərclərinin uçotunu apararaq vergi ödəməlidirlər.

Bloger fəaliyyəti göstərən şəxslər gəlir vergisinin ödəyicisi hesab edilirlər. Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1 ci maddələrinə əsasən, bloger fəaliyyəti göstərən şəxslərin illik gəliri 200.000 manatı keçmədikdə onlar mikrosahibkarlıq subyekti hesab edilir və vergi güzəştlərindən yararlana bilərlər. Belə ki, blogerin reklam fəaliyyəti üzrə illik gəliri 45.000 manatı keçmədikdə onun 75% güzəştdən istifadə etmək hüququ vardır.

Misal 1

Bloger fəaliyyəti göstərən şəxsin bu fəaliyyət üzrə illik gəliri 40.000 manat, xərcləri isə 15.000 manat olub. Bu halda onun gəlir vergisi belə hesablanacaq:

40.000 – 15.000 = 25.000 manat;

25.000 – (25.000 x 75%) = 6.250 manat;

6.250 x 20% = 1.250 manat.

Beləliklə, həmin gəlirdən verginin məbləği 1.250 manat təşkil edəcək.

Əgər bloger fəaliyyəti göstərən şəxsin illik gəliri 45.000 manatdan çox və 200.000 manata qədər olarsa, bu halda onun vergi güzəştindən istifadə etmək üçün orta aylıq işçi sayı azı 3 nəfər olmalıdır. Əks halda, güzəşt hüququndan məhrum olmaqla 20% dərəcə ilə vergi ödəməlidir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, blogerləri yayındırılmış və ya bəyan edilməmiş vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası (cərimə) gözləyir.

Misal 2

Blogerin illik gəliri 50.000 manat, xərcləri isə 10.000 manat olub. Ancaq buna baxmayaraq, o, gəlirini bəyan etməyib və vergidən yayınıb. Bu halda həmin bloger aşağıdakı qaydada cərimə ilə üzləşəcək:

İlk növbədə vergi öhdəliyi yaranır:

(50.000-10.000) x 20% = 8.000 manat.

İkinci növbədə sanksiya (cərimə) tətbiq olunur:

8.000 x 50% = 4.000 manat.

Üçüncü növbədə isə vergi ödənişini gecikdirdiyi üçün ona əlavə faizlər hesablanacaq.

Mənbə: vergiler.az

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

1 159 160 161 162 163 164 165 2. 396