Daha çox8
Daha çox8

İş adamlarına verilən kreditlər vergiyə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0

İş adamlarına verilən kreditlər vergiyə cəlb edilirmi?

Sığorta edilən əmanət faizlərinin azaldılmasından sonra bəzi banklarda kreditlər ucuzlaşıb. Onların əsas müştəriləri sahibkarlar olduğundan bu məsələ hökumətin də diqqət mərkəzindədir. Öz işlərini qurmaq üçün banklara müraciət edən iş adamlarının həmin vəsaitləri geri qaytarması daha real göründüyündən banklar da onlarla işləməyə üstünlük verirlər. Bu zaman sahibkarları narahat edən digər məsələlər ortaya çıxır. Onlardan biri də fiziki şəxslərin aldıqları bank kreditlərinin vergiyə cəlb edilib-edilməməsidir. İş adamlarını narahat edən məqam fiziki şəxsin götürdüyü kredit məbləğlərinin gəlirlərə daxil edildiyi təqdirdə, geri ödənilən kredit məbləğinin və bankın faizlərinin xərclərə aid edilməsi ilə bağlıdır.

Bu məsələ ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, alınmış kredit məbləğinin müqabilində malların (işlərin, xidmətlərin) təqdim edilməsi nəzərdə tutulmamışdır. Həmin kredit sonradan banka və ya kredit təşkilatına qaytarıldığı halda belə əməliyyatlar vergiyə cəlb edilən əməliyyatlar hesab edilmir.

Belə ki, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə təminatla və ya təminatsız müəyyən məbləğdə borc alınan pul vəsaitinin hər hansı verginin vergitutma obyekti yaratması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Nazirliyin şərhində vurğulanıb ki, kreditor borc məbləğlərinin qanunvericiliyə müvafiq iddia müddəti keçdikdə həmin borc məbləğləri satışdankənar gəlirlərə aid edilməklə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müvafiq vergilərə cəlb olunacaq.

Qeyd edilib ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kreditlər

Səhiyyə sahəsində vergidən yayınma hallarının yaranma səbəbləri

posted in: Xəbər | 0

Səhiyyə sahəsində vergidən yayınma hallarının yaranma səbəbləri

Qanunsuz sahibkarlıq fəaliyyətinin leqallaşdırılması üçün nə etmək lazımdır?

“Kölgə iqtisadiyyatı” və qeyri-leqal biznesin yaratdığı fəsadlar iqtisadi inkişafı cilovlayan ən böyük problemlərdəndir. Qeyri-sağlam rəqabət şəraitində heç bir təşviq mexanizmi nəticə verə bilməz. Vergi islahatlarının səmərəliliyi qanunların hamı üçün bərabər tətbiq edildiyi, kiçik və ya böyüklüyündən asılı olmayaraq, hamının eyni şərtlər və eyni yanaşmalar əsasında çalışmasının təmin edildiyi mühitdə uğurlu nəticələr verir. Bu baxımdan, haqsız rəqabətin aradan qaldırılması tələbi vergi islahatlarının əsaslandığı siyasətin önündə gəlir. Son dövrlərdə xüsusi əhəmiyyət verilən bu yanaşma nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti ciddi şəkildə azalıb.

Bu gün Azərbaycan dövlətinin əsas vəzifələrindən biri iqtisadiyyatın hazırkı şəraitində rəqabət mühitinin sağlamlaşdırılmasına nail olmaqdır. Bu hədəfə isə yalnız vergi islahatlarının aparılması ilə deyil, həm də bazar iştirakçılarının fəaliyyətinin sağlamlaşdırılması ilə nail olmaq mümkündür. Bunun üçün ayrı-ayrı sektorlar üzrə təhlil aparılması məqsədəuyğundur.

“Kölgə iqtisadiyyatı”nın üstünlük təşkil etdiyi sahələrdən biri səhiyyədir. Rəsmi statistikaya əsasən, ölkədə 500-dən çox özəl tibb müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə çalışan personalın sayı 10.000-ə yaxındır. Bir çox həkimlər eyni zamanda bir neçə klinikada qeyri-rəsmi fəaliyyət göstərir. Bu isə bir çox hallarda vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnir. Vergilər Nazirliyi 2018-ci ildə bir sıra tibb müəssisələri üzrə 230 milyon manatdan çox dövriyyənin dövlət büdcəsindən gizlədildiyini müəyyən edib. Nəzərə alaq ki, bu rəqəm yalnız yoxlama aparılan müəssisələrə aiddir. O zaman səhiyyə sahəsi üzrə “kölgə iqtisadiyyatı”nın ümumi həcminin bundan qat-qat yüksək olduğu aydın olar.

Səhiyyə sahəsində “kölgə iqtisadiyyatı”nın mövcudluğunu şərtləndirən əsas amillər tibbi xidmətlərə görə ödənişlərin nağd şəkildə edilməsi və həkimlərin qeyri-rəsmi olaraq eyni zamanda bir neçə klinikada fəaliyyət göstərməsidir. Bu isə dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarmaqla yanaşı, əhalinin gəlir səviyyəsinin düzgün müəyyən edilməsi məsələsində də çətinliklər törədir.

Səhiyyə sahəsində belə bir vəziyyətin yaranması, müəyyən mənada, mövcud qanunvericilik bazası ilə əlaqədardır. Əmək Məcəlləsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Bundan əlavə, “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, “özəl tibb fəaliyyəti” lisenziya tələb olunan fəaliyyət sahəsidir. Ona görə də mövcud qanunvericiliyə uyğun olaraq, hər hansı klinikada muzdla çalışan həkimin digər bir tibb müəssisəsində yalnız VÖEN təqdim edərək xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsi qanunvericiliyə zidd hesab edilir: həmin şəxs digər tibb ocağında qanuni şəkildə fəaliyyət göstərmək üçün VÖEN-lə birgə “Özəl tibb fəaliyyəti” üzrə lisenziya da almalıdır.

Səhiyyə sahəsində şəffaflığın təmin edilməsi üçün, ilk öncə, mövcud qanunvericilik və inzibatçılıq nəzərdən keçirilməli və son nəticədə müasir iqtisadi tələblərə cavab verən qanunvericilik bazası formalaşdırılmalıdır. Bu qanunvericilik bazasının yaradılması üçün bir sıra təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Təkliflərə aşağıdakılar aid edilə bilər:

  • Hər hansı tibb ocağında muzdla çalışan həkimin digər bir tibb ocağında VÖEN təqdim edərək fəaliyyət göstərməsinin qanuna zidd hesab olunmasını aradan qaldıracaq amillərə yenidən baxılmalıdır;
  • Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyadan müvəffəqiyyətlə keçən həkimin VÖEN vasitəsilə xidmət müqaviləsi əsasında fəaliyyətini təmin edəcək imkanlar nəzərdən keçirilməlidir;
  • “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, “özəl tibb fəaliyyəti” lisenziya tələb edilən fəaliyyət olduğundan, digər tibb ocağında fəaliyyət göstərmək istəyən tibb işçisinə (mütəxəssisə) bu qanunun tətbiqi zamanı fərdi sahibkar kimi yanaşılmalı və ödəniləcək dövlət rüsumunun diferensiallaşdırılması prinsipi tətbiq edilməlidir.

Mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə dövlətin apardığı islahat tədbirləri vergi ödəyicilərinin öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etməklə yanaşı, büdcə daxilolmalarını da artıracaq. Dövlət tərəfindən nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı atılan addımlar isə birbaşa islahatların effektivliyinin yüksəlməsinə xidmət edəcək.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergidən yayınma
vergidən yayınma
səhiyyə

Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir?

Azərbaycanda qeydiyyatda olan şirkətlər azad ticarət zonalarının yaratdığı imkanlardan yararlana bilərlər. Bir sıra ölkələrlə Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli müqavilələrinin olması bu imkanı daha da artırır. Xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər şirkətlərin öhdəliklərinin azalmasına xidmət etdiyindən yerli sahibkarlar qonşu ölkələrdə, məsələn Gürcüstanda yaradılan azad ticarət zonalarına maraq göstərirlər. Bəs bu zaman onların əldə etdiyi dividendlərdən Azərbaycanda da vergi ödənilməlidirmi? 

Bu sualla əlaqədar Vergilər Nazirliyindən bildiriblər ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının rezidenti olan müəssisənin Gürcüstanın Azad Ticarət Zonasında törəmə müəssisə yaratmasında hər hansı məhdudiyyat nəzərdə tutulmayıb.

Törəmə müəssisənın Azərbaycanda yerləşən təsisçi müəssisəyə ödənilən dividendlərdən vergi tutulması “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiyanın 10-cu (“Dividendlər”) və 23-cü (“İkiqat vergitutmanın aradan qaldırılması”) maddələri ilə tənzimlənir.

Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, şirkət tərəfindən ödənilən dividendlər, həmçinin onun rezidenti olduğu Gürcüstan Respublikasının qanunvericiliyinə uyğun surətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan onun faktiki sahibidirsə, bu tərzdə tutulan vergi dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.

Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına görə Gürcüstan Respublikasında vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə, yaxud əmlaka görə Gürcüstan Respublikasında ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycan Respublikasında həmin gəlirlərlə əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə, yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

Vergi Məcəllənin 13.2.5.1-ci maddəsinə və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiyanın 4-cü maddəsinə əsasən, fiziki şəxs Azərbaycan Respublikasının rezidentidirsə, onun ödənilən dividendlərdən gəlirindən vergi tutulması həmin konvensiyanın 10-cu və 23-cü maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
azad ticarət

Azərbaycanda fərdi sahibkarların sayı 900 minə yaxınlaşır

posted in: Xəbər | 0

Azərbaycanda fərdi sahibkarların sayı 900 minə yaxınlaşır

İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,4 faiz), Aran (20,4 faiz), Gəncə-Qazax (13,6 faiz) və Lənkəran (9,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,4 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2 faiz), Gəncə-Qazax (25,7 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
fərdi sahibkarların sayı
error: Content is protected !!