Bu halda növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

səyyar vergi yoxlamasıSahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?

Sual: Mən fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında vergilər idarəsinə elektron ərizə göndərmişəm. Bəyan ediləcək heç bir məlumat yoxdur. Səyyar vergi yoxlaması keçirilə bilər mi? Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərdiyim ərizəni ləğv edə bilərəm mi?

Cavab: Vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnaməsi, ƏDV ödəyicisi olduğu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizə, təsərrüfat subyekti (obyekti) olduğu halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizə, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) NKA qeydiyyatda olduğu halda NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə, aktiv bank hesablarının bağlanması barədə həmin hesabların açıldığı bank idarələrinin arayışları, təqdim edilməmiş bəyannamələr (hesabatlar) təqdim edilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi, habelə təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminallar olduğu halda həmin POS-terminalların qeydiyyatdan çıxarılması təmin edilməlidir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər.

Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, vergi uçotunuzun ləğv olunmadığı halda ərizənizin icrasına xitam verilməsi barədə uçotda olduğunuz vergi orqanına yenidən müraciət edə bilərsiniz.

Vergi ödəyicisi kimi uçotunuz ləğv olunduğu halda isə fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlisiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”,  Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
səyyar vergi yoxlaması

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

posted in: Xəbər | 0

İqtisadiyyat NazirliyiPrezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 25 may 2018-ci il tarixli fərmanına dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinə, Maliyyə Monitorinqi Xidmətinin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Maliyyə Monitorinqi Xidmətinə isə qurumun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq etmək həvalə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.2-ci yarımbəndə “tənzimləməni və” sözlərindən sonra “qüvvədə olan qanunvericiliyə əməl edilməsinə” sözləri əlavə edilsin.

2. 3.1.16-1-ci yarımbənddə “maliyyələşdirilməsi” sözü “maliyyələşdirilməsinə qarşı mübarizə” sözləri ilə əvəz edilsin.

3. 3.1.32-ci və 3.2.19-cu yarımbəndlərdə “Azərbaycan Respublikası Prezidentinin aktları” sözləri “Xidmətin Nizamnaməsi” sözləri ilə əvəz edilsin.

4. 4.3-cü bəndin ikinci cümləsində “İdarə Heyəti sədrindən” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən (bundan sonra ─ İdarə Heyətinin sədri)” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə “müavinlərini” sözündən sonra “Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə” sözləri əlavə edilsin.

5. 4.5.1-ci yarımbəndə “istiqamətlərini” sözündən sonra “, strateji məqsədlərini və planlarını” sözləri əlavə edilsin.

6. 4.5.2-ci yarımbənddə “Prezidentinə” sözü “İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 4.5.4-1-ci və 4.5.4-2-ci yarımbəndlər əlavə edilsin:

“4.5.4-1. Xidmətin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.5.4-2. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;”.

8. 4.5.7-ci yarımbənddə “müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını” sözləri “Xidmətin maliyyə planlaşdırılmasını və büdcəsini” sözləri ilə əvəz edilsin.

9. 4.5.9-cu yarımbənddə “qayda və şərtlərini müəyyənləşdirir və onların” sözləri “Qanunun 17-1-ci maddəsinin tələblərini nəzərə almaqla Nazirliyin müəyyən etdiyi qayda və şərtlərinin” sözləri ilə əvəz edilsin.

10. 4.5.10-cu yarımbənddə “Azərbaycan Respublikası Prezidentinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin.

11. 4.5.12-ci yarımbənd ləğv edilsin.

12. 4.5.13-cü yarımbəndə “kənar auditorun” sözlərindən əvvəl “Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün təyin edilmiş” sözləri əlavə edilsin.

13. 4.5.14-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.5.15-ci yarımbənd əlavə edilsin:

“4.5.15. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.”.

14. 4.6-cı bəndə aşağıdakı məzmunda səkkizinci, doqquzuncu və onuncu cümlələr əlavə edilsin:

“İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, həmin məsələnin müzakirəsində və ona dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.

15. 4.7.1-ci yarımbəndə “təşkil edir və” sözlərindən sonra “ona nəzarət edir, habelə” sözləri əlavə edilsin.

16. 4.7.3-cü yarımbəndə “iştirak edir,” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin.

17. Aşağıdakı məzmunda 4.7.12-1 – 4.7.12-3-cü yarımbəndlər əlavə edilsin:

“4.7.12-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının strukturunu, ştat cədvəlini, işçilərinin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) və xərclər smetasını təsdiq edir;

4.7.12-2. Xidmət işçilərinin əməkhaqlarının, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.12-3. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün kənar auditoru təyin edir və audit hesabatını qəbul edir;”.

18. 5-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

“5. Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları”.

19. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Xidmət, fəaliyyət müstəqilliyi təmin edilməklə, Nazirliyin tərkibində fəaliyyət göstərir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İqtisadiyyat Nazirliyi

Dövlət Gömrük komitəsi haqqında əsasnamədə dəyişiklik edilərək yeni səlahiyyətlər verilib

posted in: Xəbər | 0

Tədbirlər Planı, Dövlət Gömrük KomitəsiAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 717 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilsin:

“3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Gömrük Komitəsi

Məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi ilə bağlı görüş keçirilib

posted in: Xəbər | 0

Məsafədən bank hesablarıAzərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və Komplayns” Ekspert Qruplarından ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə görüşü keçirilib. Məsafədən bank hesabları

Görüşün əsas müzakirə mövzusu məsafədən bank hesablarının açılması zamanı “Foreign Account Tax Compliance Act” (FATCA) və “Common Reporting Standard” (CRS) hesabatlığının qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq elektron formada təqdim edilməsi olub. Belə ki, 10 iyun 2019-cu il tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilsə də FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi bu sahədə rəqəmsallaşmanın tətbiqini məhdudlaşdıran əsas amil olaraq qalıb.

Məlum olduğu kimi, məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi, həmçinin ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi və elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

FATCA və CRS hesabatlığının elektron formada təqdim edilməsinin üstünlüyünü açıqlayan ekspert qrupunun üzvləri tətbiq olunacaq həll yolları və birgə atılacaq növbəti addımları müzakirə edərək bu sahədə rəqəmsal mühitə keçidin zəruri olduğuna qeyd ediblər.

Bu ilin yuxarıda qeyd edilən hər iki strateji sənədin icrası baxımından həlledici olduğunu nəzərə alsaq məsafədən bank hesablarının açılması təcrübəsinin uğurlu tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məsafədən bank hesabları