Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı

posted in: Xəbər | 0

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı.

fəaliyyət xidmətAzərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi hallar üçün ƏDV tutulan əməliyyatın vaxtı

posted in: Vergi, Xəbər | 0

ƏDV tutulan əməliyyatın vaxtıXüsusi hallar üçün ƏDV tutulan əməliyyatın vaxtı.

Söhbət malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması hallarından gedir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

166.2-ci maddənin tətbiqinin əsas məqsədi malların qeyri-kommersiya məqsədləri üçün verildikdə, o cümlədən malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi halda vergi tutulan əməliyyatın vaxtını müəyyən etməkdir.

Vergi Məcəlləsinin vergi tutulan əməliyyatın vaxtını müəyyən edən 166-cı maddənin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün ƏDV tutulan əməliyyatın vaxtı sayılır.

Bir məqamı qeyd etmək lazımdır ki, fövqaladə hal şəraitində malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılmır. Tutaq ki, müəyyən bir ərazidə sel nəticəsində vergi ödəyicisinin malları xarab olub və ya malları çay daşqını yuyub aparıb, malların qalığı əskik gəlib. Bu halda ƏDV geri hesablanılmır.

Misal 1. Müəssisə 2020-cı ilin aprel ayında kommersiya məqsədləri üçün 50.000 manat dəyərində (ƏDV-siz) mal almış və aldığı mala görə ödədiyi 9.000 manat ƏDV məbləğini aprel ayında büdcə ilə əvəzləşdirmişdir. Amma may ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunmuşdur.

Bu halda, 2020-ci ilin may ayının 25-i vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab olunur. Buna görə də əvəzləşdirilmiş 9.000 manat ƏDV məbləği may ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.

Misal 2. ƏDV ödəyicisi olan şəxsdə 2020-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı Əlavə Dəyər Vergisini ödəməklə əldə edilən və müvafiq əvəzləşdirmə alınan 800 manat məbləğində mal əskik gəlmiş, kommersiya məqsədləri üçün alınan 1.000 manat dəyərində mallar həmin ilin yanvar ayında qeyri-kommersiya məqsədləri üçün istifadə edilmiş, fevral ayında isə 2.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu Əlavə Dəyər Vergisi məbləğini müəyyənləşdirək.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları Əlavə Dəyər Vergisini ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. ƏDV ödəyicisinin kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 1.000 manat məbləği və əskik gəlmiş mala görə 800 manat məbləği yanvar ayının vergi tutulan əməliyyatlarına aid olacaq və o həmin ay büdcəyə 324 manat ((1.000 + 800 ) x 18% = 324 manat) ƏDV hesablamalıdır. Malların xarab olmasına görə olan 2.000 manat isə fevral ayının vergi tutulan əməliyyatlarına daxildir və həmin ay büdcəyə 360 manat (2.000 x 18% = 360 manat ) ƏDV hesablanmalıdır.

Misal 3. ƏDV ödəyicisi olan şəxs 2020-ci il mart ayının 15-də 300 manat məbləğində iş görmüş, 1.500 manat dəyərində mal ixrac etmiş, inventarizasiya zamanı 500 manat məbləğində mal əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan 700 manat məbləğində qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş və fövqəladə hallar nəticəsində 5.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə Əlavə Dəyər Vergisi daxil deyildir. Həmin şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirək.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları Əlavə Dəyər Vergisini ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Vergi ödəyicisinin gördüyü işə görə 300 manat, əksik gələn 500 manat, kommersiya məqsədləri üçün aldığı və Əlavə Dəyər Vergisini əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 700 manat məbləğləri mart ayının vergi tutulan əməliyyatlarına aid olacaq və o həmin ay büdcəyə 270 manat ((300 + 500 + 700 ) x 18% = 270 manat) Əlavə Dəyər Vergisi hesablamalıdır. Vergi ödəyicisinin ixrac etdiyi 1.500 manat məbləğində mal sıfır (0) dərəcə ilə vergiyə cəlb olunur. Fövqaladə hallar nəticəsində 5.000 manat dəyərində malın xarab olması isə vergi tutulan əməliyyat sayılmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müvəqqəti inzibatçı kimdir? Hansı hallarda təyin edilir?

posted in: Xəbər | 0

Müvəqqəti inzibatçı kimdir? Hansı hallarda təyin edilir?

müvəqqəti inzibatçıBu yazımızda müvəqqəti inzibatçı barədə məlumat verməyə çalışacağıq.

Bank qanunvericiliyinə görə müvəqqəti inzibatçı dedikdə həm müəyyən hallarda nəzarət orqanı tərəfindən təyin edilən, həm də ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxs başa düşülür.

Anlayışından da göründüyü kimi müvəqqəti inzibatçı bir neçə halda nəzarət orqan tərəfindən təyin edilir.

Ödəmə qabiliyyətini itirmiş banklarda inzibatçıların təyin edilməsi halları qismində aşağıdakıları qeyd etmək mümkündür:

– bankın məcmu kapitalının miqdarı nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;

– müəyyən istisnalar nəzərə alınmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda;

– bank lisenziyası qanunvericiliklə müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda.

Bu hallarda bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır və müvəqqəti inzibatçıya keçir.

Onu da qeyd edək ki, bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmadıqda, yəni bank barəsində iflas proseduruna başlanıldıqda bu barədə vəsatəti bankın kreditorları nəzarət orqanına sonra da nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İki bankın lisenziyası ləğv edildi

posted in: Bank, Xəbər | 0

Mərkəzi Bank iki bankın lisenziyasını ləğv etdi.

lisenziya ləğv“Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdır, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə almışdır.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaqdır.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun