» » » Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək

Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək

posted in: Məqalə, Vergi, Xəbər | 0

Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək.

Vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Yeni vergi dəyişiklikləri müsbət nəticələrini verməkdədir. Biz Azərbaycanda fəaliyyət göstərən sərmayədarlar, biznesləri birləşdirən müxtəlif təşkilatlar, xarici ölkələrin ticarət palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli şəkildə quracağıq. Gələcəkdə bu məsələlər ətrafında fikir mübadiləsini davam etdirəcəyik. Yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Vergilər naziri Mikayıl Cabbarov söyləyib. Müsahibəni təqdim edirik.

– Mikayıl müəllim, 2019-cu ilin 4 ayı arxada qalıb. Fiskal göstəricilər barədə nə deyə bilərsiniz və ümumilikdə vergi sahəsində ilkin nəticələr nəyi göstərir?

– Biz 2019-cu ilin ilkin nəticələrini xüsusi səbirsizliklə gözləyirdik. Çünki ölkəmizin bir sıra digər sahələrində olduğu kimi, vergi sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlara 2018-ci ildə dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasi çərçivəyə uyğun olaraq başlamışıq.

Biznes hesabi

2018-ci ildə vergi ödəyiciləri üçün keçid ili fəlsəfəsini təqdim etdik. Bu fəlsəfə vergi inzibatçılığında və vergi qanunvericiliyində mövcud olan vərdişlərdən şəffaf münasibətlərə, vergi müfəttişi ilə vergi ödəyicisi arasında münasibətlərin təbiətinin dəyişməsinə, şəffaflaşmasına, müasirləşməsinə, müstəqil Azərbaycanın vətəndaş-dövlət münasibətlərinə uyğunlaşmasına keçməkdən ibarət olub.

2019-cu ilin ilkin nəticələrinə əsasən deyə bilərik ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir. İlin birinci rübündə də, 4 ayda da biz bu tendensiyanı qorumağa nail olmuşuq.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilomalar proqnozlardan daha yüksək icra olunub. Belə ki, həm neft, həm də qeyri-neft sektorunda ödənilən vergilərin həcmi istər 2018-ci ilin eyni dövründən, istərsə də proqnoz göstəricilərdən daha yüksək olub. Birinci rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4 faiz çox vəsait təmin edilib. Ötən ilə nisbətən artım 16,5 faiz təşkil edir (qrafik 1). Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Bu rəqəmlər, müvafiq olaraq, proqnoza nisbətən 111 faiz təşkil edir və ötən illə müqayisədə 18 faiz daha çoxdur.


Teleqram kanalımıza üzv olun


Qısaca desək, biz islahatların ilkin nəticələrini müşahidə etməkdəyik. Sevindirici hal ondan ibarətdir ki, bu, vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında münasibətlərdə və həmin münasibətlərin təbiətində də öz əksini tapır.

– Vergi daxilolmaları üzrə gözləntilər artıqlaması ilə yerinə yetirilib. Bu, nəyin hesabına mümkün olub?

– Burada bir neçə amil var. Birincisi, vurğulamalıyıq ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar iqtisadi artımla nəticələnir. Belə ki, birinci rüb ərzində ümumi daxili məhsul (ÜDM) artıb. Doğrudur, vergi daxilolmalarının artım tempi ÜDM-in artım tempini bir neçə dəfə üstələyir. Eyni zamanda, ÜDM-in birinci rübdə real artımı 3 faizdən çox olub. Bu, müsbət fon yaradır.

İkinci mühüm məsələ, qeyd etdiyim kimi, vergi ödəyiciləri ilə qurulmuş yeni münasibətlərdir. Bilirsiniz ki, 2018-ci ildən başlayaraq ümumilikdə səyyar vergi yoxlamalarının sayının azaldılmasına üstünlük verilir. Bu resurslar daha çox vergiödəyicisinin maariflənməsinə, ona xidmət göstərilməsinə yönəldilib. Nəticədə, könüllü vergi əməletməsi əhəmiyyətli dərəcədə artıb. Əgər ötən illərdə vergi daxilolmalarının böyük hissəsi səyyar vergi yoxlamaları nəticəsində baş verirdisə, bu il həmin dinamika əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu, o demək deyil ki, vergi orqanları vergi sahəsində olan qanun pozuntularına göz yumur və ya göz yummaq niyyətindədir. Tam əksinə. Biz yoxlamaların sayını azaltmaqla qanun pozuntularına görə məsuliyyətin artırılması yolu ilə gedirik. Buna da əsasımız var. 2019-cu ildən bir çox sahələrdə vergi yükü azaldılıb. Eyni zamanda, bütün sivil cəmiyyətlərdə qəbul olunduğu kimi, vergi öhdəliklərinin hər bir vergiödəyicisi tərəfindən tam həcmdə, istisnasız qarşılanması tələbi irəli sürülüb.

Nəhayət, üçüncüsü, vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Nümunə olaraq aksizli malların klasterini, klinikaları, pərakəndə ticarət, ictimai iaşə sektorunu, daş, qum, çınqıl karxanalarını qeyd edə bilərəm. Əvvəllər bu və digər sahələrdə sistemli şəkildə rast gəlinən boşluqlara, bu klasterlərdə fəaliyyət göstərən əksər, bəlkə də bütün vergi ödəyiciləri tərəfindən yol verilən eyni vergi pozuntularına bir çox hallarda göz yumulurdu. Beləliklə, vergi inzibatçılığının təkmilləşdirilməsi müsbət amillərdən biridir.

– Daxilolmalarda neftin qiymət amilinin nə dərəcədə rolu var?

– Neftin qiymətinin təsirləri var, lakin həlledici deyil. Əgər rəqəmlərə diqqət yetirsək, burada 2 məqamı qeyd etmək vacibdir. Birinci məqam ondan ibarətdir ki, əgər neftin qiymətlərinin təsiri ilə neft sektorundan artıq yığılan vergi məbləği proqnozlara nisbətən təxminən 50 milyon manat civarındadırsa, qeyri-neft sektorunda bu məbləğ 220 milyon manata yaxındır.

İkinci məqam ondan ibarətdir ki, ümumilikdə qeyri-neft sektorundan toplanan vergilərin həcmi bütün vergi daxilolmalarının 69 faizini təşkil edir, 30 faizdən bir qədər artıq hissəsi isə neft sektorunun payına düşür (qrafik 2). Bu da, hesab edirəm ki, iqtisadiyyatda baş verən sağlam proseslərin dinamikasını çox gözəl şəkildə əks etdirir. Həmçinin qeyri-neft sektorundan daxilolmaların ¾ hissəsini və ya 75 faizini özəl sektor təmin edir. Bu da iqtisadiyyatı müsbət xarakterizə edən amillərdəndir.

Fikrimcə, ən önəmli məsələlərdən biri, bu yığımlar nəticəsində dövlətin öz sosial xərclərini artırmasına imkan yaranmasıdır. Bunu bir neçə dəfə Prezident İlham Əliyev də çıxışlarında səsləndirib. Biz artıq ilin əvvəlindən həm sosial müavinətlərdə artımların baş verməsinin, həm əhalinin banklara olan borcları ilə bağlı məsələnin köklü şəkildə həllinin şahidi olmuşuq. Burada şəhid ailələrinə edilən yardımları, tələbələrin təqaüdlərinin artırılmasını da qeyd etmək olar.

Sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, ölkəmizdə təbii ki, neft-qaz sektorunun rolu müstəsnadır və çox vacibdir. Lakin son illər ərzində dövlətin siyasəti qeyri-neft-qaz sektorunun inkişafına yönəlib. Dövlət investisiyalarının əsas istiqaməti və məqsədi, biznes mühitinin təkmilləşdirilməsində həyata keçirilən islahatların da fəlsəfəsi bundan ibarətdir. Biz çox şadıq ki, vergi daxilolmalarının dinamikasında da rəqəmlər bunu əks etdirir.

– Biznesin fəaliyyətinin leqallaşdırılması buna nə dərəcədə təsir etdi?

– Bu, ən vacib amillərdən biridir. Çünki həyata keçirilən vergi islahatlarının əsas məqsədi məhz “kölgə iqtisadiyyatı”nın azaldılmasından, “kölgə”də fəaliyyət göstərənlərin “kölgə”dən çıxmasından ibarət idi. Lakin vurğulamalıyıq ki, qeyd olunan problemin tam həlli və yaxud köklü həlli barədə bu gün danışmaq çox tezdir.

Biz işimizi vergi ödəyicisi ilə münasibətin təbiətinin dəyişdirilməsi üzərində qururuq. Çünki istənilən dəyişiklik yalnız o halda dönməz olur ki, bu dəyişikliklərə “qol gücü”, inzibati resurs hesabına deyil, münasibətin təbiətinin dəyişdirilməsi, şüurlu, təfəkkürlü qarşılıqlı münasibətin qurulması hesabına nail olunsun. Bu da təbii olaraq həm uzun, həm də bir çox hallarda çətin yoldur.

Bu ilin 4 ayında çalışmışıq ki, vergi ödəyicisi özü biznesini leqallaşdırsın və “kölgə”dən çıxsın. Biz yenə də buna imkan verəcəyik. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki, əksər biznes sahələrində baş verən və “kölgə” mahiyyəti daşıyan pozuntular ilk dəfə aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq edilir.

Fikrimcə, bu, açıq və aydın şəkildə dövlətin siyasətini əks etdirir. Yəni, burada məqsəd heç bir şəkildə cərimə və sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə onun yol verdiyi pozuntunu göstərərək, şüurlu şəkildə aradan qaldırması üçün daha bir şans verməkdir. Amma bu baş vermədiyi təqdirdə, təbii ki, bütün məsələlər hüquqi çərçivədə həll edilməli və dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz, həm peşəkar bacarıqlarımız mövcuddur. Leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik.

Ona görə də, sualınıza qısa cavab olaraq deyə bilərəm ki, hazırda biz leqallaşmanın səmərəsini qismən görürük. Lakin mən inanıram ki, biz bu səmərəni daha aydın şəkildə görəcəyik. Biz bir neçə sahədə bu prosesin daha surətlə getdiyini müşahidə edirik. Məsələn, pərakəndə və topdansatış ticarət, ictimai iaşə, qida məhsullarının satışı kimi sahələrdə vergi dövriyyələrinin artım templəri çox yüksək olub – bəzi hallarda 30 faiz, bəzi hallarda isə 50-55 faiz. Bu inanılmaz artım tempidir. Əslində, bu, bazarda olan “kölgə səviyyəsi”nin və həmin klasterlərdə fəaliyyət göstərən vergiödəyicilərinin hansı həddə “kölgə”də olmasının göstəricisidir. Qeyd etdiyim kimi, bu proseslər davam etdiriləcək.

– Məcəlləyə edilən dəyişikliklərdən sonra gəlir vergisi ən çox müzakirə olunan mövzulardan biridir. Gözlənilən nəticə əldə olunubmu?

– Təsadüfi deyil ki, bu, ən çox müzakirə olunan mövzulardan biridir. Çünki qanunvericiliyə edilmiş dəyişiklik çox cəsarətli bir addım idi. Mən xatırlatmaq istəyirəm ki, bu addımın nəticəsində özəl qeyri-neft sektorunda əmək müqaviləsinə əsasən fəaliyyət göstərən hər bir muzdlu işçi çox əhəmiyyətli dərəcədə vergi güzəşti əldə edib. Ayda 8 min manata qədər gəlir səviyyəsi olan fiziki şəxslərin gəlir vergisi 0 faizə endirilib. Bu, bir tərəfdən vətəndaşlara və qeyri-neft sektorunun inkişafına, digər tərəfdən, leqallaşma prosesinə verilən töhfədir. Nəhayət, bu dəyişiklik əhalinin orta və uzun müddətdə sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən addımdır. Çünki on minlərlə vətəndaşımız faktiki olaraq muzdlu işçi kimi çalışıb, ancaq əmək müqavilələri, ümumiyyətlə, mövcud olmayıb. Bəzi hallarda əmək müqavilələri mövcud olub, amma real əməkhaqları göstərilməyib.

Cari ilin 4 ayı ərzində muzdlu işçilərin sayı 80 min nəfərdən çox artıb. Bu artımın böyük hissəsi – təxminən 56 min yeni müqavilə qeyri-neft sektorunun payına düşür. Düşünürəm ki, bu rəqəmlər islahatın səmərəsinin erkən aylardan özünü aydın şəkildə göstərdiyini deməyə əsas verir.

Bununla yanaşı, işəgötürənlər tərəfindən ödənilən sığorta haqqı yükü faiz olaraq azaldılıb, işçilər üçün isə bir qədər artırılıb. Burada da əsas məqsəd ondan ibarət olub ki, biz işəgötürənlərə əlavə fiskal stimul təqdim edək ki, onlar real əməkhaqlarının bəyan edilməsinə getsinlər. Söhbət yenə də könüllü əməletmə ilə bağlıdır. 2019-cu ilin 4 ayını ötən ilin eyni dövrü ilə müqayisə etdikdə görərik ki, sosial ödəmələr üzrə 200 milyon manatdan çox vəsait toplanıb. Düşünürəm ki, bu da sosial ehtiyacların ödənilməsində əhəmiyyətlidir.

– Yeri gəlmişkən, 2019-cu ildən etibarən sığorta ayırmalarının toplanması prosesi Vergilər Nazirliyinə həvalə edilib. Bu gün üçün hansısa nəticələrdən danışmaq olar?

– Yanvarın 1-dən bu yığımların inzibatçılığı Vergilər Nazirliyinə həvalə olunub. Mən fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, biz 2018-ci ilin sonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki həmkarlarımızla bu proseslərdə yaxından çalışmışıq. Qısa müddət ərzində bu keçidi uğurla başa çatdıra bilmişik. Doğrudur, yanvar-fevral aylarında müəyyən çətinliklər yaranmışdı. Lakin bütün çətinliklər artıq aradan qaldırılıb. İnanıram ki, vergiödəyiciləri üçün daha rahat bir sistem yaradılıb. Çünki onlar müxtəlif dövlət qurumları ilə deyil, bir dövlət orqanı ilə ünsiyyətdə olurlar. Sığorta yığımları üzrə daxilolmaların artımı bu islahatın da səmərəliliyinə nail olunduğunu tam şəkildə əks etdirir.

– Aksizli mallara nəzarət güclənib. Nə üçün məhz aksizli məhsullara?

– Bu proseslərə, əslində, 2018-ci ildən başlamışıq. Bunun bir neçə səbəbi var. Birincisi, alkoqollu içkilər və tütün məmulatları klasterlərində fəaliyyət göstərən istehsalçılar arasında fiskal intizam arzuolunan səviyyədə deyildi. Bu, dövlət büdcəsi üçün əhəmiyyətli itkilərə gətirib çıxarırdı. Nəticədə, biz alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyələrin 1,8 dəfə artımına nail olmuşuq. Halbuki həmin içkilərə tətbiq olunan aksizin dərəcəsi dəyişməyib. Büdcə daxilolmaları üzrə isə 3,2 dəfə artım qeydə alınıb. Tütün məmulatlarına gəlincə, burada istehsalçılar üzrə dövriyyələrin 7,9 dəfə artımını müşahidə edirik. Bunun obyektiv səbəbi də var. Bu da ondan ibarətdir ki, ilin sonunda ölkədə yeni böyük istehsalçı fəaliyyətə başlayıb. Buraya böyük sərmayələr qoyulub, yeni iş yerləri açılıb. Öz növbəsində büdcə daxilolmaları 6,8 dəfə artıb (qrafik 3).

İkinci səbəb ondan ibarətdir ki, bir çox ölkələrdə bu tip məhsul qaçaqmalçılar, qeyri-qanuni istehsalçılar üçün çox cəlbedici məhsullar sırasındadır. Bu sektorlarda qeyri-qanuni hərəkətlər nəticəsində əldə edilə bilən gəlir marjası cinayətkarları bu sahəyə cəlb edir. Azərbaycan da bu baxımdan istisna deyil. Təbii olaraq biz bunu dözülməz hal kimi qəbul edirik. Görülən tədbirlər nəticəsində Azərbaycanın istehlak bazarında aksizsiz məhsulların satışının qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Bu, yalnız aksizlərə deyil, hər bir klasterə, hər bir vergiödəyicisinə aiddir. Qanunlar çərçivəsində işləmək, öz fəaliyyətini şəffaf qurmaq, qanunvericilikdə nəzərdə tutulan vergini ödəmək vergidən yayınmaqla və qaçaqmaçılıqla məşğul olmaqdan daha düzgün yoldur.

Bu siyasət tək bir dövlət orqanının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Burada ictimai nəzarətin də güclü olması vacibdir. Müvafiq sahələrdə fəaliyyət göstərən klasterlərin nümayəndələrinin, biznes təşkilatlarının da rolu çox vacibdir. Məhz buna görə də, Azərbaycanda fəaliyyət göstərən sərmayədarlar, biznesləri birləşdirən müxtəlif təşkilatlar, xarici ölkələrin ticarət palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli şəkildə quracağıq. Gələcəkdə bu məsələlər ətrafında fikir mübadiləsini davam etdirəcəyik.

– Siz bir qədər əvvəl qeyd etdiniz ki, biznesdə sahibkarlarla münasibətlər həm qanun çərçivəsində, həm də Vergilər Nazirliyinin fəaliyyəti baxımından çox humanist və xoş məram nümayiş etdirilərək qurulur. Ümumiyyətlə, biznesdə münasibətlərin tənzimlənməsi və daha da yaxşılaşdırılması üçün gələcək planlar nədir və 2019-cu ildə nə gözləmək olar?

– Mən humanizm məsələsinə xüsusi toxunmaq istəyirəm. Bilirsiniz ki, dövlət siyasətində humanizm var və bu, daim olacaq. Lakin biz hər zaman xatırlamalıyıq ki, humanizm qanuna və qaydaya riayət edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil. Dövlət tərəfindən real çətinlik, real obyektiv vəziyyət tanınaraq hansısa bir addım, güzəşt, borcun ödənilməsində kömək kimi birdəfəlik addımlar atılır. Lakin bundan sonra da güzəştlərin müqabilində vətəndaşdan, vergi ödəyicisindən qanunlara tam riayət edilməsi gözlənilir.

Biz bu sahədə dəyişikliklərə özümüzdən başlamışıq. Vergilər Nazirliyinin işçilərinin mütləq əksəriyyəti layiqli dövlət qulluqçusu, öz peşə vəzifələrini bacarıqla və ləyaqətlə həyata keçirən insanlardır. Lakin son ilyarım ərzində bir çox işçilərlə yollarımızı ayırmışıq. Bu müddət ərzində Vergilər Nazirliyində çalışan 15 əməkdaşa münasibətdə yalnız əmək müqavilələrini dayandırmamışıq, həm də onların fəaliyyətinin müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün aidiyyəti üzrə təqdimatlar vermişik. Çünki bu daxili təmizləmə prosesləri olmasa, bizim vergi ödəyicisinə “qanuna riayət elə, qanunla yaşa, dünənki əyri yollardan əl çək” kimi mesajımız, məncə, inandırıcı olmaz və lazımi səmərəni verməz.

Gələcək addımlar baxımından qarşımızda duran strateji məqsədləri iki istiqamətə bölərdim. Birinci strateji istiqamət ondan ibarətdir ki, qanunvericilikdə edilmiş bir çox dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsini tələb edir. Ona görə bizim yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.

Digər məsələ isə vergiödəyiciləri tərəfindən yeni reallığın qəbul edilməsidir. Yeni vergi çərçivəsi, qeyd etdiyim kimi, vergidən azad edilmə, vergi dərəcəsinin aşağı salınması kimi birtərəfli yol deyil, bunun müqabilində qanuna uyğun olaraq fəaliyyət göstərməkdir. Əgər sahibkar obyektiv çətinliklərlə rastlaşırsa, Vergilər Nazirliyi onun birinci ünvanıdır, ona müvafiq xidmət təqdim etmək bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən yayınma ilə məşğul olan vergi ödəyiciləri üçün, təbii olaraq, qanunda nəzərdə tutulan bütün sanksiyalar tətbiq ediləcək.

Bu, davamlı bir işdir. Yenə də vurğulayıram, bu iş nə bir günə, nə bir aya başa çatmayacaq. Amma biz necə çətin bir yola çıxdığımızı bilirik. Tam əminliklə deyə bilərəm ki, bu yolu uğurla başa çatdırmaq üçün bizim nazirliyin həm peşəkarlığı, həm də güclü iradəsi mövcuddur. Biz bu yolda tək deyilik. Əksər vergi ödəyiciləri məhz bu prinsiplə yaşamaq istəyir. Biz bütün hədəflərə birlikdə nail ola biləcəyik.

– İstər sosial mediada, istər kütləvi informasiya vasitələrində, istərsə də şəhərin mərkəzi küçələrində Vergilər Nazirliyinin “Birlikdə kölgədən işığa doğru” adlı şüarına rast gəlmək olar. Burada əsas açar sözlər kölgə, işıq və birlikdir. Bu o deməkdirmi ki, Vergilər Nazirliyi özü də “kölgə”dən çıxmaq istəyir?

– Hər hansı bir problemi həll etmək istəyiriksə, o problemi tanımalıyıq. Əgər biz həmin problemi düzgün müəyyən etmiriksə və tanımırıqsa, problemin həlli şansı sıfıra bərabərdir. Ona görə biz qəbul etməliyik ki, bir il yarım əvvələ qədər müşahidə etdiyimiz vəziyyətin formalaşmasında tək bir tərəfi günahlandırmaq haqsızlıq olardı. Burada vergi ödəyicisi məsuliyyət daşıdığı kimi, vergi orqanı da məsuliyyət daşıyır. Bu məsələlər ətrafında kifayət qədər danışılıb və kütləvi informasiya vasitələrində də işıqlandırılıb. Qeyd etdiyim kimi, bu, daimi bir prosesdir və davam etdiriləcək. Biz məhz birlikdə işıqlı, aydın və şəffaf iqtisadi fəaliyyətlə, fiskal nizam-intizamla fəxr edəcəyik. Çünki bundan hər bir vətəndaş, bütövlükdə müstəqil Azərbaycan dövləti faydalanacaq. İqtisadiyyatı güclü, büdcə imkanları geniş olan dövlət və cəmiyyət bunu təhsilin keyfiyyətində də, yolların rahatlığında da, elektrik enerjisinin fasiləsiz təminatında da, qüdrətli orduda da, cəmiyyətin firavan və azad yaşamasında da görür. Biz də bu istiqamətdə üzərimizə düşən funksiyaları yerinə yetirməliyik.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.