Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ilkin nəticələri müzakirə edilib.
2019-cu ilin I rübünün nəticələrinin təhlili onu deməyə əsas verir ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər uğurla həyata keçirilib. Bu fikir “Vergilər” qəzetinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada vurğulanıb.
“Vergi Məcəlləsinə edilən dəyişikliklər: ilkin nəticələr” mövzusunda keçirilən müzakirələrdə vergi ödəyicilərinə yeni iqtisadi yanaşmalar, onların qeydiyyatı və uçotunun dəqiqləşdirilməsi, kölgə iqtisadiyyatının həcminin azaldılması, eləcə də məcburi sosail sığorta haqlarının toplanmasında yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Dəyirmi masada vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov, Nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov və iqtisadçı ekspertlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev Vergilər Nazirliyinin yeni strateji inkişaf istiqamətləri formalaşdırdığını vurğulayıb. Bildirib ki, vergi daxilolmalarının həcminin artırılması üçün inzibati resurslardan daha çox vergi ödəyicilərinin maarifləndiriıməsinə, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə üstünlük verilir. Bunun üçün medianın gücündən istifadə olunması priaritet istiqamətlərdən biridir: “Biz vergi ödəyicilərinin qarşılaşdıqları çətinlikləri səsləndirməklə onların aradan qaldırılmasına dəstək ola bilərik”.
Teleqram kanalımıza üzv olun
Sonra söz Vergilər Nazirliyinin nümayəndələrinə verilib. Onlar Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mahiyyəti və ilkin nəticələri barədə danışıblar. 2019-cu ilin I rübündə həm vergi daxilolmalarında, həm vergi ödəyicilərinin qeydiyyatında, əmək müqavilələrini sayında ciddi artımların olduğu vurğulanıb. Vergi Məcəlləsinə edilmiş son dəyişiklərin ilkin nəticələri haqda fikir mübadiləsi aparılıb.
Sonda ekspertlər vergi ödəyicilərinin və biznes strukturlarının üzləşdiyi çətinliklər barədə məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı ekspertlər tərəfindən qaldırılan suallar nazirliyin rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.
Mənbə: vergiler.az