» » » Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

posted in: Xəbər | 0

SanksiyalarCəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

Bax: Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?

1) Aqressiv və stress dolu bir mühitdə yaşadığımız üçün bəzən istəmədən də olsa, əsəbimizə sahib ola bilmirik. Bəzi insanlarda bu aqressiya qarşısındakını vurma ilə nəticələnə bilir ki, bunu heç bir halda məsləhət görmürük.

Bu kimi hallarla bağlı nəzərdə tutulmuş cəzalar aşağıdakı kimidir:

a) Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs 300-500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əgər döymə daha ağır nəticələrə səbəb olarsa, yəni

b) Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma 3-8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

c) Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və b)-də nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

d) Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 1000-1500 manatadək miqdarda cərimə və ya 240-360 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

e) Hətta ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma da 1200-2400 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllərdən a)-da göstərilən əməlin törədildiyi təqdirdə, zərərçəkmiş barışıq baş tutduqda iş üzrə icraata xitam verilir. Bu əməllərdən c), d) və e)-də göstərilən əməllər törədildiyi halda isə əməli törədən şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad olunur.

2) Daha bir əməl isə “xeyirsiz övlad” deyilən hallarla bağlıdır.

Belə ki, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60-100 manatadək məbləğdə cərimə edilir. Bu əməl 18 yaşına çatmış şəxslər barəsində tətbiq edilir və rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilən cərimə ilə nəticələnə bilir. Bu cərimələrin mütəmadi olaraq tətbiq edilməməsi üçün məqsədəuyğundur ki, əmək qabiliyyəti olmayan valideynlərə daimi diqqət və qayğı göstərilsin.

3) Bir başqa qadağan olunan əməl isə məcburi nikahlarla bağlıdır.

Qadını nikaha daxil olmağa məcbur etmə 2000-3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə isə 3000-4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cəzalardan xilas olmaq üçün isə qadınların da kişilərlə bərabər hüquqlu olduğunu unutmamaq və həm 18 yaşına çatmayan, həm də 18 yaşına çatsa da, nikaha daxil olmaq istəməyən xanımları nikaha məcbur etməmək məqsədəuyğundur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.