» » » 9 may Qələbə Günü – Qəhrəman Mühasiblər

9 may Qələbə Günü – Qəhrəman Mühasiblər

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

9 may Qələbə Günü – Qəhrəman Mühasiblər

 

9 may Qələbə Günü.
Bəşəriyyətin alman faşistləri üzərində qələbə çalmasının 75-ci ildönümüdür.

Alman faşistlərinə qarşı altı ilə yaxın davam edən ikinci dünya müharibəsində bir çox dövlətlər və millətlərin nümayəndələri iştirak ediblər. Təbii ki, müharibə iştirakçıları arasında yalnız müntəzəm ordu döyüşçüləri və zabitləri deyil, digər peşə sahibləri də iştirak ediblər. O cümlədən ümumi səfərbərlik zamanı müharibəyə çağırılanlar arasında mühasiblərin də olması şübhəsizdir.

Bəs, görəsən, mühasiblər arasından qəhrəman adına layiq görülənlər də olubmu?

İndi sizə müharibəyə qədər mühasib kimi çalışmış və ikinci dünya müharibəsində şücaət göstərmiş üç Sovet ittifaqı qəhrəmanı olan mühasiblər haqqında məlumat verəcəyik.

İvan Nikolayeviç Selyaqin.

İvan Selyaqin 1918-ci il iyulun 26-da Minino kəndində (Pskov vilayətinin Velikolutskiy rayonu) anadan olub. Onuncu sinfi bitirdikdən sonra Velikolutskiydə mühasib kimi işləməyə başlayıb, eyni zamanda aeroklubda təyyarə sürməyi öyrənib. 1938-ci ildə ordu sıralarına çağırılıb. 1940-cı ildə Voroşilovqrad hərbi aviasiya məktəbini pilot kimi başa vurub. 1943-cü ilin may ayından döyüşən ordu sıralarına çağırılıb. 1945-ci ildə baş leytenant İvan Selyaqin hava hücum alayının 6-cı eskadrilyasının komandiri olub. 167 hərbi uçuş həyata keçirib və düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv edib.

Göstərdiyi igidliyə görə 1945-ci il avqustun 18-də Selyaqin Sovet ittifaqı qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonra da o, ordu sıralarında xidmət edib və polkovnik rütbəsində tərxis olunub. Tərxis olunduqdan sonra Velikiy Lukiy rayonunda yaşayıb və işləyib. 1990-cı ildə vəfat edib və elə yaşadığı rayonda da dəfn edilib.

Aleksey Vasilyeviç Juravlyov

Aleksey Juravlyov 1913-cü ildə Şentala kəndində (hazırda Samara vilayətinin Şentala rayonu) anadan olub. Orta məktəbi bitirdikdən sonra mühasib kurslarına gedib. Oranı bitirdikdən sonra Şentala rayon istehlak cəmiyyətində baş mühasib kimi çalışmağa başlayıb. 1941-ci ilin iyul ayında orduya çağırılıb. 1942-ci ilin fevral ayından döyüşən ordu sıralarında cəbhə bölgəsində vuruşub. 1944-cü ilin avqust ayında o, kapitan rütbəsində 132-ci qvardiya atıcı batalyonun komandiri olub. Rumıniyanın faşistlərdən azad olunması zamanı igidlik göstərib. 1944-cü il avqustun 19-da Juravlyovun rəhbərlik etdiyi batalyon alman müdafiəsinin üç müdafiə xəttini yararaq düşmən ərazisinin içərilərinə doğru irəliləyə bilib. Bu zaman rəqibin iki rota əskəri məhv edilib. Həmin döyüşlərdə Juravlyovun özü də yaralanıb, lakin o, döyüşməkdə davam edib.

1945-ci il martın 24-də göstərdiyi şücaətə görə Aleksey Juravlyova Sovet ittifaqı qəhrəmanı adı verilib.

1945-ci ildə əliliyi ilə əlaqədar ehtiyata göndərilib. Bundan sonra Şentalaya qayıdıb. 1958-ci il fevralın 28-də vəfat edib.

 

 

Aleksandr Petroviç Sedunov

Aleksandr Sedunov 1919-cu il noyabrın 7-də Urdoma kəndində (hazırda Arxangelskiy vilayətinin Lenskiy rayonu) anadan olub. Elə həmin kənddə orta məktəbi bitirib. Rayon tədarük kontorunda əvvəl mühasib, sonra isə Baş mühasib kimi işləməyə başlayıb.

Ordu sıralarına 1939-cu ildə çağırılıb. Müharibənin ilk günlərindən atıcı diviziyanın tərkibində cəbhəyə göndərilib.

Sedunovun xidmət keçdiyi alay cəbhənin ən mühüm istiqamətində, Moskva Yelnya yolunu qoruyub. 26 gün ərzində Sibir diviziyasının döyüşçüləri düşmənin ardı-arası kəsilməyən hücumlarının qarşısını ala bilib. Sonra isə diviziya özü hücuma keçərək 8 alman hərbi birləşməsini məhv edib. Moskva ətrafındakı döyüşlərdə Sedunov düşmənin tank hücumlarının qarşısının alınmasında şücaət göstərib. Maloyaroslavk şəhərinin azad olunması zamanı isə o, yaralanıb.

Sağaldıqdan sonra yenidən öz hissəsinə qayıdıb və burada rəhbərliyin onu Moskva hərbi mühəndislik məktəbinə oxumağa göndərilməsi xəbərini alıb. O, hərbi məktəbi 1943-cü ildə bitirir. 1943-cü il oktyabrın 3-də Dnepr çayının paromla keçirilməsi işlərinə rəhbərlik edir. Bir neçə parom reysi ilə o, iki atıcı alayının artilleriya sistemlərini çayın o biri sahilinə keçirməyə müvəffəq olub. Həmin döyüşlər zamanı yaralanmış alay komandirini atəş altında çıxararaq ölümdən xilas edir. Lakin, bu zaman özü də yaralanır.

1944-cü il fevralın 22-də leytenant Aleksandr Sedunov göstərdiyi igidliyə görə Sovet ittifaqı qəhrəmanı adına layiq görülür.

Sağaldıqdan sonra o, yenidən öz hərbi hissəsinə qayıdır. Yassı-Kişinyov əməliyyatında, Çexoslovakiya və Macarıstanın azad olunmasında iştirak edir. Avstriyanın paytaxtı Vyana uğrunda gedən döyüşlərdə üçüncü dəfə yaralanır.

Müharibədən sonra ordu sıralarında xidmətini davam etdirir. 1974-cü ildə polkovnik rütbəsində ehtiyata buraxılıb və Leninqradda yaşayıb. 8 avqust 1992-ci ildə vəfat edib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun