Daha çox8
Daha çox8

Vergi ödəyicilərinin nəzərinə!

posted in: Xəbər | 0

Məlum olduğu kimi, “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi və uçot intizamının yüksəldilməsi dövlət vergi orqanları qarşısında duran əsas hədəflərdəndir. Bu məqsədlə bazar iştirakçıları arasında əməliyyatların şəffaflaşdırılması və sənədləşdirmə səviyyəsinin qaldırılması baxımından vergi orqanları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bununla belə, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 faiz rentabellik nəzərə alınmaqla tətbiq olunacaq. 2025-ci ilin yanvarın 1-dən etibarən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.

Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.

Nümunə: A MMC tərəfindən vergi orqanına təqdim edilən mənfəət vergisinin hesabatında 120.000 manat gəlir, 100.000 manat xərc əks etdirilib və 4.000 manat mənfəət vergisi hesablanıb. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlamasında xərclərə dair sənədlərin tələb edilməsi zamanı cəmiyyət tərəfindən gəlirlərin rəsmiləşdirildiyi, lakin xərclərin 30.000 manat hissəsinin sənədlərlə təsdiqini tapdığı, 70.000 manat hissəsinin isə rəsmiləşdirilmədiyi müəyyənləşdirilib.

2024-cü il üzrə 2025-ci ildən etibarən
“Keçid müddəaları”n 2.1-ci maddəsinə əsasən 50 faiz rentabelliyin tətbiqi nəzərə alınmaqla, gəlirdən çıxılan xərclər 20.000 manat azaldılaraq 80.000 manat müəyyən edilir və nəticədə 40.000 manat mənfəət üzrə 8.000 manat (əlavə 4.000 manat) vergi hesablanılır. Vergi Məcəlləsinin 108.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sənədlə təsdiqini tapmayan 70.000 manat xərclərin gəlirdən çıxılmasına yol verilmir və gəlirlərdən 30.000 manat rəsmiləşdirilmiş xərclər çıxılmaqla nəticədə 18.000 manat (əlavə 14.000 manat) vergi hesablanılır.

Mənbə: vergiler.az

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı azalıb

posted in: Xəbər | 0

2024-cü ilin 1-ci rübü ərzində vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin icrası ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Hesabat dövrü ərzində Dövlət Vergi Xidmətinə 1.523 faktiki şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.287 müraciət və ya 45,8% azdır.

Müraciətlərin 94,2%-i kameral vergi yoxlamaları, 0,1%-i səyyar vergi yoxlamaları, 2%-i operativ vergi nəzarəti və 3,7 %-i digər kateqoriyalı şikayətlərlə bağlı olub.

Şikayətlərin 67,2%-i mikro sahibkarlıq subyektlərinin payına düşüb. Təhlillər göstərir ki, həmin vergi ödəyiciləri tərəfindən gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün və vaxtında tərtib olunmaması, elektron qutulara göndərilən uyğunsuzluq məktublarının zamanında oxunmaması, uyğunsuzluq məktublarına əsaslı cavab verilməməsi vergilərin hesablanmasına və ya maliyyə sanksiyasının tətbiqinə səbəb olur ki, bu da şikayətlərin sayına təsir edir.

2024-cü ilin 1-ci rübü ərzində daxil olan müraciətlərin sayında əvvəlki ilin müvafiq dövrünə nisbətən nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub. Azalmanın müşahidə olunduğu əsas risk meyarlarından biri “məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə kənarlaşmaların əvvəlki dövrlərə nisbətən daha dəqiq müəyyənləşdirilərək hesablamalar aparılması, həmçinin inzibati araşdırma gedişatında mütəmadi olaraq həyata keçirilən məlumatlandırma və izahat işləri nəticəsində vergi ödəyicilərinin məlumatlanma səviyyəsinin artmasıdır. Bundan başqa, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 166-cı maddəsinə edilən dəyişikliyə əsasən, “qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə  hesablanmalı olan ƏDV məbləğləri ilə ƏDV bəyannamə göstəriciləri arasında yaranmış kənarlaşmalar” üzrə vergi orqanı ilə vergi ödəyiciləri arasında vahid mövqeyin formalaşması bu tip hesablamaların ödəyicilər tərəfindən mübahisələndirilməsi hallarının kəskin azalmasına səbəb olub.

Hesabat dövrü ərzində daxil olan müraciətlərin 85,5%-i 30 iş günü ərzində icra olunub. Yanvar – mart aylarında icra olunmuş 1.506 (əvvəlki dövrün sonuna icraatda qalanlar nəzərə alınmaqla) müraciətin 56,6%-i üzrə icraçı şəxslər tərəfindən görülmüş izahat-məlumatlandırma işləri ilə bəyannamənin düzgün tərtib edilməsi, zəruri təsdiqedici sənədlərin və əsaslandırılmış izahatın vergi orqanına təqdim olunması nəticəsində hesablanmış məbləğlər vergi orqanları tərəfindən azaldılmaqla, 4,2%-i üzrə “inzibati şikayətin təmin edilməsi barədə” qərar qəbul edilməklə ümumilikdə 60,8%-i müsbət həll olunub, 1,6%-i üzrə inzibati şikayətin qismən təmin edilməsi, 27,9%-i üzrə inzibati şikayətin baxılmamış saxlanılması, 6,2%-i üzrə inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

İnzibati şikayətin baxılmamış saxlanılması haqqında qərarın çıxarılmasına səbəb, əsasən (96,2% halda), vergi ödəyicisi tərəfindən şikayətinin geri götürülməsi olub. Belə qərar qəbul edilmiş şikayətlər üzrə bütün zəruri araşdırmalar aparıldıqdan, zəruri sənədlər tələb olunduqdan, vergi ödəyicisinin təqdim etdiyi sənədlər araşdırıldıqdan, yaxud sənəd təqdim edilmədiyi halda vergi ödəyicisinin fəaliyyəti, hesablanmış vergilərin düzgünlüyü yoxlanıldıqdan sonra ödəyici ilə əlaqə yaradılaraq müvafiq izahat və məlumatlandırma işləri aparılmaqla həmin məbləğin əsaslı olduğu sübuta yetirilib ki, bunun da nəticəsində şikayətlər geri götürülüb.

Mənbə: taxes.gov.az

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 138-ci maddəsinə əsasən, “Uzunmüddətli müqavilə”- müqavilədə nəzərdə tutulmuş istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. İşlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir:

Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun qaydada uçota alınır. Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Misal: Tikinti şirkəti hesablama metodu ilə uçot aparır və 2023-cü ilin dekabr ayının 1-də sifarişçi təşkilat ilə 900.000 manat (ƏDV-siz) dəyərində tikinti-quraşdırma işləri üçün müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən, tikinti-quraşdırma işləri 9 ay müddətinə başa çatdırılmalıdır. Tikinti-quraşdırma işlərinin smeta dəyəri 800.000 manat (ƏDV-siz) təşkil edir.

2023-cü ildə tikinti təşkilatının şifarişçi təşkilat üçün yerinə yetirdiyi tikinti-quraşdırma işlərinə görə faktiki xərcləri 160.000 manat (ƏDV-siz) olmaqla ümumi smeta xərclərinin 20%-ni təşkil edib:

(160.000 : 800.000) x 100 = 20%

Vergi Məcəlləsinin 138.3-cü maddəsininin tələblərinə görə, 2023-cü ildə müqavilənin yerinə yetirlməsinin faktiki həcmi 180.000 manat təşkil edir:

900.000 x 20% = 180.000 manat.

Beləliklə, 2023-cü il üzrə qeyd olunan tikinti-quraşdırma işlərindən tikinti təşkilatının gəliri 180.000 manat, xərci 160.000 manat, mənfəəti isə 20.000 manat olacaq:

180.000-160.000 = 20.000 manat

Nəticədə tikinti şirkətin həmin müqavilə üzrə gəlir (mənfəət) vergisi 4.000 manat təşkil edəcək:

20000 x 20% = 4000 manat.

Mənbə: vergiler.az

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi auditor seçir

posted in: Uncategorized | 0

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 10 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 6-sı, saat 10:00-a qədər Mərkəzin yerləşdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 35 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 6-sı, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

1 327 328 329 330 331 332 333 2. 397
error: Content is protected !!