Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

posted in: Xəbər | 0

Mövzunu “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekrpert Nüsrət Xəlilov şərh edir.

Fərdi əmək mübahisələnin həllində 2 hal mövcuddur:

1. Müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan varsa, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ǝrzində həmin orqana müraciət edə bilər.

2. Başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 tǝqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Hüququnun pozulmasının aşkar edildiyi gün dedikdə, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün nəzərdə tutulur.

Şikayətlər zamanı iddia müddətlərinin müəyyən olunmasına bir neçə nümunə ilə baxaq:

Misal 1

19.04.2022-ci il tarixdə işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edib. 19.05.2022-ci il tarixdə işçinin əmək müqaviləsinə xitam verilib. Lakin işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) ilə xitam verilib. Nümunəyə uyğun iki hala nəzər yetirək:

1-ci hal: İşçiyə əmək kitabçası qanunvericiliyə uyğun olaraq işdən çıxdığı gün, yəni, 19.05.2022-ci il tarixdə verilib. İşçi 22.07.2022-ci il tarixdə əmək müqaviləsinə yanlış əsasla xitam verilməsinin fərqinə varıb. Bu halda işçinin hüququnun pozulduğunun aşkar etdiyi gün ona əmək kitabçasının təqdim edildiyi gün hesab edilir və işçi bu tarixdən 1 təqvim ayı müddətini ötürdüyü üçün iddia müddəti ötmüş hesab edilir.

2-ci hal: İşçinin əmək müqaviləsinə 19.05.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq, ona əmək kitabçası qanunvericiliyin tələbləri pozularaq 22.07.2022-ci il tarixdə verilib. Bu halda işçinin əmək müqaviləsinə 19 may tarixində xitam verilməsinə baxmayaraq, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün ona əmək kitabçasının təqdim edilməsi günündən hesablanır və işinin 22.08.2022-ci il tarixədək məkəməyə müraciət etmək hüququ var.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan (maddi və mənəvi) vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Misal 2

İşçinin əmək müqaviləsinə 19.05.2022-ci il tarixdə xitam verilsə də ona son haqq-hesab ödənilməyib. Bu halda işçi 19.06.2022-ci il tarixə qədər deyil, 19.05.2023-cü il tarixə qədər məhkəməyə müraciət edə bilər. Belə halda iddia müddəti bir il hesab edilir.

İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Misal 3

İşçi istehsalat prosesində istehsalat xəsarəti alıb. İşəgötürən tərəfindən onun sağlamlıq xərcləri müəyyən vaxtadək qarşılanıb. Bir neçə ay keçdikdən sonra işçi səhhətində həmin istehsalat xəsarəti səbəbindən problemlər olduğunu bilib və işəgötürəndən bu zərərin ödənilməsini tələb edib. İşəgötürən isə bu zərəri qarşılamaqdan imtina edib.

İşçilərin sağlamlığına vurulmuş zərərin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri) əvəzinin ödənilməsi ilə bağlı şikayətlərə iddia müddəti şamil edilmədiyi üçün işçi istənilən vaxt pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər.

İşəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Göstərilən müddətlər üzürlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Üzürlü səbəblər dedikdə, iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər nəzərdə tutulur. İddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadi), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Misal 4

İşçinin əmək müqaviləsinə 19.05.2022-ci il tarixində xitam verilib. İşçi müvafiq sənədləri təqdim edərək uşağının xəstəliyi səbəbindən xaricdə müalicə olunmasını əsaslandıraraq 20.07.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinin düzgün olmaması barədə iddia qaldıra bilər. Baxmayaraq ki, hüququnun pozulmasının aşkara çıxarılmasından bir təqvim ayı keçıb, üzürlü səbəb olduğu üçün məhkəmə iddia ərizəsini qəbul edə bilər.

Misal 5

Müəssisədə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan vardır. İşçinin əmək müqaviləsinə 19.05.2022-ci il tarixində xitam verilib. O, 19.08.2022-ci il tarixinə qədər həmin orqana pozulmuş hüququnun bərpası ilə bağlı şikayət edə bilər. Bu halda iddia müddəti 3 təqvim ayı hesab edilir. Əgər məhkəməyəqədərki orqanın çıxardığı qərar işçini qane etməzsə, bu halda o, həmin qərarın qəbul edildiyi gündən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia müddəti məhkəməyə qədərki orqanın qərarının çıxarıldığı gündən sonra hesablanacaq.

Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı mediasiya prosesinə xitam verilməsi haqqında protokol mediator tərəfindən tərtib olunaraq imzalanıb tərtib edildiyi tarixdən bərpa olunmuş hesab olunur.

Bəs əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nələrdir?

İşçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 vǝ 75-ci maddələrində nəzərdə tutulmuş əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əgər işəgötürən əmək müqaviləsinin Məcəllənin 68, 69, 70, 73, 74 vǝ 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədǝn, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam veribsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq mǝcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Yuxarıda qeyd olunan “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əməkhaqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. “İcra haqqında” Qanunun 71-ci maddəsinə əsasən, işçinin işə bərpa olunması haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əməkhaqqının və ya əməkhaqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur.

Misal 6

Tərlan “A” müəssisəsində 753 manat əməkhaqqı qarşılığında mütəxəssis vəzifəsində çalışır. 26.12.2021- ci il tarixdə Tərlan əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə əmək qanunvericiliyinin tələbləri pozularaq işdən çıxarılıb. Tərlan əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə əmək müqaviləsinə xitam verilməsinin pozuntu olduğunu bildiyindən məhkəməyə müraciət edib və 17.03.2022 – ci il tarixdə məhkəmə Tərlanın əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozularaq xitam verildyi üçün onun işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün orta əməkhaqqının ödənilməsi, eyni zamanda Tərlanın iddia ərizəsində göstərdiyi vəkil xidməti xərci, işsiz qalması nəticəsində dostu İlhamdan borc müqaviləsi əsasında aldığı borc məbləğini və bu müddət ərzində sarsıntı və psixioloji travma almasına görə mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edib.

  • Tərlan həmin dövrdə orta əməkhaqqı məbləğini itirib;
  • O, vəkillə pozulmuş hüquqlarının bərpasına dair məhkəmədə təmsilçilik hüququna dair 750 manat qarşılığında xidmət müqaviləsi bağlayıb;
  • İşsiz qaldığı dövrdə zəruri yaşam xərclərinin qarşılanması üçün dostu İlhamdan ayrı-ayrı vaxtlarda iki dəfə borc müqaviləsi əsasında 700 və 900 manat məbləğlərində borc alıb;
  • Eyni zamanda o, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə əsassız olaraq iş yerinin itirilməsi səbəbindən travma alıb və bu, onun səhhətində özünü göstərib;

Qeyd edilmiş sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilib və məhkəmə Tərlana işə bərpa edilməklə aşağıdakı ödənişlərin həyata keçirilməsinə dair qərar verib:

Qeyd edək ki, orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə hesablanır. Bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla orta əməkhaqqı məbləği müəyyən edilir.

Tərlanın ödənişdən əvvəlki iki ayında əməkhaqqı məbləği 750 manat olub. Oktyabr və noyabr aylarında 21 və 22 iş günü olduğunu nəzərə alsaq, bu halda 26 dekabrdan 17 marta qədər olan dövr üçün ona aşağıdakı şəkildə orta əməkhaqqı hesablanacaq:

Fərz edək ki, həmin dövrdə olan iş günlərinin sayı 48 gündür.

(750 + 750) : (21 + 22) = 34.88 manat;

34.88 x 48 = 1674.24 manat.

Deməli, Tərlana aşağıdakı ödənişlər olunacaq:

Məcburi işburaxma dövrü üçün orta əməkhaqqı: 1674.24 manat;

Vəkil xərci: 750 manat;

Borc məbləği: 700 + 900 = 1600 manat;

Mənəvi ziyan: 3000 manat.

Tərlana cəmi 7024.24 manat ödəniş olanacaq:

1674.41 + 750 + 1600 + 3000 = 7024.24 manat.

Mənbə: vergiler.az

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?

Kartdan karta köçürmə əməliyyatları ilə bağlı yoxlamalar başlayıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ­dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.

Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?

posted in: Xəbər | 0

Qanunvericilikdə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin stimullaşdırılması üçün əlavə şərtlər müəyyən edilib. Yenilikləri  iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

“Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyən edilib. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət məbləği 600 manat müəyyən edilib. Bundan əlavə, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifǝ) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə əsasən, işin xüsusiyyətlərində aşağıdakılar nəzərə alınmalıdır:

  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1);
  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2);
  • Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda) (Maddə 21-1.1.3).

Əmək Məcəlləsində edilən sonuncu dəyişikliklə mütəxəssislərin məskunlaşma məsələsinə aydınlıq gətirilib. Belə ki, 21-1.1.3-cü maddǝyǝ “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)” sözləri əlavə edilib. Dəyişiklikdən göründüyü kimi, mütəxəssinin əmək qanunvericiliyində qeyd edilən üstünlüklərdən yararlanması üçün işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması lazımdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

Maraqlı məqam olduğu yer üzrə qeydiyyata alınma prosesidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan şəxsin Kəlbəcər rayonunda çalışması halında onun olduğu yeri üzrə qeydiyyata alınması mümkündür. Bu zaman mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Bu zaman dövlət orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

İndi isə dəyişikliyi misalla izah edək.

Misal

Tikinti sahəsində mühəndis vəzifəsində çalışan işçi Kəlbəcər rayonunda vergi uçotuna alınan hüquqi şəxslə əmək müqaviləsi imzalayıb. Bakı şəhərində qeydiyyatda olan işçi Kəlbəcər rayonunda tikinti işləri üçün quraşdırılan düşərgədə məşkunlaşıb. İşçi Kəlbəcər rayonunda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmadığı halda, Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələblərinə uyğun hesab edilməyəcək.

Mənbə: vergiler.az

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

posted in: Xəbər | 0

Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi, yoxsa ümumi sahəsi? Məlumdur ki, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Pensiyaçı olduğuma görə, qeyd edilən bəndə əsasən mənə güzəşt tətbiq olunmalıdırmı? Tətbiq edilən güzəşt mənə məxsus olan hər iki mənzilə aiddir, yoxsa ancaq qeydiyyatda olduğum mənzilə?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Xüsusi mülkiyyətdə olan belə tikili və binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olunmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tətbiq edilmir. Ümumi ödənilməli olan məbləğdən 30 manat azaldılır.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq müəyyən etmək olar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü maddələri

Mənbə: vergiler.az

 

1 248 249 250 251 252 253 254 2. 387