Əvvəlki illərdə yaranmış zərərlər mənfəətlə əvəz edilərsə, divident vermək olarmı?

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. 

Təsisçilərə və payçılara dividentlərin ödənilməsi iqtisadiyyatda şəffaflığın təmin olunmasının davam etdiyi bir vaxtda praktiki olaraq çox istifadə edilir. İlk baxışdan bu əməliyyatların rəsmiləşdirlməsi sadə görünsə də müəyyən incəliklər vardır ki, onlara riayət olunmalıdır. Bir çox hallarda müəssisələrdə fəaliyyətin nəticəsi olaraq cari ildə mənfəət formalaşır, amma əvvəlki illərdə yaranmış zərərlər mənfəət vergisi hesablanması zamanı nəzərə alınır və bu zaman dividentlərin ödənilməsinin prosedurları maraq doğurur. Bəs zərərlər mənfəətlə bağlanırsa, bu halda əvvəlki illərə görə yaranmış xalis mənfəət hesabına divident vermək olarmı?

Misallar üzərində məsələyə aydınlıq gətirək:

Misal 1

“AA” MMC 2022-ci ili 50.000 manat zərərlə başa vurub. Həmçinin, 2023-cü ildə də şirkətdə 80.000 manat vergidən əvvəlki mənfəəti formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Bunu aydınlaşdırmaq üçün Vergi Məcəlləsinə nəzər yetirməliyik:

Məcəllənin 121.1-ci maddəsində göstərilir ki, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Sadə formada desək, zərərlər məhdudiyyət qoyulmadan növbəti 5 ilin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, “AA” MMC-də 2023-cü il üçün mənfəət vergisi hesablayanda 2022-ci ilin zərərləri çıxılacaq:

80.000 – 50.000 = 30.000 manat;

30.000 x 20% = 6.000 manat.

Deməli, şirkətə 6.000 manat mənfəət vergisi hesablanacaq. Nəticə olaraq, görünür ki, 01.01.2024-cü il üçün MMC-nin xalis (bölüşdürülməmiş) mənfəəti 24.000 manat olacaq və şirkət bu məbləğdə divident ödənişi edə bilər:

(80.000 – 50.000 – 6.000) = 24.000 manat.

Misal 2

“BB” MMC 2022-ci ili 50.000 manat mənfəətlə başa vurub. 2023-cü ildə isə şirkətin 80.000 manat zərəri formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Şirkətin 01.01.2024-cü il tarixinə yaranmış xalis mənfəətini (zərərini) hesablasaq, 30.000 manat zərərin formalaşdığını görürük:

50.000 – 80.000 = -30.000 manat.

Ona görə də müəssisə 2024-cü ildə əvvəlki illərin nəticələrinə görə heç bir dividentin ödənilməsini həyata keçirə bilməz.

Misal 3

Şirkət 2021-ci ili 40.000 manat, 2022-ci ili isə 50.000 manat xalis mənfəətlə başa vurub. Ancaq 2023-cü ili 100.000 manat zərərlə yekunlaşdırıb.

Belə vəziyyətdə şirkət 2023-cü ildə, həmçinin 2024-cü ildə də divident ödəyə bilərmi?

Bəli, şirkət 2023-cü il ərzində əvvəlki illərin xalis mənfəəti hesabına divident ödənişi apara bilər. Çünki faktiki olaraq 2021-ci və 2022-ci illər üzrə yığılmış bölüşdürülməmiş mənfəəti 90.000 manat olub:
40.000 + 50.000 = 90.000 manat.

Bunu 2023-cü ildə azad formada təsisçilərə ödəyə bilərdi. Ancaq 2023-cü ilin maliyyə nəticələrinə görə şirkətin fəaliyyəti 100.000 manat ziyanla başa gəldiyindən, artıq 2024-cü ildə divident kimi ödəniş apara bilməz. Nəzərə alsaq ki, şirkət 2023-cü ildə heç bir divident ödənişi həyata keçirməyib, yenə də 2024-cü ildə təsisçilərə divident ödənişi edə bilməz. Çünki 2021, 2022, 2023-cü illərin nəticələrinə əsasən şirkətin 10.000 manat zərəri formalaşmış olur:

(40.000 + 50.000) – 100.000 = -10.000 manat.

Vergi ödəyiciləri divident ödənişlərində diqqətli olmalıdır ki, hər hansı bir formalaşmamış dividentin ödənişi sonradan vergi orqanlarının yoxlamaları zamanı əlavə vergilərin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq edilməsinə gətirib çıxarmasın.

Mənbə: vergiler.az

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilərmi?

İşsiz statusunun verilməsi və sığorta ödənişinin ödənilməsi qaydası

posted in: Xəbər | 0

İşsizlikdən sığorta ödənişinin edilməsi üçün işsiz şəxs öncə “Məşğulluq haqqında” qanunun tələblərinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmalıdır. Qeydiyyatın qaydaları, işsizlik statusunun alınması, ödənişlərin hesablanması ilə bağlı məqamlara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

“Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə əsasən, işsiz statusunun verilməsi qaydalarına nəzər salaq:

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.

Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

  • hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
  • barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tǝdbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
  • ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
  • fərdi maşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabat “İşsizlikdan sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-i maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

  • Qanuna əsasən məşğul şəxs hesab edildikdə;
  • “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
  • Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; (təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir);
  • İşsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;
  • Təhsil müəssisəsinə əyani qəbul olunduqda.

Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

– Qanuna əsasən məşğul şəxslərə aid edilənlər;

– 15 yaşına çatmayanlar;

– Təhsil müəssisəsində əyani təhsil alanlar;

– “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 ay müddətində;

Məşğul şəxslər dedikdə “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən, aşağıdakılar nəzərdə tutulur:

  • Muzdla işləyənlər – Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
  • Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
  • Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
  • Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
  • Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani tahsil alanlar;
  • Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək faaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası

Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 tǝqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

Misal 1: Sığortaolunanın işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 aylıq dövrdə aylıq qazancı sabit 550 manat olub. Onun orta aylıq əməkhaqqı məbləği də 550 manat olacaq.

Misal 2: Sığortaolunan işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 aylıq dövrdə 8 ay çalışıb. Lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdir. Sığortaolunanın aylıq qazancı aşağıdakı şəkildə olub:

“A” MMC “B” MMC
Yanvar 630 İyun 400
Fevral 705 İyul 400
Mart 465 Avqust 400
Aprel 744 Sentyabr 400
May 855 Oktyabr 400
Noyabr 400
Dekabr 400
Yanvar 400

Bu halda orta aylıq qazanc aşağıdakı şəkildə hesablanacaq:

Nümunəmizdə sığortaolunanın 5 ay “A” MMC-da, 8 ay isə “B” MMC-də sosial sığorta stajı vardır. Sığortaolunanın əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına böləcəyik.

3399 + 3200 = 6599 manat;
6599 : (8+5) = 507.62 manat.

Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.

Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Dövlət Statistika Komitəsinin 17.01.2023-cü il tarixli məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat olub. Deməli, həmin ildə sığorta ödənişi 345 manatdan az, 829,9 manatdan çox ola bilməz.

Qeyd edək ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. 2022-ci il yanvarın 1-dan minimum əməkhaqqının məbləği 300 manatdan 345 manata qaldırıldığı üçün, hazırda minimum sığorta ödənişinin məbləği 345 manatdır.

Sığorta ödənişinin ödənilməsi

“İşsizlikdən sığorta haqqında” qanunun 17-ci maddəsinə əsasən, ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sıgorta ödənişinin məbləğindən az olmayaraq ödənilir.

  • ilk 2 təqvim ayı üçün – 100 faiz;
  • 3-4-cü təqvim ayları üçün – 80 faiz;
  • 5-6-cı təqvim ayları üçün – 70 faiz.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

Mənbə: vergiler.az

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilərmi?

posted in: Xəbər | 0

ƏMAS altsistemində işəgötürən və işçi arasında əmək müqaviləsinə dəyişiklik olduqda bütün hallarda elektron əmək müqaviləsinin imzalanması həyata keçirilir. Müqavilənin qüvvəyə minməsi ilə bağlı halları iqtisdaçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu səbəbdən də əmək müqavilələrinə dəyişiklik olduqda yenidən onlayn əmək müqaviləsi tərtib edilir. Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 1 saylı əlavəsində əmək müqaviləsinə dəyişikliyin hüquqi qüvvəyə minməsi üçün iki variant təklif edilir. Belə ki, əmək müqaviləsinin nümunəvi formasının 8.3-cü bəndində qeyd edilir ki, tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya ____ gündən gec olmayaraq qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

Bənddən göründüyü kimi, əmək müqaviləsinə dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün 2 variant var:

– dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya

– _____ gündən gec olmayaraq.

İkinci variant o halda mümkündür ki, işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində tutaq ki, 2 sentyabr 2024-cü il tarixdə dəyişiklik edilsə də sənədin hüquqi qüvvəyə minmə tarixi – misal üçün, 15 sentyabr 2024-cü il tarixi olsun.

Əmək müqaviləsinə dəyişikliklə bağlı prosesin necə həyata keçirilməsini misalla izah edək.

Misal 1

İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, işçi yeni vəzifəyə keçirilir. Bu zaman işəgötürən cari əmək müqaviləsi üzrə dəyişiklik həyata keçirdikdə, hər iki tərəfin imzaladığı tarixdən işçinin yeni vəzifəyə keçirilməsi təsdiqlənir. İşəgötürən dəyişiklik edilmiş elektron əmək müqaviləsini imza üçün işçiyə göndərir. İşçi elektron əmək müqaviləsini elektron imza ilə imzaladıqdan sonra işəgötürən tərəfindən də eyni proses həyata keçirilir. İşəgötürən elektron əmək müqaviləsini imzaladıqdan sonra işçinin yeni vəzifəyə keçməsinin hüquqi qüvvəsi olacaq. Əks halda, işəgötürən tərəfindən işçinin yeni vəzifəyə keçirilməsinin hüquqi əsası olmayacaq.

Bəs əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən qüvvəyə minə bilərmi?

Bəzi hallarda işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə dəyişikliklərin öncəki tarixdən hüquqi qüvvəyə minməsinə ehtiyac yaranır.

Misal 2

İşəgötürən 15 noyabr 2024-cü il tarixdə qərar verir ki, 1 noyabr 2024-cü il tarixdən etibarən işçilərin əmək haqları 20 faiz artırılsın. 15 noyabr 2024-cü il tarixdə işəgötürən və işçilər arasında bağlanan əmək müqavilələrinə dəyişiklik edildiyi zaman ƏMAS-da dəyişikliyin qüvvəyə mindiyi tarix 1 noyabr 2024-cü il kimi qeyd ediləcək. Bu səbəbdən elektron əmək müqaviləsinin 15 noyabr 2024-cü il tarixdə imzalanmasına baxmayaraq, əməkhaqqının yeni artımla hesablanması 1 noyabr 2024-cü il tarixdən həyata keçirilə bilər.

Amma yuxarıdakı misalda qeyd etdiyimiz kimi, əmək müqaviləsində dəyişiklik və əlavələr imzalandığı və ya razılaşdırımış müəyyən tarixdən sonra qüvvəyə minməsinə icazə verilir. O səbəbdən də işəgötürənlərə tövsiyə edirik ki, əmək müqaviləsinə dəyişiklik tarixini öncəki tarixlǝrǝ qeyd etməsinlər. Baxmayaraq ki, ƏMAS alstistemində dəyişiklik tarixinin öncəki tarixlərdə qeyd edilməsinə hər hansı məhdudiyyət yoxdur.

Mənbə: vergiler.az

Fərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı “Depozit lotereyası” davam edir. Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olmaq şansı qazanırlar.

Lotereyanın 7 noyabr 2024 tarixində keçiriləcək  final tirajında 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18%-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 AZN-ə sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır.

Ətraflı məlumat üçün: https://kbl.az/dll

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

1 250 251 252 253 254 255 256 2. 387