» » » Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 186-1.1-ci maddəsinə əsasən, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına və ya məcburi nişanın alınmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.

Qanunvericiliyin bu tələbini  vergi eksperti İsmayıl Bağırov nümunələr əsasında izah edir. 

Misal 1

Vergi ödəyicisi 2024-cü ilin yanvar ayında 5.000 litr pivə istehsal edib və bu malın hamısını istehsal binasının hüdudlarından kənara çıxarıb. Buna görə 2.000 manat aksiz vergisi hesablanıb:
5.000 x 0,4 = 2.000 manat.

Lakin 2024-cü ilin may ayında müəyyən səbəblərdən həmin pivənin 2.000 litri geri qaytarılıb. Bu halda, ödəyici may ayının aksiz bəyannaməsində aksiz vergisini 800 manat azaldacaq:
2000 x 0,4 = 800 manat.

Biznes hesabi

Vergi Məcəlləsinin 186-1.2-ci maddəsində göstərilib ki, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciətedilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

Misal 2

Aksizli malların istehsalçısının istehsal binasından kənarda yerləşən anbarlarında xarab olmuş mallar 2023-cü ilin oktyabr ayında geri qaytarılıb. Həmin ayın 11-də vergi ödəyicisi bu malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar müraciətedilmə tarixindən, yəni oktyabrın 11-dən 5 iş günü müddətində aktlaşdırılır.

Vergi Məcəlləsinin 186-1.3-cü maddəsinə əsasən, xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib olunan akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir

Misal 3

Vergi ödəyicisi 2024-cü ilin iyul ayında elektron qaimə-faktura əsasında 5.000 litr içməli spirt alıb və həmin spirtdən hesabat dövründə 0,5 litrlik 12.000 ədəd araq istehsal edərək istehsal binasının hüdudlarından kənara buraxıb. Həmçinin, arağın bir hissəsi xarab olduğuna görə iyul ayında müvafiq akt tərtib olunub və həmin məhsul məhv edilib. Vergi hesabatı verilərkən tərtib olunan akt vergi orqanına təqdim edilib. Bu halda vergi ödəyicisinin aksiz üzrə vergi öhdəliyini müəyyən edək.

Vergi ödəyicisinin aldığı spirtə görə ödədiyi aksizin məbləği 24.000 manat təşkil edir:
5.000 x 4,8 = 24000 manat.

İstehsal edilən aksizli malın əvvəlcə həcmi (kəmiyyəti) müəyyənləşdirilir:
12000 x 0,5 = 6.000 litr.

Həmin miqdarı aksizin dərəcəsinə vuraraq hesablanmalı olan aksizin məbləğini tapırıq:
6.000 x 4,8 = 28.800 manat.

Tutaq ki, məhv edilmiş mala görə 1.000 manat aksiz vergisi əvəzlədirilib. Bu halda vergi ödəyicisi malı alarkən ödədiyi aksizin məbləği ilə onun hesabat ayında hesabladığı aksiz məbləği arasındakı fərq və məhv edilmiş mala görə 1.000 manat əvəzləşdirilmiş aksizin məbləğini nəzərə aldıqda, vergi ödəyicisinin aksiz vergisi öhdəliyi 5.800 manat təşkil edəcək:
28.800 – (24.000 – 1.000) = 5.800 manat.

Vergi Məcəlləsinin 186-1.4-cü maddəsinə görə, bu Məcəlləsinin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş məcburi nişan qalarsa, vergi ödəyicisi həmin nişanları alarkən ödənilmiş aksiz məbləğlərini geri almaq hüququna malikdir.

Misal 4

Tütün məmulatları istehsal edən MMC 2024-cü ilin yanvar ayında 300.000 ədəd məcburi nişan alıb. Oktyabr ayında MMC ləğv olunub və sahibliyində 100.000 ədəd aktivləşdirilməmiş məcburi nişan qalıb. Bu halda ödəyici həmin aktivləşdirilməmiş 100.000 ədəd məcburi nişanlar üçün ödənilmiş aksiz məbləğlərini geri ala biləcək.

Vergi Məcəlləsinin 186-1.5-ci maddəsində isə göstərilib ki, aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini aşağı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə artırılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayı aksiz bəyannaməsində əks etdirməklə növbəti ayın 20-dən gec olmayaraq, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxal edildiyi vaxtı gömrük bəyannaməsində əks etdirməklə dövlət büdcəsinə ödəməlidir.

Misal 5

Tütündən hazırlanan siqaretlər üçün “AA” MMC 2024-cü ilin yanvar ayında 500.000 ədəd məcburi nişan alıb və buna görə 22.750 manat aksiz vergisi ödəyib. İyul ayında aksiz dərəcələrində artım olub. Artım olan tarixə ödəyicinin sahibliyində 100.000 ədəd aktivləşdirilməmiş məcburi nişan olub və buna görə MMC 5.000 manat əlavə aksiz məbləği hesablayıb. Ödəyici iyul ayının aksiz bəyannaməsində həmin fərqi göstərib, avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəyir.

Misal 6

Tütün məhsulları kombinatı 2024-cü ilin yanvar ayında 18.200 manat dəyərində 400.000 ədəd müxtəlif növ siqarilla üçün məcburi nişan alıb və il ərzində 30.000 ədəd müxtəlif növ siqarilla istehsal edib. Bu malların 20.000 ədədini istehsal binasının hüdudlarından kənara çıxarıb, qalanını isə binada saxlayıb. Sentyabr ayında Vergi Məcəlləsində dəyişiklik olduğu üçün aksiz dərəcələrində artım olub. Nəticədə aktivləşdirilməmiş məcburi nişanlara görə 9.000 manat fərq yaranıb. Bu vaxt müəssisə həmin 9.000 manat fərqi sentyabr ayının aksiz bəyannaməsində əks etdirməklə oktyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 186-1.6-cı maddəsinə əsasən, aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə azaldılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.

Misal 7

Müəssisə 2024-cü ilin yanvar ayında elektron siqaretlər üçün 500 litr maye idxal edib və buna görə 50.000 manat aksiz vergisi ödəyib. Avqust ayında aksiz dərəcələrində azalma olub, nəticədə 5.000 manat fərq yaranıb. Bu zaman müəssisə həmin 5.000 manat azalmanı məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.

Misal 8

Tütün məhsulları kombinatı 2024-cü ilin yanvar ayında 18.200 manat dəyərində 400.000 ədəd müxtəlif növ siqarilla üçün məcburi nişan alıb və il ərzində 300.000 ədəd müxtəlif növ məhsul istehsal edib və bu malların 200.000 ədədini istehsal binasının hüdudlarından kənara çıxarıb. Oktyabr ayında Vergi Məcəlləsində dəyişiklik olduğu üçün aksiz dərəcələrində azalma olub. Nəticədə aktivləşdirilməmiş məcburi nişanlara görə 11.000 manat fərq yaranıb. Bu vaxt müəssisə həmin 11.000 manat fərqi sentyabr ayının aksiz bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.

Mənbə: vergiler.az

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?