Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar
Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir. Mövzu ilə bağlı sualları cavablandıran iqtisadçı-ekspert Anar Bayramov qeyd olunan maddədə bəzi diqqətçəkən məqamlara aydınlıq gətirir:
Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsində dəyişikliklər haqqında Qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə Qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024cü il tarix hesab edildiyindən, işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.
İkinci məqam işəgötürən tərəfindən hansı müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçalarının hansı müddətdə işçilərə təhvil verilməsi işəgötürənlər tərəfindən müəyyən edilir.
Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda isə işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.
Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmalıdırmı?
Misal
Tutaq ki, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarmalıdırmı?
Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, “…elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları” işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır.
Maraqlıdır ki, niyə keçid müddəasında “1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışından istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olunub. Bu səbəbdən də həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əksini taparsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər. Bir hal da mümkündür ki, işçinin əmək stajına başladığı dövrün müəyyən hissəsi kağız formada əmək müqaviləsi imzalanan vaxta təsadüf edib. Bu zaman həmin dövr də elektron informasiya sistemində əks olunmayacaq.
Bəs əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçası necə təhvil verilməlidir?
Əmək Məcəlləsində son dəyişikliklə bağlı Qanun qüvvəyə mindikdən sonra işçi hər hansı səbəbdən işdən azad oluna bilər. İşəgötürən əmək müqaviləsinə xitamla bağlı prosesi həyata keçirdiyi zaman əmək kitabçasını həmin şəxsə təhvil verməyib. Bu zaman işəgötürən əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçasına xitamla bağlı qeyd etdikdən sonra sənədi işçiyə təhvil verə bilər.
Digər hal da mümkündür ki, işçinin əmək kitabçası təhvil verildikdən sonra əmək müqaviləsinə xitam verilsin. Bu zaman işəgötürən tərəfindən işçiyə təhvil verilən əmək kitabçası geri alınmaqla xitamla bağlı qeydin aparılması qanunvericilikdə nəzərdə tutulmayıb.
Mənbə: vergiler.az
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Bu ilin oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı sentyabr ayına nisbətən 238 min ədəd artaraq 19,16 milyonu ötüb.
Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,5 faiz, kredit kartları üzrə 3,5 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,139 milyon manatı POS-terminallar, 7,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,8 faizini təşkil edib.
Mənbə: vergiler.az
Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə tənzimlənir?
Əmək Məcəlləsinin 161-ci maddəsinə əsasən, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir.
Müvəqqəti əvəzetmə halını 2 kateqoriyaya ayırmaq olar:
1. İşçinin müəyyən səbəbdən iş yerində olmamasına görə işçinin əmək funksiyasını digər işçiyə həvalə etmək (işçinin razılığı ilə mümkündür);
2. Boş iş yerinin əmək funksiyasını digər işçiyə həvalə etmək.
İşçinin müəyyən səbəbdən iş yerində olmamasına görə işçinin əmək funksiyasını digər işçinin icra etməsinə görə hesablama 2 üsulla yerinə yetirilir:
1. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşından çox olarsa, əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq;
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Misal 1
“XX” MMC-də aparıcı mühasib noyabr ayında 5 gün müddətinə məzuniyyətə çıxır. Aparıcı mühasibin əmək funksiyasını məzuniyyətdə olduğu dövrdə mühasib icra edəcək. Aparıcı mühasibin vəzifə maaşı 1.500 manat, mühasibin vəzifə maaşı 1.000 manatdır. Mühasib öz əmək funksiyası ilə yanaşı, aparıcı mühasibin əmək funksiyasını icra edirsə, həmin ayda vəzifə maaşları arasında fərq ödənilir.
“XX” MMC-də iş rejimi 5 günlükdür. 2024-cü il üzrə istehsalat təqviminə əsasən, noyabr ayında 19 iş günü olub. Mühasibin noyabr ayı üzrə əməkhaqqı belə hesablanacaq:
Vəzifə maaşı – 1.000 manat;
Əvəzetməyə görə ((1.500 – 1.000) : 19) x 5 = 131.58 manat;
1.000 + 131.58 = 1.131,58 manat.
Misal 2
“XX” MMC-də mühasib noyabr ayında 5 gün müddətinə məzuniyyətə çıxır. Mühasibin əmək funksiyasını məzuniyyətdə olduğu dövrdə aparıcı mühasib icra edəcək. Aparıcı mühasibin vəzifə maaşı 1.500 manat, mühasibin vəzifə maaşı isə 1.000 manatdır.
Aparıcı mühasib öz əmək funksiyası ilə yanaşı, mühasibin əmək funksiyasını icra edirsə, həmin ayda işəgötürənlə razılığa əsasən əvəzetməyə görə əlavə əməkhaqqı hesablanacaq. İşəgötürənlə işçinin razılığına əsasən, həmin məbləğ aparıcı mühasibin əməkhaqqının 30%-i məbləğində müəyyən olunub.
“XX” MMC-də iş rejimi 5 günlükdür. 2024-cü il üzrə istehsalat təqviminə əsasən, noyabr ayında 19 iş günü olub. Aparıcı mühasibin noyabr ayı üzrə alacağı cəmi əməkhaqqı belə hesablanacaq:
Vəzifə maaşı – 1.500 manat;
Əvəzetməyə görə – ((1.500 x 30%) :19) x 5 = 118.42 manat;
1.500 + 118.42 = 1.618,42 manat.
Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir.
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Misal 3
“BB” MMC-də mühasib vəzifəsi boşdur. Mühasib vəzifəsinin icrası aparıcı mühasibə (vəzifə maaşı 1.500 manat) həvalə edilir. Mühasib vəzifəsi üçün aylıq əməkhaqqı 1.000 manat nəzərdə tutulub. Ay sonunda aparıcı mühasibə öz əmək funksiyasını icra etməklə yanaşı, vakant mühasib vəzifəsini icra etdiyi üçün vakant vəzifənin vəzifə maaşının 50%-i əlavə əməkhaqqı kimi ödəniləcək. Bu zaman aparıcı mühasibin aylıq əməkhaqqı belə hesablanır:
1.000 x 50% = 500 manat (vakant vəzifə maaşı);
1.500 manat vəzifə maaşı;
1.500 + 500 = 2.000 manat.
Bu halda aparıcı mühasibin aylıq əməkhaqqısı 2.000 manat olacaq.
Mənbə: vergiler.az