» » » Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə tənzimlənir?

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə tənzimlənir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 161-ci maddəsinə əsasən, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir.

Müvəqqəti əvəzetmə halını 2 kateqoriyaya ayırmaq olar:

1. İşçinin müəyyən səbəbdən iş yerində olmamasına görə işçinin əmək funksiyasını digər işçiyə həvalə etmək (işçinin razılığı ilə mümkündür);
2. Boş iş yerinin əmək funksiyasını digər işçiyə həvalə etmək.

Biznes hesabi

İşçinin müəyyən səbəbdən iş yerində olmamasına görə işçinin əmək funksiyasını digər işçinin icra etməsinə görə hesablama 2 üsulla yerinə yetirilir:

1. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşından çox olarsa, əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq;
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Misal 1

“XX” MMC-də aparıcı mühasib noyabr ayında 5 gün müddətinə məzuniyyətə çıxır. Aparıcı mühasibin əmək funksiyasını məzuniyyətdə olduğu dövrdə mühasib icra edəcək. Aparıcı mühasibin vəzifə maaşı 1.500 manat, mühasibin vəzifə maaşı 1.000 manatdır. Mühasib öz əmək funksiyası ilə yanaşı, aparıcı mühasibin əmək funksiyasını icra edirsə, həmin ayda vəzifə maaşları arasında fərq ödənilir.

“XX” MMC-də iş rejimi 5 günlükdür. 2024-cü il üzrə istehsalat təqviminə əsasən, noyabr ayında 19 iş günü olub. Mühasibin noyabr ayı üzrə əməkhaqqı belə hesablanacaq:

Vəzifə maaşı – 1.000 manat;
Əvəzetməyə görə ((1.500 – 1.000) : 19) x 5 = 131.58 manat;
1.000 + 131.58 = 1.131,58 manat.

Misal 2

“XX” MMC-də mühasib noyabr ayında 5 gün müddətinə məzuniyyətə çıxır. Mühasibin əmək funksiyasını məzuniyyətdə olduğu dövrdə aparıcı mühasib icra edəcək. Aparıcı mühasibin vəzifə maaşı 1.500 manat, mühasibin vəzifə maaşı isə 1.000 manatdır.

Aparıcı mühasib öz əmək funksiyası ilə yanaşı, mühasibin əmək funksiyasını icra edirsə, həmin ayda işəgötürənlə razılığa əsasən əvəzetməyə görə əlavə əməkhaqqı hesablanacaq. İşəgötürənlə işçinin razılığına əsasən, həmin məbləğ aparıcı mühasibin əməkhaqqının 30%-i məbləğində müəyyən olunub.

“XX” MMC-də iş rejimi 5 günlükdür. 2024-cü il üzrə istehsalat təqviminə əsasən, noyabr ayında 19 iş günü olub. Aparıcı mühasibin noyabr ayı üzrə alacağı cəmi əməkhaqqı belə hesablanacaq:

Vəzifə maaşı – 1.500 manat;
Əvəzetməyə görə – ((1.500 x 30%) :19) x 5 = 118.42 manat;
1.500 + 118.42 = 1.618,42 manat.

Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir.

Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

Misal 3

“BB” MMC-də mühasib vəzifəsi boşdur. Mühasib vəzifəsinin icrası aparıcı mühasibə (vəzifə maaşı 1.500 manat) həvalə edilir. Mühasib vəzifəsi üçün aylıq əməkhaqqı 1.000 manat nəzərdə tutulub. Ay sonunda aparıcı mühasibə öz əmək funksiyasını icra etməklə yanaşı, vakant mühasib vəzifəsini icra etdiyi üçün vakant vəzifənin vəzifə maaşının 50%-i əlavə əməkhaqqı kimi ödəniləcək. Bu zaman aparıcı mühasibin aylıq əməkhaqqı belə hesablanır:

1.000 x 50% = 500 manat (vakant vəzifə maaşı);
1.500 manat vəzifə maaşı;
1.500 + 500 = 2.000 manat.

Bu halda aparıcı mühasibin aylıq əməkhaqqısı 2.000 manat olacaq.

Mənbə: vergiler.az

Texnologiyalar parkının rezidentlərində çalışan işçilərin vergi öhdəlikləri