Azərbaycan idxal mallarına aksiz vergisini artıra bilər

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) idxal mallarına tətbiq olunan aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, digər gömrük vergi və rüsumlarının artırılması ilə bağlı müzakirə aparılmır.

“Hazırda aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar gedir. Manatın devalvasiyasından sonra mövcud vəziyyət reallığı əks etdirmir. Eyni zamanda, aksiz vergisinə cəlb edilən tütün məmulatları və spirtli içkilər ilk tələbat malları deyil. Biz burada camaatın səhhətini də düşünməliyik. Həmçinin, bu məhsulların istehsalı ilə bağlı ölkədə kifayət qədər müəssisə fəaliyyət göstərir”, – deyə DGK başçısı qeyd edib.

Komitə sədri Azərbaycana idxal edilən avtomobillərə tətbiq olunan rüsumların artırılmasının mümkünlüyü ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, rüsumların artırılması üçün Neftçala Avtomobil Zavodu işə düşəndən sonra onun bazarda rəqabət qabiliyyəti yoxlanmalıdır: “Azərbaycana avtomobil idxalı azalıb. Əvvəl bu rəqəm ildə 80-100 min idi. Gərək Zavod işə düşsün və ondan sonra görək, idxal onun fəaliyyətinə mane olur ya yox”.

 

mənbə: report.az

Vergi hüquqpozmalarına görə 11 nəfər həbs olunub

posted in: Vergi, Xəbər | 0

2017-cı ilin 9 ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 405 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 13 milyon 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Departamentin İstintaq idarəsində 334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 80 iş üzrə 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 14 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 232 şəxsin məcburi qaydada gətirilməsi, 396 şəxsin tapılaraq istintaqa gəlmələri, 449 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 60 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.

 

Mənbə:taxes.gov.az

Online Ödənişsiz Beynəlxalq Mühasibat Kursu

Siz 4 həftə ərzində online şəkildə və ingilis dilində, ödənişsiz olaraq Beynəlxalq Mühasibat kursu keçmək istərdinizmi? Bunu sizə coursera.org saytı təklif edir. 22 yanvarda başlayacaq dərslərə, Siz https://www.coursera.org/learn/wharton-accounting/  linkinə daxil olmaqla qoshula bilərsiniz.  4 həftə ərzində, həftədə isə 5-6 saat olmaqla Amerikanın nüfuzlu Pensilvaniya Universitetinin məşhur mühasibat üzrə professoru Brian J. Bushee-nin ingilis dilində təqdimatı ilə keçirilən kursun sonunda siz 3 mühüm mühasibat hesabatı olan gəlir-xərc hesabatı, balans hesabatıpul vəsaitlərinin axını hesabatı haqqında biliklərə yiyələnəcəksiniz. Kursun proqramı aşağıdakı şəkildədir:

  • 1-ci həftə: Siz, başlanğıc olaraq Beynəlxalq Mühasibatlıq haqqında ümumi, daha sonra isə balans hesabatı haqqında geniş məlumata yiyələnəcəksiniz.
  • 2-ci həftə: Mühasibat: gəlir və xərc barədə diskussiya aparılacaqdır.
  • 3-cü həftə: Pul vəsaitlərinin axını, investisiya və maliyyə fəaliyyətinin təsnifi aparılacaqdır. Daha sonra siz pul vəsaitlərinin hərəkəti haqqında hesabatı hazırlamaq və təhlil etmək üzərində işləyəcəksiniz.
  • 4-cü həftə: Sonuncu həftə ərzində siz Maliyyə Əmsalları Təhlili ilə tanış olaraq ümumi öyrənilənlərə yenidən baxış keçirəcək, gəlir-xərc və balans hesabatı mövzularını dərindən qavrayacaqsınız. Bununla da siz yekun imtahana hazırlaşmış olacaqsınız.

Qeyri-rəsmi məşğulluğa dair sərt tədbirlər başladı

posted in: muhasibat, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2017-ci il.

mənbə: president.az