Nağdsız hesablaşmalar haqqında Qanunun tələbi ilə bağlı 2 vacib sualın cavabı

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalarSual 1. Nağdsız hesablaşmalar haqqında qanuna əsasən malı təqdim edən vergi ödəyicisi bu qanunun tələblərini pozarsa cərimə tətbiq olunur. Bəs malı qəbul edən, ödənişi nağd şəkildə edən vergi ödəyicisinə bu cərimə tətbiq olunurmu?

Cavab 1: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada, o cümlədən hər iki tərəf vergi ödəyicisi olduğu halda bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir. Qeyd edilən tələbin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Sual 2. Nağdsız hesablaşmalar haqqında qanunun tələbi pozulmaqla çəkilmiş xərclər, gəlirdən çıxılan xərclərə aid olurmu?

Cavab 2: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbi pozulmaqla alınmış mallara (işlərə, xidmətlərə) görə alıcıya ödənilmiş məbləğlər həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirin əldə edilməsi ilə bağlı olduqda gəlirdən çıxılır. Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergidən azadolmalar araşdırılacaq

posted in: Vergi, Xəbər | 0

Vergidən azadolmalar“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir”.

Bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

“Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırılmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldırıla bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Milli Məclisin bu günki plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunur.

2017-ci il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.

2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.

Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.

2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.

2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,6%-i deməkdir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblər üçün ödənişsiz mühasibat təlimləri

posted in: muhasibat, Xəbər | 0

mühasiblər

Mühasiblər üçün ödənişsiz mühasibat təlimləri


Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərində çalışan mühasiblərin nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Cari ilin sentyabr ayından başlanılması nəzərdə tutulan təlimlərə qeydiyyata başlayırıq.

Təlimlər ödənişsiz olaraq həyata keçiriləcəkdir. 

Qeydiyyatdan keçmək üçün özünüz haqqında məlumatı (iş yerindən arayış əlavə edilməklə) 01.07.2018-ci il tarixinə qədər tedrismaliyye@gmail.com ünvanına göndərməyiniz tələb olunur.

Telefon: (+994) 12 404 81 59

Faks: (+994) 12 566 84 77

Web: www.tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü

posted in: Vergi, Xəbər | 0
vergi yükü
Sahibkarı şəffaflığa sövq edəcək vahid vergi yükü

Ekspertlərin fikrincə, bu sahədə islahatlar aparmaq üçün effektiv mexanizmlər hazırlanmalıdır
Azərbaycanda əmək haqqına vahid verginin tətbiq olunması təklif edilir. Bunu Sahibkarlar Gününə həsr olunmuş konfrans zamanı vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, əmək haqlarının vergi yükünün azaldılması nəzərdən keçirilir. Onun sözlərinə görə, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində müzakirə olunur. Vergilər naziri deyib: “Bu məsələ bütün vergi ödəyiciləri üçün çox vacibdir. Bu addım verginin yükünün azaldılmasına və işçilərin əmək haqlarının vergiyə cəlb olunmasının sadələşdirilməsinə yönəlib. Əmək haqqına vahid vergi tətbiq olunacaq və onun dərəcəsi hazırkı qanunvericilikdə qeyd olunan göstəricidən əhəmiyyətli dərəcədə az olacaq”. Nazir qeyd edib ki, bu addım, eləcə də, qeyri-rəsmi məşğulluqla mübarizəyə müsbət təsir göstərəcək. M.Cabbarov bildirib ki, bu islahatın aparılması qeyri-rəsmi məşğulluğun azaldılmasına kömək edəcək və real əmək haqlarının bəyan edilməsini təmin edəcək.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bizimlə söhbətində bəzi məqamları qeyd etdi: “Düşünürəm ki, ümumilikdə vergi sahəsində islahatlara çox böyük ehtiyac var. Hal-hazırda bu sahədə müxtəlif  işlər görülməkdədir. Yeni Vergi Məcəlləsinin qəbul edilməsi, yaxud Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi yalnız əmək haqları ilə bağlı deyil. Ümumilikdə vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün islahatlara ehtiyac var. Qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Amma bu sahədə mütəmadi işlər görülür. ƏDV əmək haqlarından vergi yükünün  azaldılması, vahid vergi sistemi ilə əlaqədar müəyyən təkliflər irəli sürülüb. Yəqin ki, bu təkliflər Milli Məclisə təqdim olunacaq. Yeni nazir vergi sistemində şəffaflığın təmin edilməsində çox maraqlıdır. İnsanlar öz vergilərini rahat şəkildə ödəyə bilməlidirlər. Heç kim məcburi şəkildə vergi ödəməməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, əmək haqlarında vergi yükünün azaldılması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir: “Ölkə iqtisadiyyatında və əmək bazarında qeyri-qanuni fəaliyyətin əsas səbəblərindən biri də vergi yükünün çox olmasıdır. Sahibkarlar vergi ödəməkdə maraqlı deyillər. Hazırkı iqtisadi vəziyyətdə sektorların mənfəət norması, təxminən 40 faizlik vergi yükünün dörddə birinin yerinə yetirilməsini məqbul hesab edir. Azərbaycanda əməkhaqqı büdcəsinin 14 faizi gəlir vergisi şəklində dövlət büdcəsinə ödənilir, 25 faiz isə məcburi DSMF-yə yönəldilir. Bundan başqa, bir faiz sığorta fonduna vergi ödənilir. Bütün bunlar kifayət qədər ciddi göstəricilərdir. Məsələn, min manat əmək haqqı ödənilməsinə ehtiyac olan işçi üçün sahibkar tərəfindən 220 manat DSMF-yə, 140 manat Vergilər Nazirliyinə, 5 manat isə sığorta fonduna ödənilir. Ümumilikdə götürüldükdə, 365 manat və yaxud da fondun 36,5 faizi qədər sahibkarın fiskal yükü var. Buna görə də davamlı təşviq olunan məsələlərdən biri də məhz vergi yükünün azaldılmasıdır. Amma bununla yanaşı, vahid vergi dərəcəsinin müəyyənləşdirilməsini doğru hesab etmirəm. Çünki ümumilikdə götürdükdə son illər ərzində əksər dünya ölkələrində daha çox gəlir bərabərsizliyi probleminin azaldılmasına yönələn qərarlar qəbul edilir. Sosial dövlət konsepsiyası fonunda daha çox gəlir bərabərsizliyinin azaldılması istiqamətində işlər görülür. Vergi işinin azaldılması ilə paralel olaraq, Azərbaycanda əməkhaqqına tətbiq edilən vergi dərəcələri elə bir mexanizmlə həyata keçirilməlidir ki, mexanizm artan gəlirlər fonunda daha çox vergiyə cəlb etsin. Düşünürəm ki, belə bir mexanizmin tətbiq edilməsi daha məqsədəuyğun olardı. Buradakı meyarlar müzakirə olunan məsələlərdir. Mexanizm hazırlanarsa, bu meyarlar üzərində modelləşmə apararaq daha effektiv hədlərin müəyyənləşdirilməsi mümkün olar. Amma buna baxmayaraq, istənilən halda, daha çox gəlir götürən şəxsdən daha çox vergi alınmalıdır. Beləliklə, ölkədə təbəqələşmə və eyni zamanda gəlir bərabərsizliyinin sürəti müəyyən qədər azalmalıdır. Həmçinin, əhalinin müxtəlif sosial qruplarını təmsil edən insanların rifahı arasındakı fərq davamlı olaraq tənzimlənməli və nəzarətdə saxlanmalıdır”.