Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Mircəfər Rzazadə şərh edir. 

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  • bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı.

Göründüyü kimi, yuxarıda qeyd olunan fəaliyyət sahələrinin daxilində mühasibatlıq sahəsi də yer alıb. Bu da o deməkdir ki, fərdi qaydada fəaliyyət göstərən mühasibin illik gəliri 45.000 manatadək olduqda vergi ödəyicisi 75 faizlik vergi güzəştindən istifadə edə biləcək.

Misal 1

Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ildə gəliri 38.000 manat, xərcləri isə 12.000 manat olub. Bu halda mühasibin gəlir vergisi aşağıdakı formada hesablanacaq:

Vergidən əvvəlki mənfəət = gəlirlər – xərclər:
38.000 – 12.000 = 26.000 manat;

Vergi Məcəlləsinə əsasən verilən 75 faizlik güzəşt:
26.000 x 75% = 19.500 manat;
Gəlir vergisi = (vergidən əvvəlki mənfəət – 75 faizlik güzəşt) * 20 % – (26.000 – 19.500) x 20 % = 1.300 manat.

Fərdi sahibkar olan mühasibin 2025-ci il üzrə gəlirləri 45.000 manatdan yuxarı olarsa, prosesin hansı formada tənzimlənəcəyinə baxaq.

Misal 2

Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ildə gəliri 60.000 manat, xərcləri isə 25.000 manat olub. Göründüyü kimi, fərdi qaydada fəaliyyət göstərən mühasibin illik gəliri 45.000 manatı keçdiyinə görə, o, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən 75 faizlik güzəştdən istifadə edə bilməyəcək.
Gəlir vergisi – (60.000 – 25.000) x 20% = 7.000 manat

Bəs fərdi sahibkarın illik gəliri 45 000 manatı keçdikdə 75 faizlik vergi güzəştindən istifadə edə bilməyəcəkmi?

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni, illik gəliri 45.000 manatı keçən mühasibatlıq xidmətləri göstərən fərdi sahibkarın il üzrə orta aylıq işçi sayı 3 nəfərdən az olmadıqda və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadıqda, o, 75 faizlik vergi güzəştindən istifadə edə bilər.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Misal 3

Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ilin hər ayı üzrə 3 işçi ilə aktiv əmək müqaviləsi olub. Məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri vaxtlı-vaxtında qanunvericiliyin tələblərinə uyğun olaraq icra edib. Qeyd olunan dövr üzrə gəlirləri 85.000 manat, xərcləri isə 49.000 manat təşkil edib. Bu halda, fərdi sahibkarın gəlir vergisini hesablayaq:
Vergidən əvvəlki mənfəət: 85.000 – 49.000 = 36.000 manat;

75 faizlik güzəşt tətbiq edilir: 36.000 – (36.000 x 75%) = 9.000 manat;

Gəlir vergisi: 9.000 x 20% = 1.800 manat.

Fərdi qaydada fəaliyyət göstərən mühasibin sosial ödənişlərinə gəlincə, bu hal da qanunvericiliklə tənzimlənir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

Xatırladaq ki, hazırda Azırbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır.

Misal 4

Sumqayıt şəhərində fərdi qaydada fəaliyyət göstərən mühasibin 2025-ci ilin yanvar ayı üzrə sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:

400 x 25% = 100 manat.

Sumqayıt şəhərində fəaliyyət göstərdiyinə görə, mühasib həmin məbləğin 90%-ni ödəməlidir:

100 x 90% = 90 manat.

Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

Maliyyə Nazirliyi ictimai qurumların maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir? (II HİSSƏ)

posted in: Xəbər | 0

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Həmin qanunun 14-cü maddəsinə əsasən, sahibkar işçilər cəlb etməklə fəaliyyətini davam etdirirsə, aşağıdakı cədvəl üzrə hesablamalar aparararaq MDSS haqlarını ödəməlidir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Misal 1

Bakı şəhərində fərdi qaydada kompüter təmiri ilə məşğul olan şəxsin 2024-cü il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. Bu şəxsin gəlir vergisinin ödəyicisi olduğunu nəzərə alaraq, vergi və sosial öhdəliklərini hesablayaq:

120.000 – 14.000 = 106.000 manat;
106.000 x 20% = 21.200 manat (gəlir vergisi).

Sosial öhdəliyi:

(345 x 25%) x 100% = 86,25 manat (fəaliyyətin Bakı şəhərində olması nəzərə alınıb).

Misal 2

Bakı şəhərində kompüter təmiri ilə məşğul olan şəxsin 2025-ci il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. Sahibkar il üzrə 2 işçi cəlb etməklə fəaliyyətini davam etdirib. Hər bir işçinin əməkhaqqı məbləği 1.000 manat olub. Şəxsin gəlir vergisinin ödəyicisi olduğunu nəzərə alaraq, vergi və sosial öhdəliklərini hesablayaq:

Sahibkarın özünə görə vergi öhdəliyi:
120.000 – 14.000 = 106.000 manat;
106.000 x 20% = 21.200 manat (illik gəlir vergisi).

Hər ay üzrə sahibkarın özünə görə sosial öhdəliyi:
400 x 25% x 100% = 100 manat (fəaliyyətin Bakı şəhərində olması nəzərə alınıb).

Hər ay üzrə işçilərə görə vergi öhdəliyi:
(1.000 – 200) x 0% = 0 manat.

Burada Vergi Məcəlləsinə əsasən qeyri-neft-qaz və qeyri-dövlət sektoru üzrə nəzərdə tutulan azadolma nəzərə alınıb.

Hər ay üzrə işçilərə görə ödəməli olduğu sosial öhdəliklərin məbləği:

1-ci işçi üzrə – (200 x 3%) + (800 x 10%) = 86 manat;
2-ci işçi üzrə – (200 x 3%) + (800 x 10%) = 86 manat;
Hər ay üzrə cəmi sosial ödənişlər – 86 + 86 = 172 manat.

Hər ay üzrə əməkhaqqından sahibkarın ödəməli olduğu sosial öhdəliklər:

1-ci işçi üzrə – (200 x 22%) + (800 x 15%) = 164 manat;
2-ci işçi üzrə – (200 x 22%) + (800 x 15%) = 164 manat;
Hər ay üzrə cəmi sosial ödəniş: 164 + 164 = 328 manat.

Misal 3

Bakı şəhərində kompüter təmiri ilə məşğul olan şəxsin 2025-ci il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. İl üzrə 4 işçi cəlb etməklə fəaliyyətini davam etdirib. Hər bir işçinin əməkhaqqı 1.000 manatdır. Bu şəxsin gəlir vergisinin ödəyicisi olduğunu, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığını nəzərə alaraq, vergi və sosial öhdəliklərinin hesablayaq:

Sahibkarın hər ay üzrə cəlb etdiyi işçi sayı 3 nəfərdən çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən yararlana biləcək.

Sahibkarın özünə görə vergi öhdəliyi:
120.000 – 14.000 = 106.000 manat;
106.000 – (10.600 x 75% ) = 26.500 manat;
26.500 x 20% = 5.300 manat (gəlir vergisi).

Hər ay üzrə sahibkarın özünə görə sosial öhdəliyi:
(400 x 25% ) x 100%= 100 manat.

Hər ay üzrə işçilərə görə vergi öhdəliyi:
(1.000 – 200) x 0% = 0 manat

Hər ay üzrə işçilərin sosial öhdəlikləri:
(200 x 3%) + (800 x 10%) = 86 manat;
86 x 4 = 344 manat.

Hər ay üzrə sahibkarın işçilərə görə sosial öhdəlikləri:
(200 x 22%) + (800 x 15%) = 164 manat;
164 x 4 = 656 manat.

Beləliklə, sahibkarın hər ay üzrə ümumi sosial öhdəliklərinin məbləği 1.100 manat olacaq:
100 + 344 + 656 =1.100 manat.

Sonda onu da qeyd edək ki, sahibkarın vergi öhdəliklərinin müəyyən edilməsi zamanı onun vergi mükəlləfiyyətləri analiz olunmalı və bu məqalədə qeyd edilmiş tədiyyələrdən başqa, digər vergi növlərinin aktiv olub-olmaması da nəzərə alınmalıdır.

Mənbə: vergiler.az

Bu xərclər mənfəətin azaldılması kimi tanınır – MEYARLAR

Əmək müqavilələrinin sayı artıb

posted in: Xəbər | 0

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464.906 vahid artıb və 2025-ci ilin aprel ayının 1-nə 1.866.821 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436.770 vahid artaraq 976.692 olub.

Mənbə: vergiler.az

Maliyyə Nazirliyi ictimai qurumların maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib

Sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan 320,5 milyon dollaradək güzəşt əldə ediblər

posted in: Xəbər | 0

Bu ilin mart ayının 1-nə investisiya təşviqi sənədini alan 470 hüquqi şəxs və fərdi sahibkarlara 1 318,2 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6194 təsdiqedici sənəd təqdim olunub.

Sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan təqribən 320,5 milyon dollar məbləğində güzəşt əldə edilib.

Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Sənəd barədə ətraflı: https://economy.gov.az/az/page/muracietler/sual-cavab/investisiya-tesviqi-mexanizmi

Mənbə: vergiler.az

Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? – MƏBLƏĞLƏR

1 187 188 189 190 191 192 193 2. 387