Əsas vəsaitlər barədə ekspert rəyi

posted in: Vergi, Xəbər | 0

Əsas vəsaitlərAzərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə görə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114- cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab olunur. Mövzu ilə bağlı maraq doğuran sualları Türkmənistanın Azərbaycandakı səfirliyinin baş mühasibi, iqtisadçı ekspert Şəms Hüseynova şərh edir.

Vergi Məcəlləsinə görə aşağıdakılar əsas vəsaitlər hesab olunur:

  • tikintilər və qurğular – istehsalat və təsərrüfat, sosial-mədəni obyektlər, xəstəxanalar, poliklinikalar, internat evləri, qocalar və əlillər evləri, kitabxanalar, muzeylər, elmi-tədqiqat institutları, laboratoriyalar və başqa bütün növ istehsalat həmçinin təsərrüfat təyinatlı binalar, stadionlar, hovuzlar, yollar, körpülər, binaların hasarları, heykəllər, ictimai bağlar və müəyyən texniki funksiyaları yerinə yetirən texniki obyektlər, istehlakçıya çatdırılacaq maye, qaz və enerji halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ qurğular;
  • maşınlar, avadanlıqlar və hesablama texnikası – iş maşınları və avadanlıqları, güc maşınları və avadanlıqları, hesablama texnikası; tibbi avadanlıqlar, tənzimləyici cihazlar və ayrı-ayrı qruplar üzrə digər maşın və avadanlıqlar;
  • nəqliyyat vasitələri – hava, dəmiryol, su, avtomobil nəqliyyat vasitələri, araba nəqliyyatı (araba, xizək və s.) istehsalat (velosipedlər, motorellalar və s.) və digər bütün növ idman nəqliyyatları (iş heyvanları və yarış atlarından başqa);
  • digər əsas vəsaitlər – çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və s.

Bəs əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilirmi?

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Misal. Tutaq ki, hüquqi şəxs cari ildə kuryer şirkəti üçün 10.000 manata avtomobil almış, bu nəqliyyat vasitəsinin gətirilməsinə 2.000 manat xərc çəkmişdir. Bu halda əsas vəsaitin dəyərini 12.000 (10.000 + 2000) manat təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, ancaq amortizasiya ayırmaları şəklində çıxıla bilər.

Mahiyyətindən asılı olaraq əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər tam çıxılan, qismən çıxılan və çıxılmayan xərclər ola bilər. İnzibati xərclər – müəssisənin əməliyyat və istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. İnzibati xərclərə aşağıdakıları aid etmək olar:

  • inzibati binaların və avadanlığın icarəsi;
  • onların amortizasiyası;
  • inzibati işçi heyyəti üzrə xərclər və s.

Əsas vəsaitlər əvəzsiz olaraq verildikdə, onun dəyərinin müəyyənləşdirilmə prosesi belə gedir. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar əsasında müəyyən edilir. Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyərini ekspertlər onların uçota götürüldüyü tarixə bazar qiyməti ilə təyin edilir. Qeyd edək ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əsas vəsaitlər

Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir?

posted in: Xəbər | 0

                 Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir? əmək stajı

Əmək qanunvericiliyinə əsasən, əmək stajı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əvvəllər işçiyə bir müəssisədə çalışdığı əmək stajına uyğun olaraq əlavə məzuniyyət müəyyən edilirdi. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran “bir müəssisədə” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.

Konstitusiya Məhkəməsi bu qərarını onunla izah edib ki, eyni əsaslarla işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur. Bundan əlavə, işçilərin bir müəssisədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.

Deməli, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, işçinin ümumi əmək stajına görə əlavə məzuniyyət aşağıdakı kimi tənzimlənir:

  • beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
  • on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü.

Misal 1. Tutaq ki, “A” MMC-nin rəhbər işçisinin ümümi iş stajı 7 ildir və yeni başladığı təşkilatda cəmi 2 il iş stajı var. Bu zaman işçiyə hesablanan məzuniyyət günü 32 gün (30 (əsas məzuniyyət) + 2 (əmək stajına görə əlavə məzuniyyət) olacaq.

Bir məsələni xüsusi vurğulayaq ki, əmək stajına görə əlavə məzuniyyət hüququ əmək məzuniyyəti 30 gündən yuxarı olan şəxslərə şamil edilmir.

Misal 2. Tutaq ki, məktəbdə müəllim vəzifəsində çalışan işçinin ümumi əmək stajı 20 ildir. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 gün müəyyən edilib. Amma işçinin 20 il stajı olmasına baxmayaraq, 6 təqvim günü müddətində əlavə məzuniyyət tətbiq edilmir. Çünki Əmək Məcəlləsinin 116-cı maddəsinin tələbləri pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə şamil olunmur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
məzuniyyət əmək stajı emek

VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi

posted in: Excel, Xəbər | 0

VLOOKUP funksiyasından o qədər çox istifadə etmişik ki, onun ən vacib komponenti olan, sondakı TRUE / FALSE komponentinin hansı anlam daşıdığı haqqında heç vaxt düşünməmişik. Halbuki, funksiyanın bəlkə də ən kritik əhəmiyyətə malik hissəsi məhz odur.

1. Sıralanmış siyahılarda VLOOKUP

Nə qədər qəribə səslənsə də, axtarılan dəyərə aid diapazonun əlifba sırasına görə sıralanıb-sıralanmaması, nəticəyə ciddi təsir göstərəcəkdir. Məsələn, yuxarıdakı misalımızda, saat markaları əlifba sırasına görə sıralanmışdır və belə olan halda, gəlin, TRUE və ya FALSE komponentinin hansı nəticəni verəcəyinə baxaq.

FALSE (Exact match) = İlk nəticə

Son komponent olaraq FALSE, və ya sıfır yazsaq, kriteriyanı təmin edən ilk nəticə görüntülənəcəkdir. Bu, VLOOKUP funksiyasının alışıq olduğumuz, ənənəvi istifadə qaydasıdır.

TRUE (Approximate match) = Son nəticə

TRUE/FALSE komponenti ümumiyyətlə daxil edilməsə, Excel avtomatik olaraq bunu TRUE, yəni 1 olaraq qəbul edəcəkdir. Və sıralanmış diapazonlarda TRUE komponenti hər zaman ən sonuncu nəticəni gətirəcəkdir.

Bir başqa deyişlə, 4-cü komponent olaraq heç nə daxil etməməklə, TRUE daxil etmək tamamilə eyni nəticələri verəcəkdir.

Məsələn, praktik bir misal ilə açıqlayası olsaq, FIFO (First-In, First-Out) sistemi ilə ehtiyatları qiymətləndirən şirkətlər 4-cü komponent olaraq FALSE, LIFO (Last-In, First-Out) sistemi ilə işləyənlər isə, TRUE komponentindən istifadə etməklə, eyni mala aid birdən çox dəyər olduğu halda, ən birinci və ya ən sonuncu dəyərin nə olduğunu müəyyən edə bilərlər.

2. Sıralanmamış siyahılarda VLOOKUP

Əlifba sırasına görə sıralanmamış diapazonlarda FALSE komponenti hər zaman kriteriyanı təmin edən ilk nəticəni gətirəcəkdir.

Əlifba sırasına görə sıralanmamış diapazonlarda TRUE komponenti isə, bir az təhlükəlidir, çünki əksər hallarda səhv nəticə ilə qarşı-qarşıya olacağıq.

Yuxarıdakı misaldan da görürük ki, Patek Philippe saat markasını sıralanmamış diapazon daxilində TRUE (yəni 1) komponenti ilə axtarsaq, o zaman o markaya aid olmayan bir dəyərlə qarşılaşacağıq. Formul bizə 150 nəticəsini verdi, halbuki o saata aid cəmi 2 dəyər var: 100 və 130.

NƏTİCƏ

Nəticə olaraq, əsas 2 prinsip nəzərdə tutulmalıdır:

1. Məcbur qalmadıqca, 4-cü komponent olaraq hər zaman FALSE (və ya 0) istifadə edilməlidir.

2. Məcbur TRUE komponentindən istifadə etməli olduqda isə, axtarılan dəyərin içində olduğu diapazonun məntiqi ardıcıllıqla sıralanmış olmalı olduğudur.

Müəllif: Elçin Xəlilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
VLOOKUP funksiyası

Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilə bilməyən ƏDV xərc kimi nəzərə alınır?

posted in: Vergi, Xəbər | 0

Sual: A müəssisəsi B müəssisəsindən dəyəri 100 000 manat (əlavə dəyər vergisisiz) olan mal almış və 18 000 manat ƏDV ödəmişdir. A müəssisəsinin həmin dövrdə ümumi dövriyyəsinin həcmi 200 000 (əlavə dəyər vergisindən azad), o cümlədən, ƏDV tutulan dövriyyənin həcmi 111 000 manat (əlavə dəyər vergisisiz) təşkil etmişdir. ƏDV tutulan dövriyyənin ümumi dövriyyədəki həcmi 55,5%-dir. Vergi məcəlləsinin 175.4 maddəsinə əsasən A müəssisəsinin B müəssisəsinə ödədiyi 18000 manat ƏDV-nin 9 990 manatı (18000*55,5%) əvəzləşdirilməlidir. Sual budur ki, əvəzləşdirilməsinə yol verilməyən 8 010 manat (18 000-9 990) B müəssisəsinə ödənilmiş ƏDV müəssisənin gəlirdən çıxılan xərclərinə daxil edilməlidirmi? (əvəzləşdirilə bilməyən ƏDV, xərc,EDV)

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb edilən əməliyyatlarla yanaşı, əlavə dəyər vergisindən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında əlavə dəyər vergisi ödənilməklə və əlavə dəyər vergisindən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (əlavə dəyər vergisindən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda əlavə dəyər vergisi tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş əlavə dəyər vergisinin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən əlavə dəyər vergisi məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir. Gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 175-ci maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əvəzləşdirilə bilməyən ƏDV, xərc, EDV