Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

posted in: Bank, Xəbər | 0

iqtisadiyyatın sabitləşməsiSon günlər COVİD-19 virusunun yayılması səbəbindən dünyanın bir çox ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır. Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək planları Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyev şərh edib.

  • Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?
  • Bildiyiniz kimi ölkə prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi 2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən addımlar atılıb və vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz çıxışında İqtisadiyyat Naziri, sözügedən İşçi Qrupun rəhbəri, cənab Mikayıl Cabbarov bildirib.

Hazırda dövlət dəstəyinin göstəriləməsi üçün 10 proqram hazırlanıb. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib. Dövlət tərəfindən 2,5 milyard manat məbləğində dövlət dəstəyinin ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə (ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən artıq işçinin əmək haqqısının bir hissəsinin dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə maliyyə yardımının göstəriləməsi, biznes sahəsinə vergi güzəştlərinin və sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi diqqət çəkən məqamlardandır.

Kapital Bank da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500 nəfərə yaxın əməkdaşımız vardır. Xüsusi vurğulamaq istərdim ki, Bank tərəfindən əməkdaşlar və məvaciblərlə bağlı  heç bir ixtisar və ya məhdudiyyətlər nəzərdə tutulmayıb. Diqqət çəkən məqamlardan biri də İşçi Qrupunun əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və s. kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcəkdir. Bu da dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.

  • Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?
  • Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə prezidentinin göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Kapital Bank müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti növbəti 3 aya uzadılmışdır.
  • Kapital Bank ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli, həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, Siz mövcud vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?
  • Kapital Bank ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak kreditləri ilə yanaşı ipoteka, kiçik və orta sahibkarlıq, biznes və s. kreditlər də verilir. 1 aprel 2020-ci il tarixinə istehlak kreditləri portfelimiz 1,4 milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka portfelimiz isə 57 milyon manat təşkil edir.

iqtisadiyyatın sabitləşməsiHazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır. Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15%-lə verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5%-i dövlət tərəfindən ödəniləcəkdir. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə Kapital Bank üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub və əlavə olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, ölkə prezidenti İlham Əliyevin  regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaqdır. Həmçinin qeyd edim ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq. Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aylıq əmək haqqı fondunun 50 faizinin müəssisələrə ayrılması təklif edilir

posted in: Xəbər | 0

Aylıq əmək haqqı fondunun 50 faizinin müəssisələrə ayrılması təklif edilir.

Aylıq əmək haqqı

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, İqtisadiyyat nazirinin tezis və çağırışlarından da göründüyü kimi, koronavirusun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması hökumətimiz üçün prioritet məsələlərdən biridir və proses birbaşa ölkə başçısının nəzarətindədir: “Ölkə Prezidentinin təşəbbüsü ilə 1 milyard manat vəsait ayrılıb. Sahibkarlara iki istiqamətdə yardımın göstərilməsi nəzərdə tutulur. Onlardan biri sahibkarlara birbaşa yardımdır. Digər istiqamət isə dolayı olaraq dəstək paketinin təqdim edilməsidir. Nəticə etibarilə sahibkarlara yardım və dəstək paketinin təqdim olunması koronavirusun onların fəaliyyətinə təsirinin minimumlaşdırılması ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, vəsaitin şəffaf bölüşdürülməsi ilə bağlı ölkə Prezidentinin sərəncamına uyğun olaraq hər bir sahibkara ayrılacaq vəsaitlə bağlı məlumatlar koronavirusinfo.az səhifəsində yerləşdiriləcək. Bu məqsədlə formalaşdırılmış 4 işçi qrup vəsaitin bölüşdürülməsi ilə yanaşı, sektor və müəyyən sahələrə dəyən ziyanı, eləcə də hansı sektorlara koronavisun daha çox mənfi təsirlərini araşdırır.

Artıq bu proses başa çatıb. Daha çox mənfi təsir olan sektorlar müəyyənləşdirilib. Növbəti mərhələdə vəsaitin bölüşdürülməsi və dəstək paketinin reallaşdırılması həyata keçiriləcəkdir”.

Millət vəkilinin sözlərinə görə, koronavirusun təsirlərinin daha çox 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə etdiyi müəyyən olunub: “Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Müəyyən olunan sektorlar təkcə xidmət və ictimai-iaşə sektoru deyil, eyni zamanda turizm və otelçiliyi də əhatə edir. Bütün bu sahələrdə, eləcə də digər sektorlarda sahibkarlarımıza dəyən ziyanlar və mənfi təsirlər aydınlaşdırılıb. Əsas məqsəd budur ki, sahibkarlar əməkhaqqı fondunu qoruyub saxlasınlar. Dövlətin müəyyənləşdirdiyi ziyanı tam aradan qaldırmaq üçün dövlətin dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb”.

V.Bayramov qeyd edib ki, dəstək paketi yalnız qısamüddətli deyil, həm də ortamüddətli dövr üçün yanaşmanı əhatə edir. Yəni koronavirusun təsirlərinin minimumlaşdırılması qısamüddətli dövr üçün hədəfdir. Mənfi təsirlər aradan qaldırıldıqdan sonra sahibkar və vətəndaş daha az təsirə məruz qalmalıdır. İqtisadiyyatın koronavirusdan sonra yenidən bərpa olunması, orta və uzunmüddətli dövrdən sonrakı inkişaf çox vacibdir. “İqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarları və müəssisələri iş yerlərini ixtisar etməməyə və işçilərin əməkhaqqını ödəməyə çağırmışdı. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışa əməl edən, iş yerlərini və əməkhaqqını saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Bu, kifayət qədər böyük bir proqramdır. Hazırda muzdlu işçilərin sayı təxminən 1 milyon 550 min nəfərdir ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Daha 9 fəaliyyət istiqaməti üzrə 70 faizlik dəstək tətbiq ediləcək.

Proqramın tətbiq mexanizmi ilə bağlı məlumat verən millət vəkili qeyd edib ki, burada ya işçinin real maaşı, ya da respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək: “Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əmək haqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada da sahibkarın şəffaf fəaliyyəti əsas meyar kimi götürüləcəkdir. Sosial-korporativ məsuliyyəti olan sahibkarlara üstünlük veriləcəkdir. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.
Dövlət sahibkara dəstək olduğu kimi sahibkar da öz işçisinə dəstək olmalıdır. Bu çətin dövr bitəcək və postkoronavirus dövrü başlanacaq. Sahibkarlar da bu dövrə hazır olmalıdırlar”.

V.Bayramov biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlı üçüncü proqram barədə qeyd edib ki, burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlərdən söhbət gedir. Yekun qərar qəbul edildikdən sonra həmin güzəştlərin mahiyyəti ictimaiyyətə çatdırılacaq.

Yanaşma ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin və koronavirussuz dövr üçün yeni fəaliyyət planı hazırlansın.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rezidentlik sertifikatının verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0
sıfır faiz dərəcəsi ƏDVXidmətin adı: Rezidentlik sertifikatının verilməsi (DTA01 Forması)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 24-cü maddəsi – VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Rezidentlik sertifikatı

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 5.10-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi

posted in: Xəbər | 0

Xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi.

iş rejiminin tənzimlənməsi

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin:

1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə);

1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;

1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.5.2. 2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

1.5.3. 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 2 aprel 2020-ci il

№ 124

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 2 aprel
tarixli 124 nömrəli Qərarına
1 nömrəli əlavə

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət
əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz
fəaliyyət göstərən müəssisələrin
Siyahısı
  1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  2. “Azəriqaz” İstehsalat Birliyi
  3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
  7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
  8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
  9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
  10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
  11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
  12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
  16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  17. Bakı Nəqliyyat Agentliyi
  18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
  20. Dövlət Dəniz Agentliyi
  21. Dövlət Mülki Aviasiya Agentliyi
  22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
  23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələr

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 2 aprel
tarixli 124 nömrəli Qərarına
2 nömrəli əlavə

Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə
edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra
hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan
hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik
hüquqi şəxslərin
Siyahısı
  1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
  4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  6. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  7. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
  9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  12. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  13. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  14. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  15. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  16. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
  3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
  4. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
  5. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
  7. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
  8. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
  9. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
  10. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
  11. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
  12. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
  13. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
  14. Azərbaycan Respublikasının Hesablama Palatası
  15. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
  16. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
  17. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
  18. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
  19. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı

Mənbə: nk.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun