Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?

posted in: Xəbər | 0

Təcrübədə rastlaşdığımız hallardan biri də ƏDV ödəyicisi olmayan və sonradan könüllü qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınan vergi ödəyiciləri tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin təqdim edilməsi dövrləri və tarixləri ilə bağlı məqamlardır. 

Sərbəst auditor Altay Cəfərov nümunələr əsasında həmin halların necə dəqiqləşdirilməsini, hansı bəyannamələrin verilməli olduğunu izah edir.

Misal 1

“AA” MMC 2024-cü ildə sadələşdirilmiş vergi ödəyicisi olub. Şirkət bütün bəyannamələrini vaxtında vergi orqanına təqdim edib. 2025-ci ilin aprel ayında MMC rəhbərliyi 2024-cü ilin aprel ayınıın 1-dən ƏDV ödəyicisi kimi qeydiyyata durmağı qərara alıb. Bundan sonra şirkət ƏDV ödəyicisi kimi uçota alınmaq üçün ərizə verib və vergi orqanları MMC-ni ƏDV ödəyicisi kimi uçota alıb. Nəzərə alaq ki, 2024-cü ilin birinci rübündə şirkətin dövriyyəsi 20.000 manat olub. Həmçinin, 2024-cü ilin aprel-dekabr aylarında da ümumi dövriyyəsi 100.000 manat təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında da 30.000 manat dövriyyəsi olub.

Misal 2

Misal 1-dəki kimi əməliyyatlar baş verib. Sadəcə “AA” MMC 2024-cü ildə sadələşdirilmiş vergi ödəyicisi yox, mənfəət vergisi ödəyicisi olub. Bu hallarda “AA” MMC ƏDV bəyannamələrini necə və hansı dövrdə təqdim etməlidir?

Bunun üçün qanunvericiliyin müvafiq maddələrinə nəzər yetirməliyik. Vergi Məcəlləsinin 157.3.3.-cü maddəsinə əsasən, ƏDV ödəyicilərinin qeydiyyatı bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə qüvvəyə minir. Maddədən də aydın olur ki, MMC rəhbərliyinin qərarına əsasən, 01.04.2024-cü ildən ƏDV ödəyicisi kimi qeydiyyata durması üçün ərizə verdiyinə görə, vergi orqanları da qeydiyyat bildirişində qeydiyyat tarixini 01.04.2024-cü il tarixi kimi qeyd edəcək.

Bəs şirkət ƏDV bəyannaməsini necə təqdim edəcək? Vergi Məcəlləsinin 177.5.-ci maddəsində göstərilib ki, qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Məcəllənin həmin müddəasından aydın olur ki, MMC-nin ƏDV qeydiyyatı 01.04.2024-cü il tarixindən olmasına baxmayaraq, bütün 01.04.2024-31 və 03.2025-ci il tarixində olan dövriyyələr 2025-ci il aprel tarixində baş tutmuş sayılır. Odur ki, hər iki misalımızda MMC 01.04.2024 – 31.03.2025-ci il tarixinə kimi olan 130.000 manat dövriyyəni 2025-ci ilin aprel ayında ƏDV bəyannaməsində yazacaq:

100.000 + 30.000 = 130.000 manat;
130.000 : 1,18 = 110.169,49 manat;
110.169,49 x 18% = 19.830,51 manat.

Yəni, bəyannamədə 110.169,49 manat ƏDV-siz məbləğ və 18% ƏDV – 19.830,51 manat kimi bəyannamədə yazılacaq.

Bəs mənfəət vergisi bəyannaməsi necə təqdim ediləcək?

Birinci misalda MMC 2024-cü ilin birinci rübü üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi qalıb və 400 manat sadələşdirilmiş vergi ödəyəcək:
20.000 x 2% = 400 manat.

Eyni zamanda, MMC 2024-cü ilin 2-ci, 3-cü , 4-cü və 2025-ci ilin 1-cü rübünü də sadələşdirilmiş vergi ödəyicisi olaraq bəyannamələr təqdim edib və vergini ödəyib.

Artıq 01.04.2024-cü ildə MMC mənfəət vergisi ödəyicisi olduğuna görə, əvvəl təqdim etdiyi sadələşdirilmiş bəyannamələri boş olaraq yenidən dəqiqləşdirilmiş bəyannamə kimi təqdim etməlidir. Əks halda, vergi ödəyicisinin bu əməliyyatları ikiqat vergitutma kimi qiymətləndirilir və Vergi Məcəlləsinin tələblərinə ziddir. Ona görə də “AA” MMC 2024-cü il üçün 2.000 manat və 2025-ci ilin birinci rübü üçün 600 manat sadələşdirilmiş vergini geri bərpa edəcək:

100.000 x 2% = 2.000 manat;
30.000 x 2% = 600 manat.

Belə olan halda, şirkət mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Vergi Məcəlləsinin 149.4-1-ci maddəsinə əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.

İkinci misalda MMC əvvəldən mənfəət vergisi ödəyicisidir. 2024-cü ilin mənfəət vergisi bəyannaməsində dövriyyə kimi 120.000 manat yazılaraq təqdim ediləcək.

Bəs bu halda 2025-ci ildə məsələlər necə tənzimlənəcək?

MMC 2025-ci ildə mənfəət vergisi ödəyicisi olaraq bəyannaməni təqdim edəcək. Burada artıq ƏDV məqsədləri üçün dövriyyə 120.000 manat çox, mənfəət vergisi məqsədləri üçün isə 120.000 manat az olacaq. Çünki şirkət 2024-cü ilin mənfəət vergisi bəyannaməsində bir dəfə 120.000 manatı əks etdirib.

Əlbəttə ki, 2025-ci ilin mənfəət bəyannaməsi təqdim ediləndə vergi orqanlarından ƏDV və mənfəət vergisi bəyannamələrində uyğunsuzluqların yaranması ilə bağlı kameral məktublar daxil ola bilər. Burada da sadə bir açıqlama təqdim edilməklə uyğunsuzluqlar aradan qalxmış olacaq.

Birinci misalda isə “AA” MMC 2024-cü ildə sadələşdirilmiş vergi ödəycisi olub. Artıq burada şirkət 01.04.2025-ci il tarixdən ƏDV ödəyicisi kimi ərizə verməsinə baxmayaraq, ƏDV ödəyicisinin qeydiyyat tarixi 01.04.2024-cü il tarixdən olduğuna görə, aprel-dekabr 2024-cü il dövrü üçün mənfəət vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidir. Yəni, sadə formada desək, 2024-cü il üçün mənfəət bəyannaməsi verilməlidir. Bunun da müddəti ƏDV ödəyicisi kimi qeydiyyat bildirişi aldıqdan sonra 90 gün müddətində təqdim edilməlidir.

Odur ki, “AA” MMC birinci misaldakı halda 2024-cü ilin mənfəət bəyannaməsində aprel-dekabr aylarının 100.000 manat dövriyyəsini mənfəət bəyannaməsində yazmalıdır. Həmçinin, 2025-ci ilin mənfəət bəyannaməsi təqdim ediləndə vergi orqanlarından ƏDV və mənfəət vergi bəyannamələrində uyğunsuzluqların yaranması ilə bağlı kameral məktublar daxil ola bilər. Burada da sadə bir açıqlama təqdim edilməklə uyğunsuzluqlar aradan qalxmış olacaq.

Mənbə: vergiler.az

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Vergi ödəyiciləri üçün yeni istifadəçi təlimatları hazırlanıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərinin elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq məqsədilə öz rəsmi səhifəsində bir sıra istifadəçi təlimatları yerləşdirib.

Təlimatlar vasitəsilə vergi ödəyiciləri artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması üçün müraciət edə, “Bina üzrə məlumat forması”nı göndərə və dəqiqləşdirə, habelə fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün müraciət təqdim edə bilərlər.

Həmçinin, İnternet Vergi İdarəsinin “Məktublar modulu”ndan və “Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında məlumat forması”ndan istifadə üçün təlimatlar da təqdim olunub.

DVX bütün vergi ödəyicilərini təqdim olunmuş təlimatlardan faydalanmağa və elektron xidmətlərdən rahat şəkildə yararlanmağa dəvət edir. Təlimatlarla bu link vasitəsilə tanış olmaq olar.

Mənbə: vergiler.az

Suvenirlər, aksessuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri

Ölkədən kənarda aparılan əməliyyatlar üzrə əldə olunan gəlirlərdən vergilərin müəyyən edilməsi

posted in: Xəbər | 0

Bəzi hallarda Azərbaycan Respublikasının rezidenti olan şəxslər tərəfindən ölkə ərazisindən kənarda malların təqdim edilməsi (satışı) əməliyyatı aparıldıqda həmin əməliyyatlardan əldə etdikləri gəlirlərin hansı formada vergiyə cəlb olunması ilə əlaqədar suallar formalaşır. Tutaq ki, Azərbaycan rezidenti olan vergi ödəyicisi Çin Xalq Respublikasından mal alır və onu ölkə ərazisinə gətirmədən (idxal etmədən) Türkiyə Respublikasında yerləşən sifarişçi təşkilata (alıcıya) çatdırır. Belə olan təqdirdə, rezident vergi ödəyicisində ƏDV və mənfəət vergisi üzrə öhdəliklər necə müəyyən edilməlidir? 

Suala vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.

Mövzu ilə bağlı Vergi Məcəlləsinin müddəalarına diqqət etmək lazımdır. Məcəllənin 159.2-ci maddəsinə əsasən, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 167-ci maddəsində isə göstərilib ki, malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Qeyd olunan maddələrin müddəalarından da göründüyü kimi, malların təqdim edilməsi yalnız Azərbaycan Respublikası ərazisində həyata keçirildikdə bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır. Əgər mallar yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası ərazisindən kənarda təqdim olunubsa, bu, ƏDV-yə cəlb edilməyən əməliyyat hesab olunur. Lakin bu əməliyyatlardan əldə olunan mənfəət (gəlir) Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, vergiyə cəlb edilən əməliyyat hesab olunur.

Misal

Fərz edək ki, Azərbaycan rezidenti olan “AZ” MMC (icraçı) Türkiyə Respublikasında qeydiyyatda olan “TR” şirkətinin (sifarişçi) sifarişi ilə ofis avadanlıqlarını “TR” şirkətinə təqdim etməlidir. Bununla bağlı “AZ” MMC həmin avadanlıqları Çin Xalq Respublikasından 10.000 manata alaraq Azərbaycan ərazisinə daxil olmadan 15.000 manata “TR” şirkətinə təqdim edib. Belə olan halda, əldə olunan ümumi gəlir (15.000 manat) ƏDV-yə cəlb edilməyəcək. Lakin bu satışdan əldə olunan mənfəət, qanunvericiliyə uyğun olaraq, vergiyə cəlb ediləcək. Məsələn, satışdan əldə olunan gəlirin 15.000 manat və bu gəlirlə bağlı çəkilən ümumi xərclərin 12.000 manat (maya dəyəri + digər xərclər) olduğunu nəzərə alsaq, bu zaman hesablanan mənfəət vergisinin məbləği 600 manat olacaq:

15.000 – 12.000 = 3000 manat;
3.000 x 20% = 600 manat.

Mənbə: vergiler.az

Suvenirlər, aksessuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

posted in: Xəbər | 0

Bu ilin oktyabrın 1-nə Azərbaycanda 1 653 132 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 7,2 % artıb.

Sentaybrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,8 % çox – 200 806 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.

Təkcə bu ilin 9 ayında 10 724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,5 %-i yerli, 11,5 %-i xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85%-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 % təşkil edib.

Mənbə: report.az

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı artır

1 114 115 116 117 118 119 120 2. 382