Müharibə iştirakçılarına kompensasiya hesablanarkən vacib məqam

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin tələblərinə əsasən, bəzi kateqoriyalardan olan işçilər üçün əmək məzuniyyətlərinin müddətində fərqlər mövcuddur. Məsələn, müəllimlər üçün bu müddət 56 gün, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilər üçün 42 təqvim günündən az olmayaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər üçün 46 təqvim günündən az olmayaraq təsbit edilib. Bəs sonuncu kateqoriyaya aid olan işçilərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır?

Qeyd edək ki, bu mövzu ətrafında fikir ayrılıqları mövcuddur. Əmək Məcəlləsinin 120-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış mütəxəssislərin bəziləri hesab edir ki, həmin maddələrdə müəyyən olunmuş məzuniyyət bu şəxslərin əsas məzuniyyətidir və əmək müqaviləsinə xitam verilən zaman onlara kompensasiya da məhz bu məzuniyyət günlərinin sayına görə hesablanmalıdır. Digər qrup isə hesab edir ki, bu halda Əmək Məcəlləsinin 144-cü maddəsinə əsaslanaraq əmək məzuniyyəti günləri deyil, 21 və ya 30 təqvim günü olaraq müəyyənləşdirilmiş əsas məzuniyyət günlərinə görə kompensasiya hesablanmalıdır.

Məsələ ilə bağlı açıqlama verən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 112-ci maddəsində işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapıb: “Məcəllənin 144-cü maddəsində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq, bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib”.

Bəs Əmək Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş məzuniyyət hüququ müharibə iştirakçılarının əsas məzuniyyəti hesab olunurmu? N.Xəlilov bildirib ki, Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilən peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Həmin maddənin 2-ci hissəsində göstərilib ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir, 3-cü hissədə isə hansı işçilərə ödənişli əsas məzuniyyətin 30 təqvim günü müddətində verildiyi göstərilib. Deməli, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik”.

Məsələyə rəsmi münasibət də bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən cavabda bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən, səbəbindən asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir: “Bu zaman Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müharibə veteranları da, digər işçilər kimi, işdən çıxarkən istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almaq hüququna malikdirlər. Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas məzuniyyətin minimum müddəti, işçinin vəzifəsindən asılı olaraq, 21 və ya 30 təqvim günü müəyyən edilir. Bu baxımdan, işdən çıxan zaman işçiyə onun istəyi ilə həmin iş ili və ya illəri üçün məzuniyyət verilə bilər və bu halda işdənçıxma tarixi məzuniyyətin son günü hesab olunur. Əgər işçi bu hüquqdan istifadə etmək istəmirsə, ona istifadə olunmamış məzuniyyət günlərinə uyğun kompensasiya ödənilir”.

Beləliklə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə işdən çıxarkən son haqq-hesab hesablanan zaman 21 və 30 gün əsas məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Mənbə: vergiler.az

 

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. Belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sosial və tibbi sığorta haqları üzrə daxilolmalar yüksəlib

Sosial və tibbi sığorta haqları üzrə daxilolmalar yüksəlib

posted in: Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 % artaraq 3 milyard 503,5 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 141,8 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 650 milyon manat təşkil edib.

Mənbə: report.az

AFA: Yeni françayzinq layihələri və dəstək imkanları

Video: “Riskli vergi ödəyiciləri meyarları və riskdən çıxarılma qaydaları”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Riskli vergi ödəyiciləri meyarları və riskdən çıxarılma qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Ziyafət Qarayeva vergi və korporativ hüquq sahəsində geniş təcrübəyə malik hüquqşünasdır. Dövlət Vergi Xidmətində (DVT) 10 ildən artıq müddət ərzində mütəxəssis və müşavir vəzifələrində çalışmış, vergi nəzarəti, vergi mübahisələri və kommersiya hüququ sahələrində dərin biliklərə sahib olmuşdur. Hazırda vergi və korporativ hüquq üzrə müstəqil mütəxəssis olaraq fəaliyyət göstərir.

Ziyafət Qarayeva, həmçinin müxtəlif təlimlər və seminarlar keçirərək vergi və hüquq sahəsindəki biliklərini paylaşır, hüquqi təcrübəsini peşəkarlarla bölüşür. Onun təqdimatları vergi nəzarəti, kommersiya hüququ və risk idarəçiliyi sahələrində praktiki yanaşmalar təqdim edir.

Keçid edərək Ziyafət Qarayevanın tədris etdiyi ödənişli “Vergi və korporativ hüquq” praktiki təlimə nəzər yetirə bilərsiniz.

1 97 98 99 100 101 102 103 2. 382