» » » Avstraliyada Beynəlxalq Audit Şirkətinin Meneceri olan azərbaycanlı

Avstraliyada Beynəlxalq Audit Şirkətinin Meneceri olan azərbaycanlı

posted in: Məqalə, Xəbər | 0

Avstraliyada Beynəlxalq Audit Şirkətinin Meneceri olan azərbaycanlı

Nizami Yusifli: “Avstraliyada kimsə əsəbi olsa belə, onu iş mühitinə gətirməməyə çalışır” 

Dostu ilə birlikdə “Yaşıl qitə”də – Avstraliyada “Qeensland Azərbaycan” cəmiyyəti yaradıb. BP və EY (Ernst & Young) kimi beynəlxalq şirkətlərdə təcrübə keçib. Deyir ki, bir yerdə durmaqla inkişaf etmək mümkün deyil, ona görə,

insan davamlı olaraq çalışıb özünü inkişaf etdirməlidir. Və həm də düşünür ki, çalışmaq kor-koranə olmamalıdır. İstənilən sahədə uğur əldə etmək üçün sistemli və məqsədli olmaq şərtdir.

Biznes hesabi

“Soydaş” rubrikamızın budəfəki qonağı dünyanın aparıcı audit şirkətlərdən olan EY (Ernst & Young) şirkətinin Avstraliyada yerləşən ofisində menecer kimi çalışan azərbaycanlı gənc Nizami Yusiflidir.

Qeyd edək ki, Nizami Yusifli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsinə daxil olub. 1-ci kursu bitirdikdən sonra imtahan verərək universitetin xüsusi istedadlar qrupuna keçid edir. 2012-ci ildə həmin universitetin maliyyə bazarları ixtisası üzrə magistr səviyyəsinə qəbul olur. Təhsil illərində fəal gənclərdən olub, gənclərlə bağlı bir sıra təşkilatlara qoşulub, təlimlərdə, seminarlarda iştirak edib.

– Bəzi tələbələr iş həyatına təhsil illərindən başlayır. Siz həmin dövrü necə xatırlayırsınız?

– Tələbəlik illərində gənclər təşkilatlarında aktiv fəaliyyətimlə seçilirdim. Bir  sıra layihələrin rəhbəri və idarə heyətində iştirak etmişəm. Universitetin son ilində bəzi iş vakansiyalarına müraciət etməyə başladım. Həmin dövrdə BP Azərbaycan şirkətinin yay təcrübə proqramına qəbul oldum. Orada maliyyə departamentində 3 ay təcrübə keçdim.

Təcrübə bitdikdən bir neçə ay sonra, yəni 2012-ci ilin yanvarında EY şirkətində audit təcrübəçi kimi işə başladım. Hansı ki, həmin dövrdə magistr təhsili alırdım. Təcrübəçi kimi işlədikdən bir müddətdən sonra mütəxəssis, 2 ildən sonra baş mütəxəssis kimi işlədim.  2017-ci ilin noyabrına kimi Bakıdakı ofisdə çalışdım, işdən ayrılanda artıq 3-cü dərəcəli baş mütəxəssis idim. Ardınca, həmin dərəcəyə uyğun olaraq, şirkətin Avstraliyadakı filialında işə başladım. 2017-ci ildə baş mütəxəssis kimi başladığım işə hazırda şirkətin meneceri olaraq davam edirəm.

– Qeyd etdiyiniz şirkətlərin təcrübə proqramını qazanmaq elə də asan deyil. Maraqlıdır, siz hansı mərhələlərdən keçərək qəbul oldunuz?

– BP də təcrübə proqramı mən 4-cü kursda oxuyanda elan olundu. Düşündüm ki, bu, yaxşı fürsətdir və müraciət etdim. Təbii ki, seçim prosesi mərhələli şəkildə oldu. İlk olaraq riyazi və məntiqi testlərdən imtahan verdim, sonra ingilis dili səviyyəsinin yoxladılar, axırda isə müsahibəyə dəvət olundum. İndiki prosesi bilmirəm, amma bizim dövrümüzdə müsahibə bir saat yarım çəkmişdi.

Müsahibə müddətində maliyyə, mühasibatlıq, iqtisadi biliklərin yoxlanılması istiqamətində saysız suallar verildi. Burada həm texniki, həm də biznes analitik düşüncəni yoxlayan suallar olurdu. Müsahibəni də keçdikdən sonra isə tibbi yoxlanış mərhələsi keçirildi, burada fiziki və mental sağlamlıq səviyyəmiz yoxlanılırdı. Bütün mərhələlərdən keçdikdən sonra təcrübəçi kimi işləməyə başladım. Buradakı təcrübə müddətim bitdikdən sonra EY şirkətinin təcrübə proqramı elanı gördüm.

Bu şirkətdə də işə başlamaq üçün müəyyən testlərdən keçdim. İngilis dili, maliyyə və məntiqi biliklərim yoxlandı. Amma burada hamısı eyni gündə oldu. Bu mərhələni uğurla keçən, şirkətin meneceri və insan resursları üzrə mütəxəssislə müsahibəyə dəvət olunur, bunu da uğurla keçən, son olaraq partnyorla görüşür. Həmin görüş də yaxşı keçərsə, iş təklif olunur.

– Çətin deyildi ki, bu qədər seçim mərhələsindən keçmək?

– (Gülür) Belə danışarkən çətin görünə bilər, amma öhdəsindən gəlinməyəcək qədər çətin deyil. Əksər insanın bacara biləcəyi işdir. Sadəcə, çalışmaq, hər mərhələyə ciddi hazırlaşmaq, məsuliyyətli yanaşmaq lazımdır.

– 2017-ci ilə qədər EY şirkətinin Azərbaycandakı ofisində işləyibsiniz, daha sonra isə Avstraliyadakı filialına keçdiniz. Maraqlıdır, bu keçid necə oldu?

– EY beynəlxalq şirkətdir, audit, maliyyə, mühasibatlıq sahəsində konsultasiya xidmətləri göstərir. Dünyanın bir çox ölkəsində və şəhərlərində filialları var. Filiallar arasında transfer sistemi var, yəni ofislər arasında transfer olursan, ya da özün işləmək istədiyin ölkənin filialına müraciət edirsən, uyğun olursa, səni işə qəbul edirlər.

Transfer sistemi ezam olunma kimidir, yəni əsas işindən çıxmadan başqa ölkədə bir müddət işləyib gəlirsən. Amma mən Avstraliyaya transfer sistemi ilə gəlməmişəm. Özüm orada işləmək üçün müraciət etdim və hazırda Bakı ofisi ilə heç bir əlaqəm yoxdur, tam olaraq Avstraliyadakı ofisin işçisiyəm. Onu da qeyd edim ki, buradakı işə gəlmək üçün 3 mərhələli müsahibədən keçdim. Yəni Avstraliyadakı ofisin meneceri, İR mütəxəssisi ilə söhbət oldu. Müsahibənin nəticəsinə uyğun olaraq sizi müxtəlif sahələrə dəvət edirlər.

– Siz hazırda hansı sahədəsiniz?

– Mən audit xidmətləri sahəsində çalışıram. Yəni şirkətlərin maliyyə hesabatlarının yoxlanması, onlara bəzi təkliflərin verilməsi, risklərin müəyyən edilməsi, risklər üzrə konsultasiyaların verilməsi və s. Qısa olaraq deyim ki, əsasən audit xidmətləri üzrə menecerəm.

– Qeyd etdiniz ki, EY şirkətinin bir çox ölkədə filialı var. Bəs, nə üçün Avstraliyanı seçdiniz?

– Açığı, həmin dövrdə bir neçə ölkədə olan filiala müraciət etmişdim, amma cavab ilk olaraq Avstraliyadan gəldi. Ona görə, digər müraciətlərimi ləğv etdim. Avstraliya çox fərqli ölkədir. Coğrafi yerləşməsinə görə dünyadan təcrid olunmuş kimi görünsə də, kifayət qədər inkişaf etmiş, inteqrasiya olmuş ölkədir. İqtisadi baxımdan da güclüdür. Burada mühit fərqlidir. Ona görə, bura gəlməyə qərar verdim. Əslində, Avstraliyanın gözəllikləri çoxdur.

Ən azından, gəlib kenqurunu görmək mümkün olur (gülür). İstirahət baxımdan da imkanları çox genişdir. Onu da deyim ki, burada miqrantlar çoxdur. Dünyanın müxtəlif ölkələrindən insanlar gəlib burada işləyir. İnternetdə bir az araşdırma etmişdim. Yaşam səviyyəsi, şəraiti, imkanlarını öyrəndim, çünki bunlar mənim üçün maraqlı idi. Gördüm ki, yaşamaq üçün çox gözəl ölkədir. Bu kimi bir çox səbəblər Avstraliyanı seçməyimə təsir etdi.

– Aldığınız əmək haqqı Avstraliya kimi bahalı ölkədə yaşamağa kifayət edir?

– (Gülür) Bəli, bəs edir. Yəni, bu bir az da işlədiyiniz vəzifədən asılıdır. Mən indi menecerəm, hətta, adi mütəxəssis vəzifəsində çalışan biri də burada rahat yaşaya bilər. “Bahalı ölkədir” deyəndə, bəzən insanlar burada yaşamağın mümkün olmadığını düşünür, amma elə deyil, minimum əməkhaqqı ilə belə, Avstraliyada normal yaşamaq olar. Ola bilər həmin maaşla istirahətə çox pul xərcləyə bilməzsiniz, amma gündəlik tələbatlarınızı ödəmək mümkündür.


Teleqram kanalımıza üzv olun


 – Hər iki ölkənin iş mühitində çalışmış biri kimi hansı fərqləri müşahidə edibsiniz?

– İş mühitində fərqliliklər çoxdur. Çünki ən azından millət fərqlidir. Burada biznes mühiti, maliyyə bazarları daha çox inkişaf edib. Avstraliyanın dünyanın bir çox ölkələrindən fərqli, öz mühasibat standartları var. Burada daha böyük startaplar olur. Şirkətlərin strukturları fərqlidir. Digər tərəfdən, insanlar burada iş mühitində rahatdırlar. Məsələn, Azərbaycanda iş mühitində insanlar əsəbi, stressli olurlar. Avstraliyada insanlar məsələyə daha çox pozitiv yanaşmağa çalışırlar. İnsanların bir-birinə münasibəti çox mehribandır. Kimsə əsəbi olsa belə, onu iş mühitinə gətirməməyə çalışır.

– Bəs, avstraliyalıların gəlmələrə münasibəti necədir?

– Avstraliyalılar gəlmələrlə çox mehriban olurlar. İnsanların bura inteqrasiya olmasına yaxından kömək edirlər. Çünki anlayırlar ki, inteqrasiya ola bilməyən biri, depressiyaya düşər və bu, onun həm şəxsi, həm də sosial həyatına mənfi təsir edər. Yəni yerli xalq gəlmələrə alışıb, onları normal qarşılayır.

– İlk getdiyiniz dönəmlərdə hansı problemlərlə qarşılaşdınız?

– Bir ölkəyə qısamüddətli səfər edəndə, elə də ciddi problemlər olmur, amma tamamilə köçəndə müəyyən çətinliklər yaşanır. İlk olaraq yerləşmə, yəni burada ev tapmaq, əlaqə cəhətdən bir az çətin oldu. Belə ki, burada həm yerli xalqın, həm də gəlmələrin ingiliscə ləhcəsi bir az fərqlidir. Səhv etmirəmsə, iki aya yaxın onların danışıqlarını başa düşmək mənim üçün çətin oldu. İstənilən halda, insan başqa ölkədə olanda həmyerlisini axtarır, onlarla danışmaq, söhbət etmək istəyir. Mən təsadüfən qrup yoldaşımı tapdım.

Avstraliyanın digər ştatlarında azərbaycanlıların cəmiyyəti var, amma bizim yaşadığımız Qeensland ştatında yox idi. Qərara gəldik ki, onunla birlikdə “Qeensland Azərbaycan” cəmiyyəti yaradaq. Cəmiyyəti yaratdıq və bu il qeydiyyatdan keçirdik. İndi isə cəmiyyətə üzvlər toplamağa başlamışıq. Hazırda bir neçə üzvümüz var, amma bu, azdır. Cəmiyyətimizə daha çox insan cəlb etmək üçün çalışırıq. Bu təşəbbüsümüz burada yaşayan həmyerlilərimizin sosiallaşması problemini aradan qaldırmağa kömək edəcək. Yəni ilkin dövrdə bura gələnlər insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər.

Amma cəmiyyətə üzv olan həmyerliləri ilə bir arada olarlarsa, kommunikasiyadakı problemlər aradan qalxar. Qeyd edim ki, üzvlərimiz arasında Cənubi Azərbaycandan olanlar da var. Vaxtaşırı görüşlərimiz olur, öz dilimizdə danışırıq. Bayramları və digər tarixi günlərimizi birlikdə keçiririk.

– Xaricdə işləmək istəyən gənclərə məsləhətiniz nədir?

– Xaric və ya öz ölkəndə çalışmağın fərqi yoxdur, daha yaxşı işdə işləmək üçün çalışmaq lazımdır. İnsan davamlı olaraq çalışıb özünü inkişaf etdirməlidir. Bir yerdə durmaqla inkişaf etmək mümkün deyil. Çalışmaq da kor-koranə olmamalıdır. İstənilən sahədə uğur əldə etmək üçün sistemli və məqsədli olmaq şərtdir.

Mənbə: news.milli.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.