Sual: Bildiyiniz kimi, elektron qaimələr iş və xidmətin başa çatdığı ayda təqdim edilir. İş hər ayın 30-və ya 31-ci günündə başa çatır. Bilmək istəyirəm ki, elektron qaimənin hər ayın sonunda verilməsi mütləqdirmi? Xidmət avqust 31-də yekunlaşarsa sentyabrın 1-də elektron qaimənin verilməsində qanuna zidd maddə varmı? E-qaimə
Cavab: Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Bununla belə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Qeyd olunanlara əsasən müəssisə tərəfindən hər hansı səbəbdən göstərilən xidmətə görə əməliyyatın baş verdiyi anda elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmadıqda, elektron qaimə-faktura sonrakı dövrdə tərtib edilə bilər və bu zaman elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilir.
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”
Mənbə: taxes.gov.az