» » » Vergiləri ödəmək nə üçün zəruridir? (2-ci hissə)

Vergiləri ödəmək nə üçün zəruridir? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

vergilər , Vergidən yayınma , gəlir vergisi . qeyri-adi yığımlarVergilər tarixindən

Zaman keçirdi. Adamlar mağaraları tərk edir və şəhərlər inşa etməyə başlayırdılar. Vergilərin faydasını dərk edən insanların yaratdığı ən güclü dövlətlər geniş ərazilərə yayılmışdı. Bu şəraitdə vergi yığım sistemi dəyişməyə bilməzdi.

Ən qədim dövlətlərdən biri – Misiri nəzərdən keçirək. Misirlilər bəndlər tikir, yollar çəkir və məbədlər tikir, köçəri xalqlara və digər qədim dövlətlərə qarşı vuruşurdular. Buna ona görə nail olurdular ki, misirlilərin hamısı vergiləri ödəyirdilər. Təəccüblü deyildi ki, vergi məmurları ilk dəfə məhz, Misirdə ortaya çıxmışdı. Onların funksiyasını həmin vaxtlar mirzələr – cəmiyyətin ən savadlı üzvləri yerinə yetirirdilər. Onların işləri sayəsində Misir bir neçə min il ərzində mövcud ola bilmişdi.

Qədim Yunanıstanın da öz vergi sistemi mövcud idi. Orada gəlir vergisi 10 faizdən 20 faizədək təşkil edirdi. Lakin, Afinanın azad vətəndaşları vergiləri ödəmirdilər, onlar daha çox könüllü ianə verməyə üstünlük verirdilər. Amma, əgər dövlətin qarşısında nəhəng məsrəflər dururdusa, yəni, müharibə və ya nəhəng bir tikinti inşası gözlənirdisə, – xalq yığıncağı hamı üçün məcburi olan vergi yığımını tətbiq edirdi. Vergilərdən yığılan vəsaitlər muzdlu ordunun saxlanılmasına, məbədlərin və müdafiə istehkamlarının inşasına, yolların çəkilişinə, bayramların təşkilinə, kasıblar üçün pulların ayrılmasına və digər ictimai ehtiyaclara sərf olunurdu.

Qədim Roma. Biz artıq bu dövlətdən söz açmışdıq. Onun dövlət quruluşu daha sonra ortaya çıxan Avropa ölkələri üçün bir nümunə olmuşdu. Romalıların vergi sistemi də təqlid üçün bir nümunə oldu. Senz, aksiz, fiskal, vergi toplayan kimi anlayışlar bizlərə həmin qədim dövrlərdən gəlib çatıb. Roma nə qədər ki, şəhər-dövlət idi, onun vergi sistemi elə də mürəkkəb deyildi. Dinc dövrdə ümumiyyətlə, hər hansı bir vergi yox idi, xərclər isə ictimai torpaqların icarəyə verilməsi yolu ilə ödənilirdi. Dövlət aparatı isə faktiki olaraq, özü-özünü dolandırırdı. Seçilmiş magistratlar nəinki öz vəzifələrini pulsuz yerinə yetirirdilər, həm də bunu şərəfli hesab edərək, ictimai ehtiyaclara öz vəsaitlərini verirdilər. Müharibə dövründə Roma vətəndaşları gəlirlərinə uyğun olaraq vergiyə cəlb olunurdular, bunun üçün hər beş ildən bir seçilmiş vəzifəli senzorlara əmlak və ailə vəziyyəti haqqında ərizə-məlumat verirdilər. Müasir vergi bəyannamələrinin prototipinə çevrilmiş bu ifadələr əsasında verginin (senz) məbləği müəyyən edilmişdi.

İllər keçirdi. Roma dövləti böyüyürdü, tədricən imperiyaya çevrilirdi. Qalibiyyətli müharibələr ona vilayət adlanan daha çox torpaqları birləşdirməyə imkan verirdi. Vergi sistemi də mürəkkəbləşirdi. Fəth edilmiş torpaqlarda kommunal (yerli) vergi və rüsumlar tətbiq edilirdi. Üstəlik, fəth edilmiş torpaqların sakinləri Roma legionerlərinə nə qədər inadkar müqavimət göstərsələr, onlardan bir o qədər çox vergi tutulurdu.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Orta əsrlər dövründə Qərbi Avropada vergilər elə də geniş yayılmamışdı. Onlar əsasən katolik kilsəsi üçün ən mühüm gəlir mənbəyi idi. Kralın, onun sarayının, ordusunun saxlanması, eləcə də zadəganların rifahı vergilər hesabına deyil, həmin feodalların torpaqlarında yaşayan və işləyən kəndlilərdən alınan ödəniş hesabına təmin edilirdi. Və o zaman üçün hər hansı bir vergi ədaləti və rasionallıq prinsiplərindən danışmağa hətta ehtiyac belə yox idi.

Kifayət qədər rasional vergi sistemi XVII-XVIII əsrlərin sonlarında, Avropa ölkələrində bürokratik məmur aparatına malik olan inzibati dövlətin formalaşdığı zaman yaranmışdı. Gəlirlər, qədim Romada olduğu kimi, birbaşa və dolayı vergilər sistemi vasitəsilə əldə edilirdi. Birbaşa gəlirlər daha çox adambaşına vergi və gəlir vergisinin üzərinə düşürdü ki, onun da dərəcəsi 10-15% arasında tərəddüd edirdi. Əsas dolayı vergi isə aksiz vergisi idi, onun ölçüsü 5-25% arasında dəyişirdi. Lakin, bu zaman yenə də ziddiyyət ortaya çıxırdı. Xəzinəyə böyük gəlirlər gətirən istehlak mallarına tətbiq edilən vergilər ticarətin inkişafının qarşısını alırdı. Dövlət yalnız vergi sisteminə deyil, vergitutma ilə əlaqəli elmi nəzəriyyəyə də getdikcə daha çox ehtiyac duyurdu.

Bu nəzəriyyənin yaradıcısı görkəmli şotland iqtisadçısı və XVIII əsrin elm adamı Adam Smitdir. O, vergilərin vergi ödəyiciləri üçün qul əlaməti deyil, azadlıq əlaməti olduğunu söyləmişdi. 1776-cı ildə işıq üzü görmüş Adam Smitin “Xalqların zənginliyinin təbiəti və səbəbi haqqında tədqiqat” əsəri, bu günə qədər öz əhəmiyyətini itirməmiş vergitutmanın əsas prinsiplərini müəyyən etmşdi:

  • Ədalətlilik prinsipi: “Dövlətin subyektləri imkan və güclərinə uyğun olaraq hökumətin saxlanmasında, yəni, dövlətin himayəsi və müdafiəsi altında əldə etdikləri gəlirə müvafiq olaraq iştirak etməlidirlər”.
  • Müəyyənlik prinsipi: “Hər bir fərdin ödəməli olduğu vergi özbaşına deyil, dəqiq müəyyən edilməlidir. Ödəniş müddəti, ödəmə üsulu, ödənişin məbləği – bütün bunlar ödəyici üçün aydın və dəqiq olmalıdır. Vergilərin qeyri-müəyyənliyi kobudluğu inkişaf etdirir və hətta əgər onlar kobudluqlarına və rüşvətə görə seçilməsələr belə, bu halda onsuz da populyar olmayan həmin kateqoriyadan olan insanların korrupsiyasına şərait yaradır”.
  • Rahatlıq prinsipi: “Hər bir vergi, ödəyicinin onu ödəməsi üçün ən əlverişli olan vaxtda və ya qaydada tutulmalıdır”.
  • Qənaət prinsipi: “Hər bir vergi elə düşünülməli və işlənib hazırlanmalıdır ki, insanların cibindən alınan və ya tutulan məbləğ onun dövlət xəzinəsinə gətirdiyindən mümkün qədər az olsun. İnsanları ödənişə məcbur etməklə, vergilər bu ödənişləri daha asanlıqla həyata keçirməyə imkan verən fondları azalda və hətta məhv edə bilər. Əsassız vergilər qaçaqmalçılıq üçün böyük şirnikləndiricilik hallar yaradır”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun