Tələbələrə təqaüdlərin təyin olunması qaydasında dəyişiklik edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4,
maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
“1.9. Ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödənilir və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla verilir.
Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılır və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdirilir.”.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az