» » » Sənədsiz mal qalığını necə sənədləşdirməli? – Cavabsız suallar…

Sənədsiz mal qalığını necə sənədləşdirməli? – Cavabsız suallar…

posted in: Xəbər | 0

malSual: Müəssisənin mal-material qalığı var, fərdi şəxslərdən alınıb, lakin sənədləri yoxdur. Onu mühasibat uçotunda necə qeyd edə bilərəm? Qeyd olunduğu halda bunun qanunauyğun hər hansı bir cəriməsi varmı? Təşəkkür edirəm.

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında əsas prinsiplərdən biri də informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini özündə ehtiva edən ardıcıllıq prinsipidir. Müvafiq olaraq mal qalıqları indiki dövrdə deyil, onların alındığı dövrdə rəsmiləşdirilməklə mədaxil edilməli idi. Vergi ödəyicisinin sahibliyində olan malların alışının lazımi qaydada rəsmiləşdirilməməsi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Onu da qeyd edək ki, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi dəyərləndirilir və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyətə səbəb olmur. Bu baxımdan da maliyyə sanksiyasına məruz qalmamaq üçün uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsini, təqdim olunan vergi hesabatları ilə müqayisədə fərqlər yarandıqda dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasını (səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövrlər üzrə) tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 55.1.6-cı, 55.2-ci, 58.8-ci və 130-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli I – 73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları”.

Biznes hesabi

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.