Azərbaycanda 300-ə yaxın sahibkar “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir.
Azərbaycanda bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə daxil olmuş 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb.
Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Doing Business” hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransında bildirib.
“Artıq ixrac üzrə 123, idxal üzrə isə 159 şəxs sistemdən istifadə edir. Bu sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir”, – deyə o qeyd edib.
Bundan başqa, İ.Babayevin sözlərinə görə, son illər beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib: “Eyni zamanda xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azalıb. Bu rəqəm idxalda 3-ə, ixracda 2-yə endirilib”.
Komitə rəsmisi onu da deyib ki, gömrük sistemində həyata keçirilməsi planlaşdırılan ikinci islahat paketi çərçivəsində məmur-vətəndaş ünsiyyəti tamamilə ləğv ediləcək.
Mənbə: report.az