» » » Nəqliyyat vasitələrinin təmir və istismar xərcləri

Nəqliyyat vasitələrinin təmir və istismar xərcləri

posted in: Xəbər | 0
birbank biznes

istismar xərcləriBəzi mühasiblər nəqliyyat vasitələrinin təmir və istismar xərclərini qarışdıraraq mühasibat sənədlərini düzgün tərtib etmirlər. Buna yol verməmək üçün iqtisadi ekspert Xəyal Feyzullayev mühasiblərə öz tövsiyələrini verir.

Nəqliyyat vasitələrinin təmir və istismar xərclərini bir-birindən fərqləndirməmək xərclərin süni surətdə artırılması, vergiyə cəlb edilən mənfəətin azaldılması ilə yanaşı, yoxlama zamanı əlavə vergilərin hesablanmasına və maliyyə sanksiyasının tətbiq edilməsinə şərait yaradır.

Təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ına əsasən tənzimlənir. Qaydalara əsasən, təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir:

Əsaslı təmir məsrəfləri – əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir;

Cari təmir məsrəfləri – əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflərdir.

İstismar xərcləri isə təmir xərcləri hesab edilmir: əsas fondların nəzərdə tutulmuş istifadə müddəti ərzində onlara göstərilən gündəlik xidmət xərcləridir.

Müəssisənin balansında olan nəqliyyat vasitələrinə əsaslı və cari təmir göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərcidir. Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq, həmin xərclər norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Eyni zamanda icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır və bu baxımdan da həmin əsas vəsaitlər, o cümlədən nəqliyat vasitələri üzrə çəkilən təmir xərcləri gəlirdən çıxılan təmir xərclərinə aid edilmir.

Nəqliyyat vasitələrinin istismar xərcləri isə bilavasitə təmir xərcləri hesab edilmədiyi üçün gəlirdən çıxılan xərclərə aid edilir. Bunlara yanacaq xərci, yağın, antifirizin, suyun, əyləc mayesinin əlavə edilməsi, şinlərə havanın vurulması və ya şinlərin yerlərinin dəyişdirilməsi, şinlərin balansı, təkərlərin hizalanma açılarının dövri yoxlanılması və tənzimlənməsi, dövri diaqnostika, kondisionerin doldurulması və buxarlandırıcısının təmizlənməsi, avtomobilin rezin detallarına qulluq, onların təmizlənməsi və silikon yağı ilə yağlanması, avtomobillərin yuyulması və sair bu yöndə istismar xərclərini göstərmək olar.

Nəqliyyat vasitələrinin istismar xərcləri nəqliyyat vasitəsinin müəssisənin mülkiyyətində (balansında) və ya istifadəsində (icarə) olmasından asılı olmayaraq gəlirdən çıxılan xərclərə aid edilir.

Bundan əlavə, nəqliyyat vasitəsinin hərəkəti ilə bağlı xərclər, o cümlədən pullu yol hissələrində hərəkət etmək xərcləri, parkovka xərcləri, avtomobilin mühafizəsi ilə bağlı xərclər də gəlirdən çıxılan xərclərə aid edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun