» » » Əməyin mühafizəsi zamanı işçi hansı hallarda və nə qədər müddətə işdən kənarlaşdırılır?

Əməyin mühafizəsi zamanı işçi hansı hallarda və nə qədər müddətə işdən kənarlaşdırılır?

posted in: Xəbər | 0

Әmək Məcəlləsinin 62-ci – “İşçinin işdən kənar edilməsi” adlı maddəsinə iki yeni hal əlavə edilib. Bu hallarda işəgötürən işçini işdən kənarlaşdıra bilər. Bəs bunlar hansı hallardır? Bununla bağlı qanunvericiliyin tələbi nədir?

Suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

İşçinin işdən kənarlaşdırılması hallarından biri əməyin mühafizəsi ilə bağlıdır. Belə ki, Әmək Məcəlləsinin 62-ci maddəsinin ikinci hissəsinə əlavə edilən “d” bəndinə əsasən, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda işəgötürən onun işdən kənarlaşdırılmasını həyata keçirə biləcək. Maddədəki vacib məqamlara diqqət yetirək.

Birinci məqam ondan ibarətdir ki, Әmək Məcəlləsinin 219-cu maddəsinin altıncı hissəsinə əsasən, zərərli və ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə), habelə yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən az olmayaraq, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Göründüyü kimi, işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması işəgötürənlər üçün məcburi öhdəlik hesab edilir.

İkinci məqam əməyin mühafizəsi xidməti işçilərinin işçilərin işdən kənarlaşdırılması ilə bağlı hüquqlarıdır. “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”in 4.5-ci maddəsinə əsasən, onlar müəyyən edilmiş qaydada əməyin mühafizəsi üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya əməyin mühafizəsi üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilərin işdən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək hüququna malikdirlər.

Misal 1

Əməyin mühafizəsi üzrə mütəxəssis işçilərin dövri olaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmasını həyata keçirmək istəsə də bəzi işçilər təlimatlandırmadan imtina edirlər. Bu zaman sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) mütəxəssisi işəgötürənə müraciət edərək əməyin mühafizəsi üzrə təlimat keçməyən işçinin işdən kənarlaşdırılmasını tələb edir. İşəgötürən həmin tələbə uyğun olaraq işçinin işdən kənarlaşdırılması haqqında əmr verə bilər. Bu zaman Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, işdən kənarlaşdırılan işçiyə əməkhaqqı ödənilmədiyindən, bu mexanizm işçinin əməyin mühafizəsi üzrə təlimlərə cəlb olunmasında təşviqedici rol oynayır.

Üçüncü məqam isə işçilərin təlimatlandırılması ilə bağlı işəgötürənin hüquqlarının genişləndirilməsidir. Әmək Məcəlləsində edilmiş son dəyişikliklər nəticəsində işəgötürənə işçilərin təlimatlandırılması ilə əlaqədar işdən kənarlaşdırma hallarını tətbiq etmək imkanı verilib.

Misal 2

İstehsalatda bədbəxt hadisə baş verdiyi üçün dövlət qurumu tərəfindən hadisənin tədqiqi aparılır. Araşdırma zamanı müəyyən edilir ki, istehsalatda bədbəxt hadisə zamanı zərər çəkmiş işçinin əməyin mühafizəsi üzrə təlimatlandırılması həyata keçirilməyib. İşəgötürən bildirir ki, əməyin mühafizəsi üzrə təlimatlandırmaya cəlb olunsa da işçi bundan imtina edib. Bu halda dövlət qurumu işçinin imtina etdiyi halda niyə onun işdən kənarlaşdırılmamasının səbəbi ilə maraqlanacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsinə əsasən, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Bəs işəgötürən tərəfindən əmək vəzifələrinin pozulması ilə bağlı işçinin işdən kənarlaşdırılmasında hansı vacib məqamlar var?

Әmək Məcəlləsinin 62-ci maddəsinin “e” bəndinə əsasən, işçi əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə işəgötürən onun işdən kənarlaşdırılmasını həyata keçirə bilər. Bu bənd işəgötürənə işdən kənarlaşdırma hüququ verir, lakin sui-istifadə halları da yarana bilər. Həmin maddə ilə bağlı vacib məqamları qeyd edək.

Birinci məqam əmək vəzifələrinin pozulması hallarının müəyyən edilməsidir. Әmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur:

– xәstәlik, yaxın qohumun xәstәlәnmәsi vә ya vәfatı istisna olmaqla, heç bir üzürlü sәbәb olmadan bütün iş günü işә gәlmәmәsi;

– alkoqollu içkilәr, narkotik vә psixotrop maddәlәr qәbul edәrәk sәrxoş vәziyyәtdә işә gәlmәsi vә ya iş yerindә hәmin maddәlәri qәbul etmәsi;

– tәqsirli hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә işәgötürәnә maddi ziyan vurması;

– tәqsirli hәrәkәtlәri nәticәsindә әmәyin mühafizәsi qaydalarını pozaraq iş yoldaşlarının sәhhәtinә zәrәr yetirmәsi vә ya onların hәlak olması;

– dövlәt, kommersiya vә ya vergi sirrinin yayılması vә ya gizli saxlanması üzrә öhdәliklәrin pozulması;

– əmәk fәaliyyәti zamanı kobud sәhvlәr vә hüquq pozuntuları nәticәsindә işәgötürәnin qanuni mәnafeyinә ciddi xәlәl gәtirmәsi;

– altı ay әrzindә әvvәlki intizam tәnbehindәn nәticә çıxarmayaraq yenidәn әmәk funksiyasını pozması;

– iş vaxtı әrzindә inzibati xәtalara vә ya cinayәt tәrkibli ictimai tәhlükәli әmәllәrә yol vermәsi;

– konfidensial fәrdi mәlumatların yayılması (“Fәrdi mәlumatlar haqqında” Qanuna әsasәn).

Maddədə yer alan ikinci hal isə əmək vəzifələrinin pozulması hallarında işçinin araşdırmaya maneçilik törətməsi ilə bağlıdır. Әmək Məcəlləsinin 62-ci maddəsinin “e” bəndinə əsasən, işçinin əmək vəzifələrinin pozulmasının araşdırılmasına maneçilik törətməsi halı işdən kənarlaşdırma üçün əsasdır. Maddənin tələblərini misallarla izah edək:

Misal 3

Müəssisənin daxili nəzarət bölməsi anbarda mal qalıqları üzrə çatışmazlıq aşkar edir. Əgər baş anbardar araşdırmaya maneçilik törətmirsə və sənədləri operativ təqdim edirsə, işdən kənarlaşdırılması qanunsuzdur.

Misal 4

İşəgötürən yalnız şübhə yarandığını müəyyən edibsə, bu şübhə əmək vəzifələrinin pozulması kimi qiymətləndirilə bilməz.

Misal 5

Baş anbardar sənədləri təqdim etmədən araşdırmaya qəsdən maneçilik törədirsə, bu halda işəgötürən onun işdən kənarlaşdırılmasını həyata keçirə bilər.

Üçüncü məqam işəgötürənin maddədə qeyd edilən hallardan sui-istifadə etməsidir. Belə ki, işəgötürən qərəzli işçinin işdən kənarlaşmasını həyata keçirir ki, həmin dövrdə əməkhaqqı da almayan işçi əmək müqaviləsinə xitamla bağlı ərizə ilə müraciət etsin.

Әmək Məcəlləsinin 62-ci maddəsinin beşinci hissəsinə əsasən, işçi işdən kənarlaşdırmanı qanunsuz və əsassız hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bu, işəgötürənin qərəzli davranışı, saxta sənədlər və digər faktlara əsaslanan sui-istifadə hallarını əhatə edir. Məqsəd işçinin pozulmuş hüquqlarının bərpası, eləcə də şərəf və ləyaqətinin qorunmasıdır.

Bəs işəgötürən işçini hansı müddətə qədər işdən kənarlaşdıra bilər?

Әmək Məcəlləsinin 62-ci maddəsində işəgötürən tərəfindən işçinin işdən kənarlaşdırılmasının maksimum və minimum müddətləri göstərilməyib. Son dəyişikliklərdə işdən kənarlaşdırılma ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib. Maddəyə əsasən, işdən kənarlaşdırılma üçün əsas olan hal aradan qaldırılanadək işəgötürən işçini işdən kənarlaşdıra bilər.

Bundan əlavə, Məcəllənin 62-ci maddəsinə yeni redaksiyada 2-1-ci hissə əlavə edilib. Həmin hissəyə əsasən, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin kənarlaşdırıldığı dövrdə həmin halın aradan qalxmasına və ya davam etməsinə, həmçinin işçinin etdiyi hərəkətlərə və ya hərəkətsizliklərə uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) istənilən vaxt ləğv edə bilər. Maddənin tələblərində əsas məqama gəlincə, işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müddəti onun kənarlaşdırılmasına səbəb olan halın aradan qaldırılması ilə müəyyən edilir.

Misal 6

SƏTƏM mütəxəssisi əməyin mühafizəsi təlimlərində iştirak etməkdən imtina edən işçinin işdən kənarlaşdırılması barədə təqdimat verir. İşəgötürən 9 aprel 2026-cı il tarixdə işçinin işdən kənarlaşdırılmasına qərar verir. İşçi 13 aprel 2026-cı il tarixdə təlimdə iştirak etdikdən sonra işəgötürən qərarı ləğv edir.

Misal 7

İşəgötürən əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törədən işçini işdən kənarlaşdırır. Araşdırmanı həyata keçirən bölmə 5 gün sonra bildirir ki, araşdırma başa çatıb. Bu halda işəgötürən əmrini ləğv edir.

Onu da qeyd edək ki, Әmək Məcəlləsinin 62-ci maddəsinin üçüncü hissəsinə əsasən, işdən kənar edildiyi müddətdə işçiyə əməkhaqqı ödənilmir. Lakin işəgötürən qanunsuz və qərəzsiz olaraq işçini kənarlaşdırarsa, həmin dövr üçün əməkhaqqı ödənilməlidir.

Mənbə: vergiler.az

“Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları” dəyişib

error: Content is protected !!