1 sentyabr 2026-cı il tarixindən etibarən “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu yeni funksionallıqla dövlət satınalmalarında satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin bütün mərhələləri, o cümlədən təhvil-təslim aktlarının yaradılması, imzalanması və statusunun izlənilməsi rəqəmsal mühitdə daha çevik həyata keçiriləcək.
Yeni modulun tətbiqi kağız sənəd dövriyyəsinin azaldılmasına, proseslərin sürətləndirilməsinə, məlumat mübadiləsinin operativliyinin artırılmasına və müqavilələrin icrasına nəzarətin daha səmərəli təşkilinə imkan verəcək. Bununla da satınalma müqaviləsinin bağlanmasından icrasının rəsmiləşdirilməsinə qədər olan prosesin daha bir mühüm mərhələsi vahid rəqəmsal mühitə inteqrasiya olunub.
Qeyd edək ki, “e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir. 10 aprel 2026-cı il tarixindən istifadəyə verilən altsistemdə bu günədək ümumi dəyəri 2 milyard manatdan çox olan 5500-dən çox müqavilə elektron formada imzalanıb.
Mənbə: vergiler.az