» » » Facebooka ödənişin bank sənədi xərc kimi tanına bilər?

Facebooka ödənişin bank sənədi xərc kimi tanına bilər?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Şirkət elektron formada Google, Facebook və digər saytlarda reklam yerləşdirmək istəyir. Bildiyimiz kimi, bu tipli saytlara ödənişlər zamanı hər hansı müqavilə və ya müqaviləyə alternativ sənədlər formalaşmır. Zəhmət olmasa bildirərdiniz: hüquqi şəxsin korporativ bank kartından yuxarıda qeyd edilən saytlarda yerləşdirilmiş reklamlar üçün edilmiş ödənişlər müqavilə, invoice olmadan vergi orqanları tərəfindən xərc kimi tanınacaqmı? Xatırladım ki, elektron qaydada xidmətlərin alınması 18 % dərəcəsi ilə vergiyə cəlb edilir.

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq hər hansı təsdiqedici sənəd olmadan aparılan ödənişin xərc kimi qəbul olunmamasına əsas verir.

Əlavə olaraq bildiririk ki, korporativ kartın bağlı olduğu hesaba nəzarət edən bank tərəfindən ödənişi təsdiq edən sənəd (sənədlər) təqdim edildikdə, habelə reklamın göstərilməsi müvafiq materiallarla (misal olaraq, reklamın internet resursda verildiyini təsdqiləyən görüntü) təsdiq olunduqda, kart vasitəsi ilə qeyri-rezidentə edilən ödəniş xərc kimi nəzərə alına bilər.

Əlavə olaraq xatırladırıq ki, qeyri-rezidentin elektron qaydada göstərdiyi xidmət ƏDV-nin və ödəmə mənbəyində tutulan verginin vergitutma obyektini yaradır.

Bax: Vergi Məcəlləsinin 130.1-ci, 125.1.5-ci və 169-cu maddələri.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.